AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycanın müstəqillik dövründə formalaşan müasir hərbi düşüncə təkcə texniki inkişafı deyil, eyni zamanda, yeni nəsil zabitlərin intellektual potensialı ilə zənginləşib. Son onilliklərdə bölgədə yaranmış mürəkkəb vəziyyət, sərhədlər boyunca davam edən gərginlik, torpaq itkisi və onun doğurduğu tarixi məsuliyyət gənclərin dünyagörüşündə dərin izlər buraxıb. Bu reallıq gənc nəslin daha intizamlı, daha iradəli və dövlətinə bağlı formalaşmasını təmin edib.
Bu gün Azərbaycan Ordusunda xidmət edən təhsilli və peşəkar zabitlər ölkənin müdafiə gücünün əsas dayaqlarıdır. Onların fəaliyyəti yalnız döyüş meydanında deyil, gündəlik xidmət həyatında, şəxsi keyfiyyətlərində, Vətənə bağlılığında özünü göstərir. Bu zabitlər cəmiyyət üçün, xüsusilə də gənclər üçün həyat nümunəsidir. Çünki onlar intizamın, məqsədyönlülüyün və peşəkarlığın birgə mövcudluğunun mümkün olduğunu sübut edirlər.
Belə zabitlərdən biri də baş leytenant Yasin Əkrəm oğlu İsayevdir. Onun keçdiyi həyat yolu, iştirak etdiyi döyüşlər, göstərdiyi xidmət və həyat prinsipləri müasir Azərbaycan zabitinin formalaşmasının bariz nümunəsidir. Yasin İsayev Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dünyaya gəlib. O, gənc yaşlarından hərbi sahəyə maraq göstərib. Onun zabitlik fəaliyyətinin təməlini təşkil edən ilk mühüm mərhələ 2013-2016-cı illərdə təhsil aldığı Cəmşid Naxçıvanski adına Hərbi Liseydir. Bu lisey təkcə bilik deyil, həm də dəmir intizam, fiziki dözümlülük, operativ təfəkkür və komandirlik bacarıqlarının formalaşdığı ixtisaslaşmış bir məktəbdir. Liseydən sonra o, 2016-2020-ci illərdə indiki Heydər Əliyev adına Hərbi İnstitutda təhsilini davam etdirib, burada müasir döyüş hazırlığı, taktiki planlaşdırma, idarəetmə və liderlik üzrə ciddi təlimlər keçib. Bu illər ərzində o, həm nəzəri, həm də praktiki baxımdan peşəkar zabit kimi formalaşıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Döyüşlərin ağır yükünü çiyinlərində daşıyan minlərlə zabit arasında baş leytenant Yasin İsayev də yer alırdı. Hərbi əməliyyatların gərgin mərhələlərində o, üzərinə düşən tapşırıqları məsuliyyətlə yerinə yetirib, döyüşlərin müxtəlif istiqamətlərində iştirak edib. Oktyabrın 16-da döyüşlərdə yaralanması həmin günlərin nə qədər çətin keçdiyini göstərən faktorlardan biridir. Yaralanmasına baxmayaraq, Yasin İsayev döyüş mövqeyini tərk etməyib, yalnız əməliyyat tamamlandıqdan sonra hospitala təxliyə olunub. Müalicə aldıqdan sonra xidmətini davam etdirməsi isə onun iradəsinin və peşəkar düşüncəsinin göstəricisidir.
Döyüşlərdən sonra o, "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif edilib.
Vətən müharibəsindən sonra bölgədə yaranan yeni təhlükəsizlik reallıqları hərbi qulluqçuların üzərinə daha vacib vəzifələr qoyub. Yasin İsayev postmüharibə dövründə həyata keçirilən əməliyyatlarda iştirak edib. Sözügedən əməliyyatlar strateji yüksəkliklərin nəzarətə götürülməsi və bölgədə təhlükəsizlik mühitinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. O, həmçinin 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatında da vəzifəsini yüksək məsuliyyətlə yerinə yetirib.
Aldığı hərbi təhsil, keçdiyi əməliyyatlar və xidmət etdiyi bölmələr baş leytenant Yasin İsayevin peşəkar yanaşmasını, nizam-intizamını və vətənpərvərlik duyğusunu formalaşdırıb. Tabeliyində olan hərbçilərə xidməti ilə nümunə olan zabit Yasin İsayev bildiklərini, hərb peşəsinin incəliklərini daim əsgərləri ilə bölüşür. Bu cür zabitlər cəmiyyət üçün mühüm mesaj verir: inkişaf, uğur və peşəkarlıq yalnız davamlı zəhmət və iradə ilə əldə olunur.
Bu gün gənclərin bir qismi hərb sahəsinə maraq göstərir, lakin bu sahədə uğur qazanmaq üçün hansı keyfiyyətlərin lazım olduğunu həmişə tam görə bilmirlər. Yasin İsayev kimi zabitlərin keçdiyi yol həmin gənclər üçün ən dolğun nümunədir:
- hədəf, fədakarlıq, çətinliklərdən çəkinməmək, Vətənə, dövlətə və dövlətçiliyə bağlı qalmaq.
Bu cür zabitlərin həyat yolu tərbiyə xarakteri daşıyan ən real dərsdir. Onlar gənclərə göstərirlərki, Vətənə xidmət təkcə döyüş meydanında deyil, hər gün - təlimdə, səngərdə, qərargahda, sərhəddə, yəni, hərbi həyatın bütün mərhələlərində icra olunmalıdır.
Bu gün Azərbaycan gəncliyinin istənilən nümayəndəsi sabaha ümidlə baxırsa, bu, ölkənin müdafiəsində xidmət edən minlərlə zabitin fədakar əməyi sayəsində mümkündür.
Azərbaycanın güclü ordusu müasir zabitlərin biliyi, təcrübəsi və məsuliyyəti üzərində qurulur. Bu zabitlərdən biri olan baş leytenant Yasin İsayev də öz fəaliyyəti, mübarizliyi və dövlətə sədaqəti ilə layiqli yerini tutmaqdadır.
Onun həyat yolu sübut edir ki, nizam-intizam, davamlı özünüinkişaf, Vətənə bağlılıq və peşəkarlıq hər bir gəncin uğurunun əsas şərtidir. Belə zabitlərin fəaliyyəti gələcək nəsillərdə dövlətçilik düşüncəsinin güclənməsinə, cəmiyyətin hərb sahəsinə olan etibarının artmasına mühüm töhfə verir.
Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"