Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Dekabr 2025 13:49

Dövlətçiliyimizin memarı, xalqımızın xilaskarı

Azərbaycan xalqının tarixində silinməz izlər qoyan, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində müstəsna xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyev hər bir azərbaycanlının qəlbində əbədi yaşayır.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. Onun uşaqlıq dövrü olduqca maraqlı və yaddaqalan olub. Zəhmətkeşliyi, intizamı və məqsədyönlü xarakteri ilə yaşıdlarından həmişə fərqlənib, müəllimlərinə özünü ciddi, məsuliyyətli şagird kimi sevdirib. Çalışqanlığı və oxumağa olan böyük marağı ilə həm siyasətçi, həm dövlət xadimi, həm də xalqının parlaq sabahı naminə çalışan, ölkəni ağır sınaqlardan çıxarmağı bacaran xilaskar lider kimi tanınıb.
Ulu Öndər Heydər Əliyev 1939-cu ildə Azərbaycan Sənaye İnstitutunun “Memarlıq” fakültəsinə (indiki Azərbaycan Neft və Sənaye Universiteti) daxil olub. Lakin İkinci Dünya müharibəsinin başlamasına görə təhsilini başa çatdıra bilməyib. 1944-cü ildən dövlət təhlükəsizlik orqanlarında məsul vəzifələrdə çalışıb. 1967-ci ildə “general-mayor” rütbəsi alaraq Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin olunub. Bu yüksəliş Ulu Öndərin siyasi fəaliyyətində ciddi dönüş nöqtəsi idi.
1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarında çalışan Ümummilli Lider Heydər Əliyev bu sahədə öz peşəkarlığı və vətənpərvərliyi ilə fərqlənib, xalqına və dövlətinə bağlılığı ilə nümunəvi bir şəxsiyyət olub. Ulu Öndərin dövlətçilik fəlsəfəsi xalqın iradəsinə əsaslanan müasir, dünyəvi və hüquqi dövlət qurmaq prinsiplərinə söykənirdi.
Dahi rəhbərin siyasi fəaliyyəti 1969-cu ildə Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi vaxtdan başlayıb. Həmin dövrdə onun rəhbərliyi ilə ölkədə sosial-iqtisadi və mədəni inkişafın əsası qoyuldu, həyata keçirilən genişmiqyaslı islahatlar sayəsində Azərbaycan keçmiş SSRİ-də ən öndə gedən respublikalardan birinə çevrildi. Məhz Ümummilli Liderin rəhbərliyi ilə respublikada bir çox sosial, iqtisadi, elm, təhsil və mədəniyyət sahəsində irəliləyişlər baş verdi. Belə ki, respublikamızın kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər qazanıldı, sənaye müəssisələri genişləndirildi.
Ulu Öndər 1982-ci ilin dekabrında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. SSRİ rəhbərliyində çalışdığı dönəmlərdə də xalqımızın dahi oğlu Vətənini unutmur, onun inkişafı naminə böyük dəstəyini, köməyini əsirgəmirdi, ürəyi hər zaman doğma Azərbaycanla döyünürdü.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının xalqımıza qarşı törətdiyi 20 Yanvar faciəsinə biganə qalmayan Ulu Öndər Azərbaycanın Moskvadakı nümayəndəliyində bu qanlı faciəyə öz etirazını sərt şəkildə bildirmişdi. Xalqımızın başına gətirilən müsibətlərə səssiz qalmayan Dahi Lider 1990-cı il iyulun 22-də doğulub boya-başa çatdığı Naxçıvan Muxtar Respublikasına qayıdır. O illərdə Naxçıvan ağır blokada şəraitində idi. Həm iqtisadi çətinlik, həm də siyasi gərginlik getdikcə daha da alovlanırdı. Dahi şəxsiyyət Heydər Əliyev qısa zaman ərzində bu gərginliyi aradan qaldırdı və sabitliyi bərpa etdi.
Azərbaycanın gələcəyini milli maraqlar əsasında qurmaq, ölkəni təhlükəsizlik və inkişaf yoluna çıxarmaq Ulu Öndərin əsas fəaliyyət prinsipi idi. Ümummilli Liderin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan sabit və güclü dövlət kimi formalaşdı.
Dahi rəhbərin əsas prinsiplərindən biri ölkədə sabitliyi və təhlükəsizliyi bərpa etmək idi. Məhz Ulu Öndərin müdrik və uzaqgörən siyasəti nəticəsində daxili sabitlik bərqərar olundu və ordu quruculuğu prosesinə başlanıldı. Əbədiyaşar Komandan güclü ordunun, müstəqil dövlətin əsas dayağı olduğunu yaxşı bilirdi.
