Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Noyabr 2025 14:10

“Hərbi xidmət mənə nə verdi?”

Yeniyetmə çağırışçı yaşına müəyyən biliklərlə, vərdişlərlə, dünyagörüşü ilə çatır. Bunlar hər çağırışçı üçün fərdi olur, hərbi xidmət isə bu fərdiliklə başlayır. Orta məktəbdə oxuduğu illərdə ailədə valideynlərindən, məktəbdə müəllimlərindən, özlərindən əvvəl xidmət etmiş gənclərdən eşitdikləri və oxuduqları çağırışçının dünyagörüşünün, xarakterinin formalaşmasında əhəmiyyətli olur - yeniyetmə, çağırışçı Vətən kəlməsinin mahiyyətini belə dərk edir, illərini bu kəlmənin fəlsəfəsi əsasında yaşamağa çalışır. Bütün çağırışçılar hərbi xidmət ərəfəsində eşitdiklərinin, oxuduqlarının hərbi xidmət yolunun başlanğıcı olacağına əmin olur...
Hərbi xidmət əsgərin hərbi vəzifəsini yerinə yetirməli olduğu müddətdir, zamandır: 18 ay, 12 ay. Hərbi xidmətin ilk günü, ilk hərbi salamlaşma, ilk sıra addımları, ilk hərbi tapşırıq, hərbi xidmətin ilk gecəsi... Bütün bunlar əsgərlər üçün eyni ovqat yaradır. Sonra bu ovqat xarakterə, dünyagörüşünə görə dəyişir... Və aylar keçir. Hərbi xidmət başa çatır... Hərbi xidməti başa çatmaqda olan əsgərlər deyirlər ki:

Əsgər Qasım Məmmədov:

- Hərbi xidmətə Qazax rayonundan çağırılmışam. Vətən haqqında düşüncələrim Qazaxla başlasa da, Azərbaycana sevgi mənim ömrümün işığı olub. İndi əmin olmuşam ki, hərbi xidmətin ilk ayları ilə son ayları əsgərə tamam fərqli duyğular yaşadır. Hərbi xidmətə başlayanda əsgər yoldaşlarımla bir qədər çəkingənliklə söhbətləşirdim, sonra münasibətlərimiz doğmalaşmağa başladı. Təbii ki, bütün əsgərlərlə münasibətim gözəldir, dostlarım çoxdur. Hərbi xidməti onlarla nəfəs-nəfəsə keçmişik. Necə deyərlər, bir-birimizdən saxladığımız sözümüz olmayıb, tərxis ərəfəsində də yoxdur. Əsgərin dostundan gizlin nə sözü olasıdır ki? Biz hərbi xidmət müddətində xəyallarımızdan danışmışıq, İkinci Qarabağ müharibəsindən, müharibənin döyüşlərindən, qəhrəmanlarından söhbət etmişik. Müharibə başlayanda 7-ci sinifdə oxuyurduq. Onda biz də müharibənin gedişatını televiziyadan izləyirdik. Noyabrın 8-də bütün gecəni bu tarixi Zəfərin sevincini yaşayanların sırasında olduq. Mənə elə gəlir ki, həmin gecə bizim hərbi xidmətimizin ilk gecəsi olub...
Hərbi andiçmə hər bir əsgər üçün ömür işığıdır. Hər bir əsgər ömrünün ya 18 ayını, ya da 12 ayını bu işığın içində yaşayır. Ona görə heç kim Hərbi andiçmə gününü unutmur. Mən də, əsgər dostlarım da unutmayacağıq... 
Hərbi xidmət mənim Vətən sevgimi daha da artırdı, genişləndirdi. Mənə Vətən kəlməsinin nə olduğunu daha əhatəli öyrətdi. Hərbi hissəmizdə Anım Gününə həsr olunmuş tədbirdə döyüşlərdə yaralananlardan birinin dedikləri mənim də düşüncələrimi titrətdi: "Ermənilər geri çəkilirdi. Bu an Samir yaralandı. Geri qayıtdım, onu bir tərəfə çıxarmaq istədim. Qoltuğunun altından girib dikəltməyə çalışdım. Bizdən bir qədər aralıya bir mərmi düşdü, ayağıma qəlpələr dəydi. Həkimlər ayağımı xilas edə bilmədilər. Ayağımı itirməyimdən daha çox Samirin şəhidliyinə yanıb-yaxıldım. Döyüşçülərimiz mövqe qələbəsi qazandılar. Hərbi xidmət də, müharibə olarsa, döyüşçünün şəhidliyi də, yaralanması da torpaqların qurtuluşu üçündür. Yaralananlar da, şəhidlərin ruhu da deyir ki, təki Vətən yaşasın. Zəfərdən sonra Samirgilə getdim, ailəsi məni doğmaları kimi qarşıladı. Onun ata-anası da fərəh içində dedilər ki, işğal başa çatdı, təki Vətən yaşasın. Hərbi xidmət bizə bu doğmalığı yaşatmağı da öyrətdi, döyüşçü yoldaşlarımızın ailəsi ilə doğmalaşmağı da".
Döyüşdə yaralananın dedikləri hamımızın düşüncələrinin səyyarəsi oldu...
Komandirimizin də, zabitlərimizin də İkinci Qarabağ müharibəsi haqqında danışdıqlarını, əsgər dostlarımızı, hərbi xidmət günlərini, aylarını heç zaman unutmayacağıq. Məni vətəndaş kimi hərbi xidmət formalaşdırdı...
Hərbi xidmət bizə həm də olduqca ciddi səviyyədə dürüst olmaq xarakterini aşıladı. Dürüstlük də əsgərin əsgər kimi formalaşmasında çox mühüm amillər sırasındadır. Əsgəri bu səviyyədə formalaşdırdığı üçün ordu da bu səviyyədə qüdrətlənir...

