Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Dekabr 2025 13:55

“Hərbi xidmət vətənpərvərlik məktəbidir”

Hərbi xidmət haqqında ilk söhbətlər ailədə olur, sonra orta məktəbdə. Oğlanların gələcəyi ilə bağlı fikirlər səsləndiriləndə həm də böyük sevgilərlə "...böyüyəcək, hərbi xidmətə yollanacaq..." da deyilir. Qəlbində ucalan bu sevgi, yaşadılan bu niyyət uşağı məktəbə uğurlayır, sonra yeniyetməliyə... Məktəbdə müəllimlərinin söhbətləri onun düşüncələrini də genişləndirir, dünyagörüşünü də... Çağırışçı gəncliyinə Vətənə ad olan niyyətlərlə çatır. Bu niyyətlərin ən ülvisi, ən müqəddəsi Vətənə xidmətdir...
Vətənə xidmətin başlanğıcı kimi sonu da tarix olur. Çağırışçı hərbi xidmətə başlayır (valideynlərinin də, müəllimlərinin də niyyəti gerçəkləşir), əsgərin hərbi xidməti başa çatır, vətəndaş kimi formalaşır. Hərbi xidmətdən tərxis edilən əsgərlərin düşüncələrində azərbaycançılıq işığı olur, milli-mənəvi dəyərlərimizə sədaqət olur. Həm də bir ürək tutumunca qürur, mənəvi yüksəliş və kövrək duyğular olur:
Əsgər Ağaxan Zeynalov:
- Gəncədə anadan olmuşam, orada təhsil almışam. Sonuncu sinifdə oxuyanda hərbi xidmətdən tərxis edilmiş qonşularımızla söhbətləşməyə çox maraqlı idim. Bu söhbətləri təhsilimin davamı bilirdim. Vətəni biz də sevirdik, hərbi xidmətdən tərxis edilmiş qonşularımızın söhbətləri, hərbi xidmət təəssüratları bizim bu sevgimizi mətinləşdirirdi. Onda nə vaxtsa eşitdiyim bir deyim mənim də, sinif yoldaşlarımın da düşüncələrinə bir işıq olmuşdu: “Vətəni sevmək azdır, onu qorumaq gərək”.
Biz də Vətənə xidmətə gəldik, Hərbi And içdik. Hərbi Anda Vətənə sədaqət andı deyirlər. Bu, həqiqətən də, belədir. Mənə elə gəlir ki, Hərbi And həm də vətəndaşlıq andıdır. Biz də digər əsgərlərimiz kimi bu anda sadiq qaldıq, həmişə sadiq qalacağıq...
Hərbi xidmətdə hərbi biliklər öyrəndik, öyrəndiklərimiz hərbi təlimlərdə möhkəmləndi, təkmilləşdi. Hərbi xidmət əvvəl əsgərdə özünə inamı gücləndirir. Bizim də hərbi xidmətimiz bu inamla keçdi...
İctimai-siyasi dərslərin birində qrup rəhbərimiz İkinci Qarabağ müharibəsindən danışırdı. Müharibənin başlanma səbəbləri, döyüşlər, qəhrəmanlıqlar haqqında eşitdiklərimiz bizi hərbçi-vətəndaş kimi qürurlandırırdı. Qrup rəhbəri bu müharibənin ədalətli müharibə olduğunu da bildirdi. Güclü ordumuzun tarixi Zəfərini həmin dərsdə nəfəs-nəfəsə yaşadıq. Xidmətə başlayanda Hərbi And içmişdik, həmin gün dərsdən sonra əsgərlərimizdən birinin təklif etdiyi fikri də and bildik: şanlı Zəfəri biz də məsuliyyətlə yaşadacağıq.
Etiraf edirəm ki, həmin gün yaşımızın azlığına görə bir daha təəssüfləndik. Qrup rəhbərimiz bizə bildirdi ki, yaşadığınız bu təəssüfü nümunəvi xidmətiniz unutduracaq. Sizin bu təəssüfünüz də vətənpərvərlikdir. Biz belə xidmət etdik...
