AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hərbi hissələrdə günün nizam qaydalarına ciddi əməl olunduğu hər kəsə yaxşı məlumdur. Səhər "Qalx!" komandasından axşam "Yat!" komandasına qədər olan vaxtı əsgərlərin sağlamlığı, təmizliyi, təlim-tərbiyəsi və başqa istiqamətlər üzrə bölüşdürülüb. Şəxsi heyətin birbaşa komandir heyəti və növbətçilər günün nizam qaydalarına əməl olunmasına bilavasitə cavabdeh şəxslərdirlər. Bölmələrdə əsgərlər şəxsi gigiyena qaydalarına da ciddi yanaşırlar. Hər bir əsgərin sağlamlığını həm də onun təmizliyində görürlər. Əlbəttə, təmizlik ən öndə duran məsələdir. Əsgərin üst-başı daim təmiz olmalıdır. Yataq yeri, çarpayısı da həmçinin. Bir çox hallarda əsgərlər fiziki məşğələlərdən, taktiki təlimlərdən qayıdanda onların fərdi təmizliyinə də birbaşa komandirlər nəzarət edirlər. Əgər bu cür vaxtlı-vaxtında nəzarət olunmasa, bölmədə nizam-intizamdan, yüksək döyüş hazırlığından danışmağa dəyməz.
Həmsöhbətim baş leytenant İslam Mustafayev dedi:
- Təcrübə göstərir ki, əsgərlər eyni vaxtda eyni tapşırıqları yerinə yetirməlidirlər. Belə olmasa, pərakəndə şəkildə görülən işin keyfiyyəti olmayacaq. Ona görə də əsgərlərə həm şəxsi gigiyenaya, həm səhər idmanına, həm də ümumi (ərazini, kazarmanı) təmizliyə vaxt ayrılır. Həmin müddət ərzində tələb olunan işlər başa çatdırılmalıdır.
"Əsgərlərin məşğələlərlə yanaşı, taktiki, çöl təlimləri də olur. Onlar taktiki təlimin tələbindən asılı olaraq bəzən də günlərlə çöl-səhra şəraitində qalırlar. Əsgərlərin çöl şəraitində yaşamaqları üçün tərtib olunan nizam qaydaları var. Biz bu qaydaları əsgərlərə öyrədirik", - deyə İslam sözünə davam etdi:
- Biz əsgərlərdən yalnız intizam və xidmət tələb etmirik. Həm də onlara asudə vaxtlarının səmərəli keçirilməsini təşkil edirik. Əsgərlər arasında yaxşı idmançılar, rəssamlar, heykəltaraşlar, musiqiçilər, şairlər var. Onları fərdi bacarıqlarına görə ayırırıq. Əsgərlər burada da öz istedadlarını nümayiş etdirirlər.
Asudə vaxtın səmərəli təşkili üçün yarışlar təşkil edirik. Stolüstü idman oyunları, rəsm əsərləri, şeir müsabiqələri əsgərlərin marağına səbəb olur. Əsgərlər asudə vaxtında musiqiyə qulaq asmağı, rəqs etməyi də xoşlayırlar. Bunun üçün səs gücləndiricimiz var və milli oyun havaları ilə əsgərlər birlikdə rəqs edirlər. Bir sözlə, burada hərbi xidmətin hər anı səmərəli keçir.
Zabit İslam Mustafayevin sözlərinə görə əsgərlər üçün hər cür şərait yaratmağa çalışırlar. Təki onlar hərbi xidmət dövründə intizamlı, nəzəri və praktiki bilikləri dərindən mənimsəsinlər. Belə olduğu halda bölmələrin döyüş hazırlığı da, vətənpərvərlik ruhu da yüksək olur. Bütün hazırlıqlar qədər asudə vaxtın səmərəli təşkili də önəmlidir. Bu zaman əsgərin təlimdə, fiziki hazırlıqdakı yorğunluğu asudə vaxtında təşkil olunan yarışlarda, əyləncələrdə aradan qalxır, onun ruhu qidalanır, dincəlir. İnsan üçün fiziki gərginlikdən sonrakı istirahət çox önəmlidir. Asudə vaxtı da məhz bunun üçündür.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"