Əsgər Tural Nuralıyev:

- Quba rayonunda anadan olmuşam, orada orta təhsil almışam, ilkin hərbi biliklərə orada bələd olmuşam. Atamın hərbi xidmətindən, əsgər dostlarından danışdıqlarını böyük maraqla dinləyirdim. Sonralar bildim ki, orta məktəbdə öyrəndikləri kimi, oxuduqları kimi, bu söhbətlər də çağırışçını hərbi xidmətə hazırlayırmış.
Hərbi xidmətin ilk vaxtlarında mənim də müəyyən çətinliklərim olub. Sıra hazırlıqlarını, avtomatın sökülüb-yığılmasını və digər hərbi vərdişləri daha mükəmməl öyrəndim. Əsgər dostlarımın köməyi sayəsində mən də nümunəvi xidmət edirəm, hərbi hissəmizdə nümunəvi əsgərlər sırasında mənim də adım çəkilir. Yəni, hərbi xidmət mənə belə dostlar verdi...
Tələb eyni olsa da, icra eyni ola bilməz. Bu baxımdan, əsgərlərin hamısı hərbi xidmətə oxşar hərbi biliklərlə, vərdişlərlə gəlsə də, hərbi xidmət müddətində bu oxşarlıqlar arasında diqqətçiliyə, hafizəyə, marağa görə müəyyən səviyyəli fərqlər yaranır. Oxşarlıq və eynilik hərbi intizamla müəyyənləşdirilir.
Mən də orta məktəbdə oxuyanda ilkin hərbi biliklərə bələd olmuşdum. Öyrədilmiş hərbi vərdişləri təlimata müvafiq yerinə yetirə bilirdim. Bunlar məndə hərbi xidmətə sevgim əsasında inam yaratmışdı. Hərbi xidmətdə çətinliklərimin olmayacağını güman edirdim.
Əsgər hərbi xidmətə başlayanda tamam yeni bir dünyanın ecazkarlığı ilə əhatələnir. Bu ecazkarlıq digərləri kimi, mənim də düşüncələrimi özünə çəkdi. Hərbi andiçmədən sonra xidmətin yeni mərhələsində müəyyən çətinliklər olurdu. Onda zabitlərin, gizirlərin məsləhətləri və tövsiyələri ilə bir sırada əsgər dostlarımın köməyi də imdadıma çatırdı. Eyni səviyyəli çətinliklərlə təlimlərdə də rastlaşmışdım. Bir daha əmin olmuşdum ki, Azərbaycan əsgəri komandirlərinin, əsgər dostlarının köməyi ilə bütün çətinliklərin öhdəsindən gəlir...
Hərbi xidmətə gələn əsgər həm də vətəndaşlıq borcunu yerinə yetirir. Kimdən eşitdiyimi xatırlaya bilmirəm: "Yaxşı əsgər olmayan gənc yaxşı vətəndaş ola bilməz". Mən də, əsgər yoldaşlarım da yaxşı əsgər olmaq istəyirdik. Buna nail olduq.
Hərbi xidmət mənim düşüncələrimi dərinləşdirdi, dostluq duyğularımı da, sağlamlığımı da möhkəmləndirdi. Əsgər yoldaşlarımın hamısı belə düşünür. Biz də hərbi xidmətdən Vətənə layiqli vətəndaşlar kimi tərxis edilirik.
Əsgər yoldaşlarımızdan biri sıra yerişini təlimata uyğun mənimsəyə bilmirdi. Qərara aldıq ki, onunla asudə vaxtlarda məşğul olaq. İstəyimiz nəticə verdi, əsgər yoldaşımız qısa müddətdə sıra yerişini mükəmməl mənimsədi. Söz düşəndə bizə zarafatla müəllim də deyir. Biz də bilirik ki, hərbi xidmət bütövlükdə müəllimdir, öyrədəndir. Bütün öyrəndiklərimizə görə hərbi xidmətə borcluyuq.
Hərbi xidmət bizə həyatı öyrətdi, Vətəni sevdirdi, dövlətə sədaqətlilik öyrətdi, bir də milli-mənəvi dəyərlərimizə sonsuz ehtiram aşıladı...

