Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Dekabr 2025 20:07

Naxçıvanda şəhidlərin anım mərasimləri keçirildi

Kəngərli rayonunda Vətən müharibəsi şəhidi Vüqar Rza oğlu Əsgərovun doğum günü münasibətilə anım tədbiri keçirildi.
Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Vətən uğrunda şəhid olan vətəndaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Çıxış edən Kəngərli rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Vüqar Əsgərovun şərəfli həyat yolundan, döyüşlərdə göstərdiyi igidlik və fədakarlıqdan danışdı. O vurğuladı ki, məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun gücü, şəhidlərimizin qanı və döyüşlərdə yaralananların şücaəti sayəsində bu gün Azərbaycan xalqı azad, suveren və qalib ölkənin vətəndaşı kimi qürurla yaşayır.
Tədbirdə iştirak edən şəhid atası Habil Cəfərov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi. O, Vətən uğrunda canını fəda edən oğullarımızın xatirəsinin əbədi olduğunu, hər birinin Azərbaycanın qürur mənbəyi kimi yaddaşlarda yaşayacağını diqqətə çatdırdı.
Digər çıxış edənlər şəhid ailələrinin fədakarlığından, Vətən uğrunda canından keçən igid Vətən oğullarının döyüş yolundan danışdılar.
Çıxışlardan sonra şəhid Vüqar Əsgərovun xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Tədbir Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı vətənpərvərlik ruhunda ədəbi-bədii kompozisiya ilə yekunlaşdı.

 

* * *


Şahbuz şəhərində 44 günlük Vətən müharibəsinin şəhidi baş leytenant İlkin Muradlının anım mərasimi keçirildi.
Tədbirdə Şahbuz rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və hərbçilər iştirak etdilər.
Mərasimdə qeyd olundu ki, İlkin Muradlı 27 sentyabr 1995-ci ildə Şahbuz şəhərində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və daha sonra indiki Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alıb. 2017-ci ildə leytenant rütbəsi ilə xidmətə başlayıb. Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksələn İlkin Muradlı ölümündən sonra "Vətən uğrunda", "Döyüşlərdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Sonda məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.

 

* * *


Babək şəhərində şəhid leytenant Şükür Bayram oğlu Hacıyevin anım günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndirildi.
Babək rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin peşəkarlığı ilə torpaqlarımız işğaldan azad olundu. O, şəhidlərimizin qanı və canı bahasına qazanılmış zəfərin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını vurğuladı.
Digər çıxış edənlər də Şükür Hacıyevin həyatı və döyüş yolundan söz açdılar. Bildirildi ki, Şükür Bayram oğlu Hacıyev 25 avqust 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək şəhərində anadan olub. 2005-ci ildə Babək şəhər tam orta məktəbin 1-ci sinfinə daxil olub, 8-ci sinfi bitirdikdən sonra Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2016-cı ildə Hərbi liseyi bitirdikdən sonra indiki Heydər Əliyev adına Hərbi İnstituta daxil olub. Azərbaycan Ordusunun leytenantı olan Şükür Hacıyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib. 12 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin anası Fatma Şükürova çıxış edərək tədbir iştirakçılarına göstərilən diqqətə görə minnətdarlığını bildirdi.


* * *


Şərur rayonunda şəhid leytenant Cavid Əşrəf oğlu Nuruyevin anım günü münasibətilə Şəhidlər xiyabanında tədbir keçirildi. Tədbirdə yerli hakimiyyət və dövlət orqanlarının əməkdaşları, hərbi qulluqçular, şəhid ailələri və ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Bildirildi ki, Cavid Nuruyev gənc yaşlarından Vətən sevgisi, mərdliyi və cəsarəti ilə seçilirdi. Xidmət dövründə o, güclü iradəsi, dəqiqliyi, intizamı və yüksək döyüş hazırlığı ilə komandirləri və silahdaşları tərəfindən daim hörmətlə qarşılanıb. Cavidin fədakarlığı, Vətənə sədaqəti, qarşıya qoyulan tapşırıqları uğurla icra etməsi onun hər kəsin yaddaşında igid, nümunəvi zabit kimi qalmasına səbəb olub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

 

* * *


İkinci Qarabağ müharibəsində savaşaraq igidlik nümayiş etdirənlər arasında Sədərək rayonundan olan igidlərimiz də az deyil. Onlardan biri də şəhid leytenant Ərtoğrul Hümbət oğlu Nadirlidir.
Şəhidin anım günü münasibətilə Sədərək rayon Şəhidlər xiyabanında tədbir keçirildi.
Tədbirdə çıxış edən rayonun icra başçısı Naim Cahidzadə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün şəhidlərin xalqımızın qəlbində əbədi yaşayacağını bildirdi.
Digər çıxış edənlər isə qeyd etdilər ki, Ərtoğrul 31 mart 1997-ci ildə Sədərək rayonunun Qaraağac kəndində anadan olub. 2012-ci ildə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə daxil olub, 2015-ci ildə oranı əla qiymətlərlə bitirib. Daha sonra indiki Heydər Əliyev adına Hərbi İnstituta daxil olub. 2019-cu ildə buranı bitirərək “leytenant” rütbəsi ilə bölgələrimizin birində xidmətə başlayıb. 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində iştirak edən Ərtoğrul oktyabrın 2-də Murovdağda düşmən snayperindən açılan atəş nəticəsində şəhid olub. 52 gün sonra nəşi tapılan şəhid Ərtoğrul Nadirli 26 noyabrda Sədərək rayonunun Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin atası Hümbət Nadirli çıxış edərək oğlunun uşaqlıq illərindən, Vətənə bağlılığından və hərbçi olmaq arzusundan danışdı. Bildirdi ki, Ərtoğrul daim elmə, intizama və Vətən sevgisinə önəm verən, məqsədinə doğru qətiyyətlə irəliləyən bir gənc olub. Şəhid atası onlara göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə, eləcə də tədbirin təşkilatçılarına dərin minnətdarlığını ifadə etdi, oğlunun xatirəsini əziz tutan hər kəsə təşəkkürünü bildirdi.

Bəxtiyar ƏLİYEV

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi