Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Dekabr 2025 13:52

“Müqəddəs Georgi” ordeninə layiq görülən ilk azərbaycanlı - general-mayor İsmayıl bəy Qutqaşınlı

İsmayıl bəy Nəsrullah Sultan oğlu Qutqaşınlı 27 yanvar 1806-cı ildə Şamaxı qəzasının Qutqaşın mahalında (indiki Qəbələ rayonu) anadan olub.
Atası Nəsrullah Sultan Qutqaşın mahalının son sultanı olub. Azərbaycan Rusiya imperiyası tərəfindən işğal edildikdən sonra həmin mahalın başçısı təyin edilib.
O, dörd il Peterburqdakı kadet məktəbində oxuyub. 1822-ci ildə bu məktəbi bitirib, həmin ildə Rusiya ordusunda Əlahiddə Qafqaz Korpusu tərkibindəki Gürcüstan Qrenadyor Alayında sıravi əsgər kimi hərbi xidmətə başlayıb.
İsmayıl bəy 17 avqust 1822-ci ildə "podpraporşik", 27 avqust 1824-cü ildə isə "praporşik" rütbəsi alıb.
İsmayıl bəy Qutqaşınlı Rusiya-İran (1826-1828) və Rusiya-Türkiyə (1827-1829) müharibələrində iştirak edib. Döyüşlərdə fərqləndiyinə görə müxtəlif mükafatlara layiq görülüb. O, 13 sentyabr 1826-cı ildə Yelizavetpol döyüşündə iştirak edib. Döyüşdə fərqlənməyə görə 28 yanvar 1827-ci ildə "podporuçik" rütbəsinə yüksəlib. 1827-ci ilin iyulunda Abbasabad qalasının, həmin ilin sentyabrında isə Sərdarabad qalasının, 1827-ci ilin 24 sentyabr-1 oktyabr tarixlərində isə İrəvanın mühasirəsində və ələ keçirilməsində iştirak edib.
Rusiya-Türkiyə müharibəsi zamanı o, 14 iyun 1829-cu ildə Hakkı Paşanın ordusunun, 19 iyunda Ərzurum Serasekirinin əsas qüvvələrinin məğlub edilməsində, 23 iyunda Həsənqala qalasının ələ keçirilməsində və 24-27 iyun 1829-cu il tarixlərində Ərzurumun ələ keçirilməsində iştirak edib. Əla xidmətlərinə görə o, 24 aprel 1829-cu ildə "poruçik" rütbəsinə yüksəldilib.
Müharibələr qurtardıqdan sonra o, hərbi xidmətini davam etdirib, hərbi işi daha dərindən öyrənib.
İsmayıl bəy Qutqaşınlı 20 noyabr 1829-cu ildə general N.P.Pankratyevin adyutantı təyin edilib. 6 yanvar 1831-ci ildə əvvəlki vəzifəsində qalaraq Əlahəzrət İmperatorun əmri ilə eyni rütbə ilə Pavlovski Alayına köçürülüb.
7 oktyabr 1831-ci ildə "Dağlılara qarşı döyüşlərdə fərqləndiyinə görə" üzərində "İgidliyə görə" yazısı olan qızıl qılıncla təltif edilib. 1835-1836-cı illərdə Varşavada Zaqafqaziya Müsəlman Süvari Alayında xidmət edib. 6 dekabr 1835-ci ildə "ştabs-kapitan" rütbəsinə yüksəlib. 1836-cı ildə o, xüsusi tapşırıqlar üçün Əlahiddə Qafqaz Korpusunun xüsusi tapşırıqlar üzrə komandiri təyin edilib. 1837-ci il iyunun 28-dən sentyabrın 30-dək o, müvəqqəti olaraq Qaraqaytaq əyalətinə rəhbərlik edib.
30 sentyabr 1838-ci ildə xidmətdə fərqləndiyinə görə "kapitan", 31 mart 1839-cu ildə "podpolkovnik", 2 may 1841-ci ildən isə "polkovnik" rütbəsinə yüksəlib.
1848-ci ildən Şamaxı Quberniyasının "Bəylərin Torpaq Hüquqları üzrə Komissiyası"nın üzvü olub. Komissiyaya yuxarı müsəlman təbəqəsinin torpaq və şəxsi hüquqlarını müəyyən etmək tapşırılıb. İsmayıl bəy, həmçinin Azərbaycanın iqtisadi inkişaf perspektivləri ilə maraqlanıb, "Bölgədə ipəkçiliyin inkişafı haqqında" qeyd hazırlayıb və öz mülkündə yeni istehsal formaları tətbiq etməyə çalışıb. 1850-ci ildə o, Qafqaz Əkinçilik Cəmiyyətinin, daha sonra isə Qafqazda ilk elmi müəssisə olan Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinin həqiqi üzvü seçilib.
6 dekabr 1850-ci ildə Əlahiddə Qafqaz Korpusunda süvari qoşunlarına komandanlıq etməklə "general-mayor" rütbəsinə yüksəlib.
1 mart 1852-ci ildə o, ən yüksək əmrlə Məkkəni və Məhəmməd peyğəmbərin (s.a.v) məqbərəsini ziyarət etmək üçün bir il yarım müddətinə Ərəbistana (Həcc ziyarətinə) xarici məzuniyyətə göndərilib.