Əsgər Mərahim Əkbərov hərbi xidmətə Sabirabad rayonundan çağırılıb. O da əsgər yoldaşları kimi hərbi xidməti əsl mətinlik məktəbi adlandırır. Deyir ki, orta məktəbdə öyrəndiklərimiz bizim daha yaxşı xidmət etməyimizdə vasitə olur. Ən əsası isə öyrəndiklərimiz bizim hərbi xidmətə marağımızı artırır, xidmət zamanı daha geniş hərbi biliklərə yiyələnirik və bu, hər əsgərin arzusudur.
Hərbi xidmət hər əsgərə əsgəri sevgi verir, bu sevgi əsgərlərin nəfəs-nəfəsə yaşamasını öyrədir. İlk belə ovqat Hərbi andiçmə idi. O günün sevinci heç zaman unudulmur. Bir dəfə asudə vaxtda Hərbi andiçməmizdən söz düşmüşdü. Onda tədbirin bütün xırda təfərrüatları da xatırlanmışdı. Bu xatırlama həm hərbi xidmətimizə sevginin, həm də hərbi xidmətdən sonrakı illərdə Vətən üçün yaşanılacaq vətəndaşlıq duyğularını necə formalaşdırmağı da öyrədir.
Bu il noyabrın 8-də Bakıda Azadlıq Meydanında keçirilən hərbi paradı hamımız xoş ovqatla xatırlayırıq. Bu parad Azərbaycan Ordusunun gücünü də nümayiş etdirdi, onun qüdrətinin haradan qaynaqlandığını da göstərdi. Hərbi xidmət biz əsgərlərə nədən qürurlanmağı müəyyənləşdirməyi də öyrətdi, onu qürurla yaşatmağı da.
Hərbi hissəmizdə bir tədbir keçirilirdi. Mövzu hamımızı maraqlandırmışdı: "Əsgər, hərbi xidmət və Vətən". Maraqlı tədbir idi. Çıxış edənlər əsgərlərin vəzifə borclarından - hərbi xidmətə sevgisindən, bu sevginin hərbi biliklərlə, hərbi vərdişlərlə, hərbi məsuliyyətlə bağlılığından da danışdılar. O tədbirdə çıxış edən əsgər yoldaşımız maraqlı bir məqamdan söz açdı: Biz həm hərbi hissəmizdə xidmət edən müharibə iştirakçıları ilə qürurlanırıq, həm də tanımadığımız qəhrəmanlarla. Əsgər yoldaşımız çıxışında dedi ki, müharibədə heç bir döyüşçü qəhrəman olmaq üçün döyüşməyib, ancaq hamısı qəhrəmanlıqla döyüşüb. Tarixi Zəfər belə qazanılıb. Biz bir daha əmin olduq ki, dövlət başçımızın dediyi kimi, Azərbaycan güclü dövlətdir, onun güclü ordusu vardır. Hərbi xidmətimiz bizə belə düşüncələr də aşıladı, belə düşüncələrlə xidmət edən əsgərləri də tanıtdı, komandirimizin dediyi kimi, özümüzü də...
Hərbi xidmətin fəlsəfəsini dərk etmək üçün onu sevməlisən, bu sevgini Vətənə sevginin tərkib hissəsi bilməlisən. Müqəddəsliyə sevgi müqəddəs sevgidir. Azərbaycan əsgəri Vətəni belə sevir, belə qoruyur. Xidmətə təzə başlayan əsgərlər də, hərbi xidməti başa çatmaqda olan əsgərlər də...

Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"