Hərbi xidmət məni də vətənpərvər gənc kimi formalaşdırdı. Əsgər yoldaşlarımızdan biri türk şairi Orxan Şaiq Gökyayın "Bu Vətən kimindir?" şeirini demişdi. Bu suala hamımız "Vətən Vətəni nəfəsi bilənlərindir!" demişdik... Başqa cavablar da ola bilər, var. Biz belə düşündük və xidmət müddətində nəfəsimiz bildiyimiz Vətənin keşiyində məsuliyyətlə, əsgəri sədaqətlə dayandıq.
Mən də Vətən üçün yaşamağın nə olduğunu xidmət edə-edə daha dərindən öyrəndim. Bir daha əmin oldum ki, Vətənə xidmət hərbi xidmətlə tamamlanmır. Fikrimizi komandirimiz də bəyəndi: "Yaxşı xidmət etdin, Zeynalov, gözəl düşüncələrlə də tərxis olunursan..." - dedi. Qürurlandım...
Hərbi xidmət əsgərin xarakterinin də, düşüncələrinin də, milli-mənəvi dərkinin də komandiri, komandir əsgərin vətəndaş kimi formalaşması prosesinin müəllimi olur.
Əsgər Arzu Məmmədli:
- Hərbi xidmətə Ağstafa rayonundan çağırılmışam. Xidmətimin ilk vaxtlarında mənim də müəyyən çətinliklərim olurdu. Doğrudur, orta məktəbdə oxuyanda qismən də olsa hərb sahəsinin çətin və şərəfli olduğunu bizə demişdilər, ancaq xidmətdə sırada dönmələri yerinə yetirməyə çətinlik çəkirdim. Onda komandirimiz ad-soyad səsləndirmədən dedi ki, yoldaşınıza kömək edin. Əsgər yoldaşlarım asudə vaxtlarda mənə sıra təlimlərini təkrarlatdılar. Qısa müddətdə sırada dönmələri yerinə yetirməyi mən də mükəmməl öyrəndim. Komandirimiz demişkən, hərbi xidmət əsgərlərə yoldaşlıq, dostluq duyğularının fəlsəfəsini də aşılayır.
Bizim bölükdə bir əsgər vardı, gözəl şeirlər yazırdı. Onun şeirlərini maraqla dinləyirdik. Hərdən müəyyən şeirlər haqqında fikirlərimizi də bildirirdik. Asudə vaxtlarımızın əksəriyyəti şeirlə ötüşürdü. Belə şeirli saatlara hərdən komandirimiz də gəlirdi. Qürurlu baxışları üzümüzdən çəkilməzdi. Şeirlərini bəyəndiyi əsgər yoldaşımızla qürurlanardı, şeirə sevgimizə görə bizimlə. Hərbi xidmət bizim duyğularımızı da incəltdi, şeirə marağımızı da artırdı. Mən də bir daha əmin oldum ki, hərbi xidmət həm də pedaqoji prosesdir - öyrədir, aşılayır, təkmilləşdirir...
Biz xidmətə başlayanda tərxis edilən əsgərlərdən biri demişdi: "Biz xidmətdə əmin olduq ki, hərbi xidmət əsgərin mənəvi dünyasıdır. Bir-birini tanıya-tanıya, dostlaşa-dostlaşa, sevə-sevə əmin olacaqsınız ki, Vətəni əsgər dostlarını sevməkdən gözəl heç nə ola bilməz". Xidmətimizdə bu kəlmələrə də əmin olduq. Həm də unutmayacağıq.
