Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Dekabr 2025 20:07

Müntəzəm fiziki hazırlıq həm də yüksək döyüş hazırlığıdır

"İdman sağlamlığın rəhnidir", deyiblər. Biz bunu həyatın bütün sahələrində hiss edirik, duyuruq. İdmanla məşğul olan hər kəsin görkəmində, hərəkətində və düşüncəsində sağlamlıq görürük. Bunu gənclərdə, hərbi xidmətdə olanlarda daha çox müşahidə edirik. Bir çox gənclər könüllü olaraq idmanın istədiyi növünü seçir və peşəkar idmançı olmağı qarşısına məqsəd qoyur. Bəziləri də idmana hobbi kimi yanaşırlar. Hər iki yanaşma doğrudur. Çünki insanı sağlam və gümrah edir.
Orduda fiziki hazırlığa, idmana daha çox zaman ayrılır. Bu da əbəs yerə deyil. Əsgər gələcəyin döyüşçüsüdür. Yaxşı döyüşçü güclü olmalıdır. Güclü olmaq üçün mütləq müntəzəm idmanla məşğul olmalısan. İllərin sınağı və döyüş təcrübəsi bunu deyir. 
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Həsrət Zeynalov peşəkar idmançı olmasa da, həvəskardır. O, fiziki hazırlıq saatlarında idman şəhərciyində olur, qarşıya qoyulan idman çalışmalarını ruh yüksəkliyi ilə yerinə yetirir, silahdaşlarını da, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını da idmana sövq edir. Həsrət deyir ki, əsgərlərlə birlikdə idman şəhərciyinə tez-tez gedir. Təyin olunmuş, yerinə yetiriləsi idman çalışmalarını nümunə üçün əvvəlcə özü yerinə yetirir. Turnikdə dartınma, dayaqda aşma, paralel qollarda qalxıb-enmə, press və başqa çalışmaları elə göstərir ki, əsgərlər idman çalışmalarını yerinə yetirməyə daha həvəsli olurlar. 
Komandir həm öyrənən olmalıdır, həm də öyrədən. Çavuş Həsrət Zeynalov idman çalışmalarını əsgərlərə düzgün öyrətməklə yanaşı, onlarda idmana maraq da aşılamağı bacarır. İdman şəhərciyində əsgərlərdən Ruslan Abdullayev, Fərid Məmmədov, Sabir Nəcəfli və başqaları verilən fiziki normativləri səhvsiz yerinə yetirməklə komandirin rəğbətini qazanıblar. Əsgər Fərid Məmmədovun sözlərinə görə o, hərbi xidmətdən əvvəl idmanla məşğul olmayıb. Dağlıq rayonda kənd yerində yaşadığı üçün fiziki əməklə böyüyüb. Fiziki əmək onu həm güclü, həm də sağlam edib. Ordu sıralarında fiziki normativi yerinə yetirməkdə heç bir çətinlik çəkmir. Sadəcə çalışmanın tələblərə uyğun tətbiqində müəyyən səhvlərə yol verir. Artıq həmin çətinliklərin böyük hissəsinin arxada qaldığını deyir.
Əsgər Sabir Nəcəfli uşaq yaşlarından idmana getsə də, peşəkar idmançı olacağını heç vaxt arzulamayıb. Bəlkə də maraq göstərib müntəzəm idmanın istənilən növü ilə məşğul olsaydı, lazımi nəticə əldə edərdi. Buna gücü də çatacaqdı, potensialı da imkan verir. Onun peşəkar idmana marağı olmadığı üçün bu yoldan  dönüb. 
Əsgərlərin fərqli xarakteri və düşüncələri maraqlı idi. Onlar hərbi xidmət zamanı idmana, fiziki hazırlığa daha böyük maraq göstərməyə başlayıblar. Bu da bir növ komandirlərin əsgərlərdə idmana sevgi oyatmasından irəli gəlir. 
Hər bir əsgərin başlıca məqsədi, verilən komandanı vaxtında və düzgün yerinə yetirməkdir. Əsgərlər yaxşı bilirlər ki, yüksək döyüş hazırlığı müntəzəm fiziki hazırlıqdan keçir. Bu səbəbdən də onlar fiziki hazırlıqlarını daha da artırmağa çalışırlar. 

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"