Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Noyabr 2025 14:10

“N” hərbi hissəsində tədbir keçirildi

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Mühəndis Qoşunlarının "N" hərbi hissəsində Kəlbəcər rayonunun erməni işğalından azad edilməsinin 5-ci ildönümü və əsgərlərin asudə vaxtının səmərəli təşkili ilə bağlı tədbir keçirildi. Tədbirdə hərbi hissənin zabitləri, gizirləri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətli xidmət edən əsgərləri iştirak etdilər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə çıxış edən kapitan Elçin Salmanov bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı erməni təcavüzü 30 ilə yaxın davam edib. "Ərazimizin 20 faizini işğal altında saxlayıb. Lakin Azərbaycan xalqı və dövləti heç zaman erməni işğalı ilə barışmayıb. İşğal altında olan torpaqları müharibəsiz, qan tökülmədən azad etmək üçün bütün varlığı ilə çalışıb. Ermənistan isə müharibə yolu ilə işğal etdiyi Qarabağı və ətraf rayonları bütün varlığı ilə özününküləşdirmək istəyib. Azərbaycan xalqı 30 ilə yaxın səbir və dözüm nümayiş etdi. Düşmənə bütün mövcud sülh imkanlarını təklif etsə də, razılığa gəlməyib. Əksinə, yeni əraziləri işğal etmək istəyib. Ordumuzun təmas xəttində yerləşən bölmələrin sayıqlığı sayəsində düşmən arzusuna çata bilməyib. Hər dəfə çoxlu itkilər verərək geri çəkilib. 
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əks-hücum əmri verdi. Xalqa müraciət edərək ölkədə qismən səfərbərlik elan etdi. Azərbaycan xalqı hamılıqla dövlət başçısının ətrafında sıx birləşərək müharibəni qısa müddətdə qələbəylə başa vurdu. Düşmən ordusunu döyüş meydanında darmadağın edərək təslim olmağa məcbur etdi. Müharibədə məğlub olan Ermənistan işğal etdikləri Ağdam, Kəlbəcər və Laçın rayonlarının boşaldılmasına vaxt istədi. Bu gün Kəlbəcərin azad edilməsindən 5 il ötür. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub. Dövlət Bayrağı bütün ərazilərdə dalğalanır". 
Kapitan Elçin Salmanov onu da bildirdi ki, Ordu İdeoloji və Mədəniyyət Mərkəzi müntəzəm olaraq əlamətdar günlərdə də hərbi hissələrdə əsgərlərin görüşünə gəlir. Şəxsi heyətin asudə vaxtının səmərəli keçirilməsi üçün mərkəzin Mahnı və Rəqs ansamblının kollektivi bir-birindən maraqlı nömrələrlə çıxış etdilər. 
Əsgərlər Seymur Nəzərovun, Zümrüd Tağıyevanın, Mətləb Ağayevin, Nigar Rəhimovanın ifasında vətənpərvərliyi tərənnüm edən şən mahnılar dinlədilər. Gizir Nihad Məmmədovun, baş çavuş Kamran Ağayevin, Emil Məmmədovun, Yusif Məmmədovun, Aysel Cigərxanovanın, Aytən Məmmədovanın, Kəmalə Şahrzayevanın və Rəna Süleymanlının rəqsləri maraqla izlənildi. 

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"