Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Dekabr 2025 13:59

Müəllim şair idi, döyüşlərdə şəhid oldu...

Şəhid-şair Nizami Aydın yeniyetməliyində Gəncənin Nizamisi idi. Böyüdü, ali təhsil aldı, riyaziyyat müəllimi oldu, Qubada Rük və Zıxır kənd məktəblərinin Nizami müəllimi oldu. Gəncəyə qayıtdı, müəllim işlədi.
Birinci Qarabağ müharibəsi başlayanda döyüşlərə getdi. Azərbaycan Ordusunun əsgəri Nizami Salmanov kimi. O illərdə ədəbiyyatımızın, poeziyamızın Nizami Aydını idi. Nizami Aydın oğlu Salmanov... Tank komandiri idi.
1992-ci il iyunun 15-də Sırxavənd uğrunda gedən döyüşdə mühasirəyə düşmüş döyüşçülərimizi xilas etmək üçün tankını düşmənin səngərinə sürmüşdü, döyüşmüşdü, döyüşçülərimiz xilas olmuşdu. Ancaq Nizami yanan tankın içindən çıxa bilməmişdi...
Nizami Aydın şəhid oldu...
Şairin "Son dua" adlı şeirlər kitabı çap olunub. Nizami Aydının adını Gəncədə 18 saylı tam orta məktəb də yaşadır...
Şəhid-şairin iki şeirini təqdim edirik. Tarixi Zəfərimizə şəhid-şairin ruhunun xeyir-duası kimi...


Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"

Ən gözəl torpaq

Çiçəkdən də yaxın,
otdan da yaxın
torpaqdır adama…
dünyanın şipşirin suları,
tərtəmiz göyləri
oxşayır, qardaşım,
oxşayır anama…

Ana torpağından götürülür
dünyanın ən gözəl torpağı.
Ana torpağından da gözəl
Bir nəysə gəlməz yadıma,
dəyməz gözümə.

İstərəm öləndə də
Ən gözəl torpaq kimi
Anamın saçları
tökülsün üzümə…

Qanıma susayan…

Ta qəm çökmüş baxışların
çəkdiyim aha dönməmiş,
ta həsrətin çözülməmiş -
ta əllərim üzülməmiş -
Yeksan olmuş küləyiylə,
şəhid olmuş buluduyla
bu eşq qanıma susadı…

Ahım kimi çəkilən qız,
qanım kimi tökülən qız,
Öldüyüm gün
Gözlərim tək yumulan qız,
Üz-gözümə kəfən kimi çəkilən qız,
torpaq kimi, dua kimi
üz-gözümə tökülən qız,
ta ruhumu pıçıltına,
ta canımı son ağına tapşırmamış…
Eşqin məni
üzü qara, qolu bağlı
gətirdi dərd qapısına…
Dərdim məni
bir qul sanıb
saldı eşqin ayağına…

… təkcə bizi qanlı görüb
Ümidimiz
Eşqimizdən göz yaşı tək üzülməmiş,
bu dünyanın üzümüzü dərd tanıtmış
qapıları bağlanmamış,
kəndirimiz kəsilməmiş, -
təkcə yaşaran gözüylə,
təkcə dən düşmüş saçıyla
bu dərd girdi qanımızın arasına.