Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Dekabr 2025 20:07

Türkiyə Silahlı Qüvvələrində 30 il xidmət edən azərbaycanlı polkovnik Yunis Şəkərov (Xəzərli)

Yunis Məmməd bəy oğlu Şəkərov 1893-cü ildə Gəncədə anadan olub. Gəncədə yaşayan Şəkəroğulları nəslindən olan Yunis Şəkərovun atası Məmməd bəy, anası Gövhər xanım idi.
Yunis Şəkərov orta təhsilini bitirdikdən sonra Tiflisdəki hərbi məktəbə daxil olub. 1917-ci ildə hərbi məktəbi bitirib, Müsəlman Korpusunun piyada alayında taqım komandiri olaraq xidmətə göndərilib.
Müsəlman Korpusu Gəncəyə köçürüldükdən sonra 1918-ci ildə burada yaradılan Əlahiddə Azərbaycan Korpusunda xidmətini davam etdirib. Bir müddət Qafqaz İslam Ordusunun qərargahında poçt-teleqraf zabiti kimi xidmət edib. 1918-ci ilin iyununda 5-ci Qafqaz Diviziyasının 13-cü Piyada Alayının 1-ci bölüyünə taqım komandiri təyin olunub. Həmin ildə ona "poruçik" hərbi rütbəsi verilib.
Hərbi nazirin 24 dekabr 1918-ci il tarixli 26 nömrəli əmri ilə Qazax şəhərində dislokasiya edilmiş təlim piyada taboru komandirinin sərəncamına göndərilib. Təşkilati-ştat dəyişikliyi ilə əlaqədar olaraq Qazaxda dislokasiya edilmiş təlim piyada taboru 3-cü Gəncə piyada alayının tərkibinə 3-cü piyada taboru kimi daxil edilib. Onun xidmət yeri həmin alayda saxlanılıb. 1919-cu ildə ona növbəti "ştabs-kapitan" hərbi rütbəsi verilib. Hərbi nazirin 01 fevral 1920-ci il tarixli 62 nömrəli əmri ilə atıcı taborun komandiri vəzifəsinə təyin edilib. 
Göyçayın, Ucarın, Ağsunun, Şamaxının, Qobustanın və Bakının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 1920-ci ildə atıcı taborun komandiri kimi Zəngəzur döyüşlərinə qatılıb. Daha sonra Ağdam Mərkəz Komandanlığına təyin edilib.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bolşeviklərə qarşı 1920-ci ilin mayında baş qaldıran Gəncə üsyanında iştirak edib. Bir neçə gün Gəncənin müdafiəsində iştirak etdikdən sonra Qarabağa gedib və burada 1920-ci ilin iyununda Nuru Paşanın rəhbərliyi ilə baş tutan Qarabağ üsyanında iştirak edib. 
Yunis Şəkərov üsyan məğlub olduqdan sonra ölkəni tərk edərək İran yolu ilə 2 iyul 1920-ci ildə Ərzuruma gəlib. Türkiyəyə gəldikdən sonra digər azərbaycanlı silahdaşları ilə birlikdə Türkiyə İstiqlaliyyət Savaşında iştirak edib. Qarsın azad olunması uğrunda döyüşüb. 1200 nəfərlik Azərbaycan birliyinin tərkibindəki 56 nəfər zabitdən biri olub. 
Daha sonra Yunis Şəkərov Türkiyənin Gürcüstandakı səfirliyinə ezam olunub. Burada miralay Kazım Direkin tabeliyində bolşeviklərə qarşı təşkilatda fəaliyyət göstərib.
Türkiyə İstiqlaliyyət Savaşında göstərdiyi xidmətlərə görə "İstiqlal" medalı ilə təltif edilib. 
Müharibədən sonra Qars, Ankara və Konyada hərbi xidmətdə olub. Şeyx Səid, Hazo, Haco, Dersim, Çapakçur üsyanlarının yatırılmasında iştirak edib. 1930-cu ildə baş vermiş Ağrı üsyanının yatırılmasında 2-ci taborun 7-ci bölüyünün komandiri kimi iştirak edib.
1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilən "Soyad qanunu"ndan sonra özünə "Xəzərli" soyadını götürüb.
1935-ci ildə Göksun hərbi komissarlığında, 1941-ci ildə diviziya əsgəri dairəsi qərargahında xidmət edib. Bir müddət Kırşehir hərbi komissarı vəzifəsini icra edib. Daha sonra Hadimköy 32-ci Alay Komandanlığına təyin olunub. 1949-cu ildə Uşak, Muş şöbə və dairə başqanlığı, 1950-ci ildə isə Kurtalan Konak Komutanlığından "albay" (polkovnik) rütbəsi ilə taqaüdə çıxıb.
Azərbaycan Kültür Dərnəyinin fəaliyyətində iştirak edib. 25 may 1958-ci ildə İstanbulda dərnəyin illik qurultayı keçirilib. Seçkilər nəticəsində Yunis Xəzərli idarə heyətinə üzv seçilib.
1965-ci il aprelin 5-də İstanbulda dünyasını dəyişən Yunis Xəzərli hərbi təntənə ilə Əyyub Sultan (Eyüpsultan) məzarlığında dəfn edilib.
O, 1923-cü ildə Səadət xanımla ailə qurub. Bu evlilikdən Merfua, Oral, Baykal, Ümran adlı övladları dünyaya gəlib.

"Azərbaycan Ordusu"