Müxtəlif təlimlərdə iştirak etmişik. Hər biri bizim döyüş hazırlığımızın yüksəlməsini təmin edib. Hərbi hissənin döyüş hazırlığı bilavasitə əsgərin döyüş hazırlığından asılıdır. Ona görə də təcrübəli əsgərlər xidmətə təzə başlayanların da püxtələşməsində, bu və ya digər təlimi məharətlə yerinə yetirməsində köməyini əsirgəmirlər. Bu kömək həm də qarşılıqlı münasibətlərin möhkəmlənməsində əhəmiyyətli olur. Komandirimiz İkinci Qarabağ müharibəsinin bir döyüşündən danışmışdı: düşmənin atəşi altında yaralı döyüşçünü döyüşün içindən çıxartmaq istəyən döyüşçü ağır yaralansa da, sürünə-sürünə özünü ona yetirir. Əli əlinə çatanda ikisi də son nəfəsini çəkir, ikisi də şəhid olur. Əsgər dostunu ölümdən xilas etmək istəyi də, bu şəhidlik də Vətənə görə idi. Şəhidlərimizi hamı ehtiramla xatırlayır. Hərbi xidmət əsgərlərin ehtiramını Vətənə sevgisindən keçirir - əsgər şəhidlərə, şəhidliyə ehtiramı da Vətənə sevgi bilir. Bizə bu düşüncələri də hərbi xidmət verdi...
Əsgər Tural Əliyev:
- Uşaqlığım, yeniyetməliyim Göygöl rayonunda keçib. Hərbi xidmətə də oradan çağırılmışam.
Hərbi xidmət hamımızı doğmalaşdırdı. İlk vaxtlar əsgər yoldaşı kimi olan münasibətlərimiz sonradan dostluğa çevrildi. Hərbi xidməti bu dostluqla başa vurduq. Bir-birimizə mənəvi dəstək olmaqla, bilmədiklərimizi bir-birimizdən öyrənməklə... Hələ çağırışçı olduğum vaxtlarda xidmətdən tərxis edilmiş əsgərlərin söhbətlərindən eşitmişdim: "Əsgər əsgərin dostudur". Bu fikir hər birimizin düşüncələrində özünə yer tapmışdı.
Əsgər yoldaşlarımızdan birinin ovqatı xoşumuza gəlməmişdi. Nəyə görəsə qayğılı idi. Soruşduq, heç nə demədi. Onun sükutuna görə biz səssiz dayanmamağı qərara aldıq. Əsgərlərdən biri onunla ikilikdə könül söhbəti elədi. Öyrəndi ki, ailəsi ilə neçə gündür əlaqə saxlaya bilmir. Axırıncı dəfə əlaqə saxlayanda atasının xəstələndiyini öyrənib. Komandirə məlumat verdik, komandirimiz bu problemi operativ həll etdi. Az sonra dostumuzu gülərüz görəndə ondan da çox sevindik. Əmin olduq ki, hərbi xidmət əsgərlərin ürəklərini eyni mətləbə kökləməyə də qadirdir. O gündən sonra bölüyümüz əsgər qardaşları bölüyü kimi tanındı. Biz qürurlanırdıq, komandirimiz də bizimlə qürurlanırdı. Bu qürur hərbi hissəmizin qüruru idi...
Hərbi xidmətin ilk vaxtlarında fiziki baxımdan zəif olan əsgərlərimiz də vardı. Onun özü də bunun aradan qaldırılmasına çalışırdı, əsgər yoldaşları da. Asudə vaxtlarda yoldaşlarımızın köməyi ilə turnikdə, paralel qollarda məşqlər edir, dözümlülüyünü artırmaq üçün orta məsafələrə qaçır, digər müxtəlif çalışmaları təkrarlayırdı. Qısa müddətdən sonra o da fiziki baxımdan formalaşdı. Hərbi xidmət əsgərin sağlamlığını da formalaşdırmağa qadirdir. Bunun nəticəsidir ki, ordumuz qüdrətlidir.