İsmayıl bəy Qutqaşınlı döyüşlərdə göstərdiyi şücaətlərə və hərbi xidməti zamanı fərqləndiyinə görə 4-cü dərəcəli "Müqəddəs Anna" (1828), 2-ci dərəcəli "Şire-Xurşid" (1828), 3-cü dərəcəli "Müqəddəs Anna" (1830), 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni (1831), "İgidliyə görə" yazısı olan qızıl qılınc (1832), 3-cü dərəcəli "Müqəddəs Stanislav" (1832), 2-ci dərəcəli "Müqəddəs Anna" (İmperator Tacı ilə) (1839), 4-cü dərəcəli "Müqəddəs Georgi" (4 dekabr 1843), 3-cü dərəcəli "Müqəddəs Vladimir" (1844) ordeni və müxtəlif qiymətli hədiyyələrlə təltif olunub.
O, istefaya çıxdıqdan sonra Vətənə qayıdaraq, Qutqaşında və Şamaxıda yaşayıb, orada dərs deyib.
İsmayıl bəy Qutqaşınlı uşaqlıq və gənclik illərində dini təhsil alıb, ərəb, fars dillərini öyrənib, klassik Azərbaycan və Şərq ədəbiyyatı ilə yaxından tanış olub. Hərbi xidmət illərində o, bir sıra mütərəqqi rus ziyalıları ilə dostluq əlaqəsi yaradıb, rus və Qərbi Avropa mədəniyyətlərinin nailiyyətlərinə yiyələnib, dövrünün ən savadlı Azərbaycan ziyalılarından biri olub. Eyni zamanda, o, Azərbaycanın böyük maarifçi alimləri - Mirzə Fətəli Axundov, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov və başqaları ilə yaxından dostluq edib. İsmayıl bəy Qutqaşınlı 1852-ci ildə xanımı ilə Yaxın Şərq ölkələrinə səyahət edib.
İsmayıl bəy Qutqaşınlı həm də Azərbaycan ədəbiyyatına müasir nəsr, hekayə janrını gətirən yazıçıdır. Varşavada Zaqafqaziya Müsəlman Süvari Alayında xidmət edərkən o, 1835-ci ildə fransız dilində yazdığı, şah əsəri sayılan "Rəşid bəy və Səadət xanım" hekayəsini çap etdirib. Azərbaycan folklorunun, xüsusən də dastanların və rus sentimentalizminin təsiri ilə, romantik sevgi mövzusunda Avropa üslubunda yazılan ilk Azərbaycan bədii əsəri olub. Bu kitab həm də bir azərbaycanlı tərəfindən Qərbi Avropa dilində nəşr olunan ilk kitab, eyni zamanda, Qərbi Avropa ədəbiyyatının tipik ənənələrində yazılmış ilk Azərbaycan romanı (və ya qısa hekayəsi) idi. 
Bəzi mənbələrə görə, İ.Qutqaşınlının "Tutu" adlı əsəri də olub. Ancaq bu əsər itirilmiş və günümüzə gəlib çatmamışdır. Bundan başqa o, "Miskin" təxəllüsü ilə şeirlər də yazıb. Təəssüf ki, onun əlyazmaları 1930-cu illərdə repressiya dövründə məhv edildiyindən bu günədək gəlib çatmayıb. Ancaq ona aid olması iddia edilən və 1973-cü ildə aşkarlanan, 1999-cu il aprelin 22-də Qəbələdə "Qəbələ" qəzetində nəşr edilən "İki quşun söhbəti" adlı şeir də var.
Böyük ədib iki dəfə müqəddəs Həcc ziyarətində olub. Bu səyahəti ilə əlaqədar 1967-ci ildə çap olunan "Səfərnamə" adlı yol qeydlərini yazıb. Əsər Qutqaşınlının getdiyi yolun coğrafiyasının öyrənilməsində böyük əhəmiyyət daşıyır. Hazırda bu əsərin cəmi 126 səhifəsi tapılıb. 
İsmayıl bəy istefaya çıxdıqdan sonra Azərbaycan xalqının maariflənməsində və milli təfəkkürün oyanmasında aktiv fəaliyyətə başlayıb. Sözsüz ki, bu da çar hökumətinin maraqlarına cavab vermirdi. Ona görə də Qutqaşınlını tezliklə aradan götürmək üçün planlar hazırlanıb. Ehtimal olunur ki, 1854-cü ilin aprelində ona ünvanlanmış, Anadolu ordusunun baş komandanı Mustafa Zərif Paşadan Azərbaycan və Dağıstanda üsyanlar təşkil etməyə çağıran məktub erməni M.T.Loris-Məlikovun əlinə keçib. Nəticədə 1855-ci ildən İ.Qutqaşınlı nəzarətə götürülüb. 14 avqust 1861-ci ildə Ağdaş mahalında karvansarada yemək yeyərkən ruslar tərəfindən ermənilərin əli ilə qidasına zəhər qatılmaqla İ.Qutqaşınlının və həyat yoldaşı Tutu Bikə xanımın həyatına son qoyulub. Onlar Qəbələdəki Soltanbaba qəbiristanlığında dəfn ediliblər.
Onun adı Azərbaycan xalqının qəlbində daim yaşayır. Qəbələ şəhərinin mərkəzi küçələrindən birinə İsmayıl bəy Qutqaşınlının adı verilib. Eyni zamanda, Qəbələdə ədibin heykəli ucaldılıb, xatirə-ev muzeyi yaradılıb. Bakının Yasamal rayonundakı mərkəzi küçələrindən birinə də Qutqaşınlının adı verilib.

"Azərbaycan Ordusu"