1993-cü ildə Azərbaycanda ciddi siyasi böhran yaşanırdı. Demək olar ki, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Bu dövrdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Azərbaycanı hərc-mərclikdən, xaosdan, dağılmaq təhlükəsindən xilas etdi. Azərbaycan xalqını canı qədər sevən Ulu Öndər Heydər Əliyev müstəqil dövlətin möhkəmlənməsi üçün zəruri islahatlar apardı və bununla da dövlətçiliyin əsasları qoyuldu.
Ümummilli Lider Heydər Əliyev təhsil sahəsində də bir sıra islahatlar apardı. Belə ki, Ulu Öndərin təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil aldı. O, gəncləri Azərbaycanın sabahı kimi qiymətləndirirdi: "Gənclər bizim gələcəyimizdir" şüarı onun siyasətində əsas yeri tuturdu.
Ümummilli Lider Heydər Əliyevin dövründə hərbi təhsil sistemi yenidən təkmilləşdirildi, zabit heyətinin hazırlığı yüksək səviyyədə təşkil olundu. Belə ki, ordu xalqın etibar etdiyi ən güclü qüvvəyə çevrildi. Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir. Məhz bu siyasətin, milli inkişaf strategiyasının nəticəsidir ki, 2020-ci ilin noyabrında şanlı Azərbaycan Ordusu düşmən üzərində tarixi Zəfər qazandı.
Dahi Lider Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması üçün müxtəlif layihələr həyata keçirdi. Onun daxili və xarici siyasəti nəticəsində ölkəmiz bir sıra beynəlxalq təşkilatlara üzv oldu, mühüm iqtisadi və siyasi əlaqələr quruldu. Neft strategiyası ilə ölkəyə böyük sərmayələr qoyuldu və beləliklə, "Əsrin müqaviləsi" imzalandı və Azərbaycan iqtisadiyyatı gücləndi. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın sabitlik və inkişaf yolunda irəliləməsi üçün uzaqgörən siyasət yürüdərək, xalqı və dövləti birləşdirdi.
Dahi şəxsiyyət Heydər Əliyev xalqımızın yaddaşında həm böyük siyasətçi, həm də onun fədakar oğlu kimi yaşayır. Ümummilli Liderin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamı dahi rəhbərin Azərbaycan xalqına necə bağlı olduğunun bariz nümunəsidir.
Dünya şöhrətli siyasətçi Heydər Əliyev müdrik dövlət başçısı olmaqla yanaşı, həm də jurnalistlərin yaxın dostu idi. Sözə, qələmə, jurnalist peşəsinə həmişə dəyər verən Ulu Öndər jurnalistlərin cəmiyyətin inkişafında oynadığı əvəzsiz rolu həmişə yüksək qiymətləndirib. O, dəfələrlə mətbuat nümayəndələri ilə görüşlərində qeyd edirdi: "Azad və obyektiv mətbuat cəmiyyətin inkişafının təməl şərtlərindən biridir".
Xalqımızın xilaskar oğlu Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan mətbuatında yeni mərhələ başlandı. Onun təşəbbüsü və göstərişi ilə mətbuatın inkişafı üçün geniş imkanlar yarandı. Belə ki, 1998-ci ildə mətbuat üzərindən senzuranın ləğv edilməsi qərarı onun jurnalistika sahəsinə verdiyi dəyərin ən əsas nümunələrindən biri oldu.
Ulu Öndər öz müsahibələrində həmişə jurnalistlərin cəmiyyətin güzgüsü olduğunu ön plana çəkirdi. Onun jurnalistikaya verdiyi dəyər və söz azadlığı üçün yaratdığı şərait Azərbaycan mətbuatının inkişafı üçün möhkəm təməl idi.
Dahi rəhbər Heydər Əliyevin siyasi irsi və dövlətçilik təcrübəsi bu gün də Azərbaycan üçün işıqlı bir yoldur. Onun müəyyən etdiyi inkişaf strategiyası hazırda Azərbaycan Respublikasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın hər bir uğuru, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq aləmdə nüfuzu məhz bu siyasətin nəticəsidir.
2020-ci ilin Vətən müharibəsi, 2023-cü ilin antiterror əməliyyatı və ölkə suverenliyinin tam bərpa olunması Heydər Əliyev siyasətinin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev liderliyinin tarixi qalibiyyətidir. Bu gün Azərbaycan Ordusunun yüksək texnoloji silahlanması, peşəkar kadr heyəti, qələbə ruhu və vətənpərvərlik ideologiyası ilə Heydər Əliyevin yaratdığı dövlətçilik məktəbinin əyani tərənnümüdür.
Azərbaycan tarixində Heydər Əliyev kimi böyük bir dövlət xadiminin olması, onun qurduğu müasir, güclü, suveren dövlətin möhkəm təməlləri üzərində inkişafı hər birimizi qürurlandırır. Onun əziz, unudulmaz xatirəsi xalqımız tərəfindən daim uca tutulur. Ulu Öndərin özündən sonra qoyub getdiyi irs həm bizim, həm də gələcək nəsillər üçün bir örnək, bir həyat məktəbidir.


Kifayət ƏLİYEVA

"Azərbaycan Ordusu"