Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Dekabr 2025 20:07

Qanla yazılan tariximizi varlığımızla qoruyuruq

Müasir ordunun inkişafını təmin edən əsas nüanslardan biri onun təcrübəli, bacarıqlı və cəsur kadr potensialı ilə komplektləşməsidir. Məlumdur ki, ordu təkcə struktur və ya mexanizm deyil. Ordu xalqın güvən yeri, dövlətin isə varlığının qarantıdır. Şəxsi heyət isə ordunun vuran əli və onun güc tərəzisidir. Ordu həyatının hər saniyəsi hərbi xidmət adlanır. Hərbi xidmət hər bir insan üçün fiziki və mənəvi təkamül məktəbi hesab olunur. Bu məktəbdə hərbi intizam, fədakarlıq və birlik keyfiyyətləri hər bir Vətən övladına aşılanır. Buna görə də ordu ölkənin döyüşaparma və özünümüdafiə gücü olmaqla yanaşı, vətənpərvərlik ocağıdır.
Son illər rəşadətli Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu və yazdığı Zəfər salnaməsi bir daha təsdiqlədi ki, güclü strategiya, müasir hərbi texniki təminat və peşəkar kadr heyəti ilə təşkilatlanması ordu quruculuğu sahəsində görülməsi vacib işlərdən biridir. Görülən işlərin məntiqi və tarixi nəticəsidir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Zəfər tarixi yaşadıq. Tarixi qələbənin qazanılması və əzəli torpaqlarımızın işğaldan azad olunması hər bir soydaşımızın qəlbindəki nisgilə son qoydu, hər kəsdə böyük ruh yüksəkliyi yaratdı. Qazanılan Zəfər gələcək nəsil üçün sülh dolu bir gələcək reallığının əsasını qoydu.
"N" hərbi hissəsində kapitan Kənan Zamanovla tanış olduq. Kənan 1997-ci il iyulun 16-da Şirvan şəhərində anadan olub. Hələ kursantlıq dövründə 2016-cı ilin Aprel döyüşlərində qazanılan qələbə onun üzərində daşıdığı hərbi mundirin önəmini və müqəddəsliyini ona dərk etdirib. 2018-ci ildə “leytenant” rütbəsi ilə ordu sıralarında xidmətə başlayan kapitan Zamanov haqq savaşımızın iştirakçısı olmaq arzusu ilə alışıb yanıb. Qismət elə gətirib ki, vətənpərvər zabitimiz 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatının iştirakçısı olub. "Qürur duyuram ki, qalib xalqın övladı, şanlı ordunun zabitiyəm. Bu gün müasir ordumuzun nümayəndəsi olaraq xalqın sevgisi, Ali Baş Komandanın misilsiz diqqəti ilə əhatələnmişik. Güclü ordunun mənsubu olaraq, tarixi Zəfər qazandıq, atalarımızdan bizə miras qalan, üzərində yaşadığımız, yaratdığımız Vətən torpaqlarını varlığımızla qoruduq. İşğaldan azad olunan əzəli və əbədi torpaqlarımızda dalğalanan şanlı üçrəngli bayrağımız, şəhidlərimizin qisası, suverenliyimizin rəmzi olaraq şərəflə dalğalanır. Vətən qan ilə suvarılır, igid oğulların möhkəm çiyinlərində Vətən var olur. Bütün dünya Vətən məfhumunu Azərbaycan Ordusunun igid əsgərləri hesabına bir daha dərk etdi. Dərk etdi ki, mövzu haqq-ədalət, Vətən sevgisidirsə, o döyüşçünün qarşısında heç bir maneə ola bilməz. Bütün dünya Vətən naminə, xalq naminə şərəflə döyüşün nə olduğunun şahidi oldu. Tariximiz əbədi Zəfərlə taclandı. Allah bütün şəhidlərimizin məkanını əbədi cənnət etsin. Onların canı və qanı ilə yazdığı tarixi bu gün varlığımızla yaşadırıq. Yaşadıb, gələcək nəsillərə ötürürük ki, onlar da bu Vətəni layiqincə qorusun, şəhidlərimizin ruhlarını daim uca tutsunlar", - zabit dedi.
Gənc zabitimizlə söhbət əsnasında öyrənirəm ki, kapitan Zamanov Kənan Vurğun oğlu döyüşlərdə qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəldiyi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Hərbi xidmətlərə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. O, 44 günlük haqq savaşımızdan sonra antiterror əməliyyatında da iştirak edib.
Tarixi qələbələrimizin qazanılmasında əsas rol oynayan amillərdən biri müasir ordu, vətənpərvər və peşəkar şəxsi heyət olduğunu qeyd edən müsahibim bu gün də öz bilik və bacarıqlarını artırmaq üçün ölkə daxilində və onun hüdudlarından kənarda keçirilən müxtəlif kurslarda iştirak etdiyini bildirdi. "Hər bir xalqın tarixində öz igidliyi və cəsarəti ilə nümunə olan oğulları olur. Onlar Vətənin dar günündə öndə gedən, bütün çətinliklərə sinə gərən, sözü və əməli ilə igidliyin nə demək olduğunu göstərən şəxslərdir. Azərbaycan əsgəri vahid məfhum və yenilməz güc olaraq ali vəzifəsinin öhdəsindən layiqincə və ləyaqətlə gəlməyi bacardı. Sevinirəm ki, bu müqəddəs savaşın iştirakçısı olaraq mən də pay sahibiyəm. Azərbaycançılığın, hərbi vətənpərvərliyin, müasirliyin və peşəkarlığın şanlı ordusu bu gün də güclənməkdədir. Bölməmiz modern tələblərə cavab verən silahlara malikdir. Keçirilən müxtəlifmiqyaslı təlimlərdə iştirak edərək, öz ixtisasımızın nəzəri və praktiki incəliklərini gənc əsgərlərimizə də öyrədirik", - deyən zabit öz fikirlərini tamamladı.
Onunla həmsöhbət olduqdan sonra bir daha əmin oluruq ki, Kənan kimi minlərlə komandir ordu sıralarına yeni qoşulan əsgərlərimiz üçün parlaq bir nümunədir. Kapitan Zamanovun savadı, vətənpərvərliyi və igidliyi gənclərimiz üçün nümunədir. Belə təcrübəli gənc zabitlərimizin və ya ordenli igidlərimizin olması xalqımıza dayaq, ordumuza gücdür. Kənana gələcək xidmətində uğurlar arzulayırıq.

Fuad CƏFƏROV

"Azərbaycan Ordusu"