AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbirlər silsiləsindən gizir Ramil Rəhimov, əsgərlər İlqar Əhmədov və Əli Bayramovun xatirələrinə həsr olunmuş anım mərasimi keçirildi. Şəhidlərin anım mərasimində Müdafiə Nazirliyinin bir qrup nümayəndəsi, Qubadlı rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidlərin doğmaları, döyüş yoldaşları və başqa qonaqlar iştirak etdilər.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla dərin hörmət və ehtiramla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Anım mərasimini açıq elan edən Mərkəzin ideoloji və hərbi kütləvi iş bölməsinin təlimatçısı (xüsusi təbliğat üzrə) kapitan Günel Dadaşova şəhidlər gizir Ramil Rəhimov, əsgərlər İlqar Əhmədov və Əli Bayramovun qısa, lakin şərəfli həyat yollarından danışdı: "Rəhimov Ramil Sücəddin oğlu 1 yanvar 1992-ci ildə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbi bitirib. Orta məktəbi başa vuran Ramil Vətənə övladlıq borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. O, hərbi xidmətdən sonra Azərbaycan Ordusunun sıralarına geri dönüb. “Gizir hazırlığı kursu”na daxil olub. Vətənpərvər, qorxmaz, igid bir oğul olduğu deyilən gizir Ramil Rəhimov Azərbaycan Ordusunun 19-20 sentyabr 2023-cü ildə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Hərbi Memorial Məzarlıqda dəfn edilib. İki qız övladı Vətənə əmanət qalıb.
Bu gün əziz xatirəsini hörmətlə andığımız digər şəhidimiz əsgər Əhmədov İlqar Adil oğlu 6 yanvar 1978-ci ildə Bakı şəhəri Binəqədi rayon Rəsulzadə qəsəbəsində vətənpərvər, zəhmətkeş bir ailədə dünyaya göz açıb. Əslən Qubadlı rayonunun Çaytumas kəndindən olan İlqar Əhmədov 1985-1995-ci illərdə orta təhsil alıb. O, Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbinin sonuncu kursunda olarkən təhsilini yarımçıq qoyaraq, 1998-ci ildə hərbi xidmətə yollanıb. "N" hərbi hissəsinin əsgəri İlqar Əhmədov döyüş tapşırığını yerinə yetirərkən 26 yanvar 2000-ci ildə düşmən tərəfindən basdırılmış minanın partlaması nəticəsində şəhid olub. Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Vətən müharibəsi şəhidi əsgər Bayramov Əli Nadir oğlu isə 24 mart 1999-cu ildə Bakı şəhəri Binəqədi rayonunda anadan olub. 2006-2016-cı illərdə Binəqədi rayon 179 saylı tam orta məktəbdə təhsil alıb. 2020-ci ildə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Azərbaycan Ordusunun əsgəri Əli Bayramov 44 günlük Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 5 oktyabr 2020-ci ildə Binəqədi rayonunda yerləşən Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Əli Nadir oğlu Bayramov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub".
Anım mərasimi şəhidlərin şərəfli ömür yollarından bəhs edən sənədli filmlərin nümayişi ilə davam etdi.
Sonra şəhidlərin valideynləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya, eyni zamanda, övladlarının adlarının, xatirələrinin daima uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Tədbirdə digər çıxış edənlər 44 günlük Vətən müharibəsində illərlə düşmən işğalında qalmış torpaqlarımızın azad olunaraq, respublikamızın ərazi bütövlüyünün bərpa olunmasında, ölkəmizin suveren hüquqlarının tam təmin edilməsində, Böyük Zəfərin qazanılmasında xalqımızın şəhid övladlarının göstərdikləri fədakarlıq, igidlik və qəhrəmanlıq nümunələrindən söhbət açdılar. Onların sayəsində bu gün tarixi torpaqlarına qovuşan həmvətənlərimizin sevincinin, qürurunun hədsiz olduğunu xüsusi qeyd etdilər. Dövlət başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, orada müasir infrastrukturun yaradılmasından qürurla, fəxrlə danışdılar.
Daha sonra Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi Şəhid Ailələri və Qadınlarla İş sektorunun müdiri, dövlət qulluqçusu Zümrüd Səmədova çıxış edərək bildirdi ki, şəhid ailələri, döyüşlərdə sağlamlıqlarını itirən müharibə iştirakçıları daima dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində böyük işlər həyata keçirilib, bu gün də o işlər ardıcıl surətdə davam etdirilir. Xalqımız Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü naminə canından keçən övladlarının əziz xatirəsini anım tədbirləri ilə həmişə anır, məzarlarını ziyarət edir və onların adlarını daima yaşadır.
Örnək ömür yaşayan şəhid gənclərimizin igidlik və şücaəti təkcə tarix və ədəbiyyat kitablarında deyil, həm də mahnılarda və nəğmələrdə yaşayır, yaşayacaq. İlk və son sevgisi Vətən olan Azərbaycan övladlarının xatirəsinə həsr edilmiş mahnılardan ibarət kiçik musiqili kompozisiya tədbir iştirakçılarına təqdim olundu.
Leyla Əliyevanın, gizir Elçin Məmmədovun, Mətləb Ağayevin ifasında səslənən "Ağlama anne", "Bu dağlardan o yana", "Qələbəyə gedən yollar" mahnıları tədbir iştirakçılarında kövrək və qürur dolu anlar yaşatdı. Səslənən mahnılar şəhidlərimizin qanı ilə suvarılmış torpaqlarımızın fəryadıdır. Bu nəğmələr torpaqlarımızın azadlığı naminə canını qurban verən igidlərin ruhunun, qəlbinin səsidir. Şəhidlər üçrəngli bayrağımız Qarabağ səmalarında dalğalansın deyə, bu mahnılar o dağlarda, o çöllərdə səslənsin deyə canlarını fəda etdilər.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"