Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Dekabr 2025 14:01

Şəhid baş leytenant Fuad Əlizadənin anım mərasimi keçirildi

Naxçıvanda şəhid baş leytenant Fuad Nazim oğlu Əlizadənin anım mərasimi keçirildi. Mərasimdə Naxçıvan şəhər İcra Hakimiyyətinin əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, güc strukturlarının əməkdaşları, hərbi qulluqçular, şəhid ailələri və ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Çıxış edənlər baş leytenant Fuad Əlizadənin şücaətindən, keçdiyi döyüş yolundan, Vətənə olan məhəbbətindən bəhs etdilər. Bildirildi ki, Fuad Əlizadə 2015-ci ildə “leytenant” hərbi rütbəsi ilə "N" hərbi hissəsində xidmətə başlayıb. Xidmətinin ilk illərində peşəkar zabit kimi 2016-cı ilin Aprel döyüşlərində iştirak edərək, qarşıya qoyulan tapşırıqları uğurla icra edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlərdə komandiri olduğu bölmə ilə birlikdə fəal iştirak edib. Fuadın döyüş yoldaşları onun bir komandir kimi liderlik keyfiyyətlərinin yüksək olduğunu xatırlayaraq döyüşlər zamanı yaralansa da, digər yaralı döyüşçü yoldaşlarını atəş altından çıxarmağa çalışdığını qeyd etdilər. Təəssüf ki, Laçın istiqamətində gedən döyüşlərdə snayper atəşi ilə vurularaq şəhidlik zirvəsinə ucalıb.
Şəhidin valideynləri çıxış edərək övladlarının həm ailəsinə, həm də Vətəninə bağlılığından qürur duyduqlarını, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etdilər.
Qeyd edək ki, baş leytenant Fuad Əlizadə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Bəxtiyar ƏLİYEV

"Naxçıvan Şəhid Ailələri" 

İctimai Birliyinin mətbuat katibi