Hərdən mən də düşünürəm: Hərbi xidmət mənə nə verdi? Əslində, sualı özümə ünvanlayanda belə cavablandırıram: Hərbi xidmət əsgəri əsl vətəndaş kimi formalaşdırır, hər əsgər sevdiyi Vətəni daha böyük sevgilərlə sevir, əmin olur ki, vətəndaşın Vətənə borcu hərbi xidmətlə tamamlanmır, hərbi xidmət əsgərə Vətənə həmişə xidmət etməli olduğunu öyrədir, harada işləyirsə, məsuliyyətlə işləməyin gərəkliyini öyrədir. Biz hərbi xidmətdən tərxis edilirik. Hərbi xidmətdən sonra da əsgəri məsuliyyətlə işləyəcəyik. Hərbi xidmət bizə həm də Vətənin işığında sağlam düşüncə aşıladı...
Əsgər Hüseyn Rzaquliyev:
- Əsgərlərin hamısı üçün doğum yeri birdir: Azərbaycan. Dövlətçiliyimizi, dövlətimizin sərhədlərini qorumaq hər bir əsgərin vətəndaşlıq borcudur. Bu borcun müqəddəsliyini hər birimiz orta məktəbdə oxuyanda dərk etmişdik. Müəllimlərimizin söhbətləri bizim də düşüncələrimizdə yaranmış müqəddəslik dünyasını milli özünüdərklə formalaşdırmışdı. Biz hərbi xidmətə bu düşüncələrlə gəlmişdik.
Hərbi xidmətin ilk günləri hər bir əsgər üçün müəyyən qədər ləng ötüşür - xidmət yoldaşlarını tanımırsan, tanıdıqlarının xarakterinə hələ tam bələd deyilsən, hərbi bacarıqları mərhələlərlə öyrənirsən, buna görə təlimlərdə bəzən yanlışlıqlara da yol verirsən. Bunlar xidmət dövründə öz axarına düşür. Əsgər yoldaşlarınla qarşılıqlı anlaşma ilə, qarşılıqlı ehtiramla, qarşılıqlı kömək göstərməklə... Bunları hərbi xidmət nizamlayır. Çox keçmir ki, sən də hərbi bilikləri mənimsəmiş, bacarıqlı əsgər olursan. Bacarıqlı əsgər həm də nümunəvi əsgər olur...
Hərbi xidmət hər əsgər üçün vətəndaş kimi formalaşma müddətidir. Biz də bilirik ki, bu müddət Vətən üçün yaşanılmalıdır. Orta məktəbdə yoldaşlarımızdan biri müəllimimizdən soruşmuşdu ki, əsl vətəndaş kimə deyirlər? Müəllimimizin cavabını unutmamışam, heç zaman unutmayacam da: "Ömrünü Vətən üçün yaşayanlara". Hərbi xidmətdə söz düşəndə müəllimimizdən eşitdiklərimi əsgər yoldaşlarıma da danışdım. Müəllimimizin bu fikrini onlar da bəyəndilər.
Biz də məsuliyyətlə xidmət edirik, biz də əsgər dostluğunu mənəvi zənginlik bilmişik, biz də hərbi bilikləri öyrənə-öyrənə, öyrəndiklərimizi təlimlərdə təkmilləşdirə-təkmilləşdirə döyüş hazırlığımızı yüksəltdik, nümunəvi xidmət etdik. İndi tərxis olunuruq. Bir vaxtlar müəllimlərimizi əmin etmişdik ki, xidmətimizlə onlara da, valideynlərimizə də qürur yaşadacağıq. Eyni fikirləri komandirlərimizə deyirik: tərxis edildikdən sonra onlara qürur yaşadacağıq.
Hərbi xidmət hər bir gəncin müəyyən edilmiş müddətdə Vətənə xidməti deməkdir. Hərbi xidmətin mahiyyəti Vətən deməkdir. Siz Vətən əsgərlərisiniz, Vətənin layiqli vətəndaşları olacaqsınız!..
Hərbi xidmət bu dialektikanın, bu fəlsəfənin zaman düsturudur!
Tərxis edilən əsgərlərin düşüncələri də təsdiqləyir ki, hərbi xidmət həm də vətənpərvərlik məktəbidir...


Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"