AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılmasında və vətənpərvərlik ruhunun gücləndirilməsində keçirilən ictimai-siyasi hazırlıq məşğələlərinin rolu danılmazdır. Çünki Vətən müdafiəçisinin qələbə iradəsini qüvvətləndirən təkcə ona təhkim olunmuş silahı deyil, həm də qəlbində daşıdığı sonsuz Vətən sevgisi, tarixinə və kimliyinə olan dərin bağlılığıdır.
Bu məqsədlə bölmələrdə günün nizam qaydalarına uyğun keçirilən ictimai-siyasi hazırlıq dərsləri xüsusi əhəmiyyət kəsb edir. Bu dərslər sayəsində hərbi qulluqçularımız hərb tariximizi, qəhrəman sərkərdələrimizin döyüş yolunu, şanlı zəfərlərimizi, bu zəfərlərin qazanılması naminə şəhid olmuş silahdaşlarımızın döyüş yolunu öyrənirlər. Bütün bunlar onların mənəvi-psixoloji hazırlığını artırır, döyüş ruhunu möhkəmləndirir.
"N" hərbi hissəsində ideoloji otaqda məşğələ prosesini izləyərkən hər bir detala verilən diqqət göz oxşayırdı. Otaqda Azərbaycan dövlətinin rəmzləri, tarixi, Ümummilli Lider Heydər Əliyevin portreti və ordu quruculuğu sahəsində gördüyü işləri əks etdirən materiallar yer almışdı. Müzəffər Ali Baş Komandanın işğaldan azad olunmuş ərazilərə səfərini və əsgərlərlə görüşlərini, Vətən müharibəsi zamanı çəkilmiş unudulmaz kadrları əks etdirən fotostendlər isə otağın ab-havasına daha da rəng qatırdı. Bölmədə təbliğat və təşviqat işinin yüksək səviyyədə aparıldığı ilk baxışdan hiss olunurdu. İctimai-siyasi hazırlıq dərsi baş leytenant Yasin İsayevin rəhbərliyi altında keçirilirdi. Dərsə başlamazdan əvvəl zabit məşğələnin mövzusunu şəxsi heyətə çatdırdı. Dərsin gedişatını diqqətlə izlədik. Məşğələ rəhbərinin mövzunu səlis və əhatəli şəkildə izah etməsi, əsgərlərimizin mövzu ilə bağlı verilən sualları dərhal cavablandırması bizdə xoş əhvali-ruhiyyə yaratdı.
Baş leytenant Y.İsayev dərsi başa çatdırdıqdan sonra bildirdi ki, hərbi hissədə şəxsi heyətin vətənpərvərlik ruhunun yüksəldilməsinə xüsusi diqqət yetirilir. "Zabit olaraq ən ümdə vəzifəmiz əsgərlərimizin Vətəninə, xalqına, dövlətinə layiqli və bağlı fərdlər kimi formalaşmasında rol oynamaqdır. Azad edilmiş ərazilərdə xidmət edən əsgərlərimizin döyüş hazırlığı ilə bərabər, onların mənəvi-psixoloji vəziyyətinin də hər zaman yüksək səviyyədə saxlanılması komandanlıq tərəfindən qarşımıza qoyulan vacib məsələlərdəndir".
Dərs prosesi bitdikdən sonra şəxsi heyətin fikirlərini öyrənmək üçün onlarla həmsöhbət oldum. Əsgərlərimizin fikirləri onların keçirilən məşğələlərdən nə qədər faydalandığını bir daha göstərdi. Əsgər İlkin Vahabov bildirdi ki, hər bir hərbi qulluqçu öz xalqının tarixini dərindən bilməlidir. "Bu dərslər bizə həm tariximizi öyrədir, həm də döyüş əməliyyatlarında şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızı daha yaxından tanımağımıza imkan yaradır. Şəhidlərimizin, igid hərbçilərimizin xidmət yoluna nəzər saldıqca məsuliyyət hissimiz artır, Vətənə bağlılığımız daha da möhkəmlənir".
Əsgər Həsən Yaqubov isə ictimai-siyasi hazırlıq dərslərinin mənəvi-psixoloji duruma təsirini izah etdi. "Hər həftə keçirilən bu dərslər sayəsində həm mədəni irsimiz, həm də haqq savaşımız haqqında yeni biliklər əldə edirik. Məşğələlərdə Azərbaycanın tarixini, ordumuzun keçdiyi inkişaf yolunu, əzəli torpaqlarımızın azad olunması uğrunda həyata keçirilən əməliyyatlar zamanı igid oğullarımızın keçdiyi döyüş yolunu öyrənir, öz canlarını Vətən uğrunda fəda edən şəhidlərimizin həyat yolunu özümüzə örnək bilirik".
Əsgərlər Tahir Dadaşzadə, Murad Bədirov, Fərid İsmayıllı və digərləri də həm xidmətləri, həm də ictimai-siyasi hazırlıq dərslərinin mahiyyəti barədə fikirlərini bölüşərək, bu dərslərin onlarda Vətənə sədaqət hissini daha da gücləndirdiyini vurğuladılar.
Elçin İMANOV
"Azərbaycan Ordusu"