Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Noyabr 2025 14:10

“Böyük Qayıdış” Proqramı çərçivəsində geniş layihələr həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:
...Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir...

Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq, mənfur qonşumuz Ermənistan havadarlarının Azərbaycana qarşı apardığı elan olunmamış müharibədə minlərlə insanın həyatına son qoyuldu. Qarabağ bölgəsində yaşayan əhali öz doğma yurd-yuvasından, isti ocağından didərgin düşdü. Qədim İrəvan torpağından 200 minə yaxın azərbaycanlı erməni daşnaklarının yaratdığı quldur dəstələrinin silahlı hücumları nəticəsində yaşayış yerlərindən deportasiya olundular. Bir milyona yaxın soydaşımız ağır, acınacaqlı vəziyyətdə illərlə qaçqın, köçkün həyatı yaşamağa məcbur oldu. Ermənistan tərəfindən Qarabağ iqtisadi zonasında başlanan hərbi təcavüz həm haqsız ərazi iddiaları, həm də xalqımızın tarixinə və mədəniyyətinə yönəlmiş bir qəsd idi.
1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın məkrli niyyəti daha da alovlandı. Şəhər və kəndlərimiz erməni hərbi birləşmələri tərəfindən dağıdıldı və dinc əhalimiz böyük əzab və məşəqqətli anlar yaşadı. Minlərlə ailə evlərini tərk edərək müvəqqəti sığınacaqlarda məskunlaşmağa məcbur oldu. Köçkün həyatı nə qədər ağır, çətin olsa da, onlar bu çətinliklərə dözdülər. Hər bir keçmiş məcburi köçkün ürəyində nə vaxtsa doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşadı, ümidini itirmədi. Çünki onlar bilirdilər ki, gec-tez haqq-ədalət öz yerini tapacaq və yenidən Qarabağımıza - öz doğma ata-baba yurdlarına qayıdacaqlar...
Həmin dövrdə ölkədə vəziyyət heç də ürəkaçan deyildi. Dövlət müstəqilliyini yenicə bərpa edən respublikamızda rəhbərliyin zəif olması ölkəni hərc-mərcliyə, xaosa sürükləmişdi. Ölkəni bu çətin durumdan çıxarmaq üçün müdrik, qətiyyətli bir siyasətçinin hakimiyyətə gəlməsi labüd idi. Xalq öz seçimini etdi və Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasını təkidlə tələb etdi.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə siyasi, iqtisadi və hərbi sahədə zəruri islahatlar həyata keçirdi. Bu islahatlar nəticəsində dövlətçilik daha da möhkəmləndirildi, iqtisadiyyat dirçəldildi. Ulu Öndərin əsas məqsədi Ermənistanın qanunsuz ərazi iddialarına son qoymaq, xalqın milli qürurunu qorumaq, Azərbaycanın beynəlxalq arenada öz mövqeyini gücləndirmək idi. Ordu quruculuğu sahəsində apardığı zəruri islahatlar nəticəsində nizami ordu formalaşdırıldı, peşəkar milli kadrların hazırlanmasına geniş şərait yaradıldı, orduda hərbi intizama ciddi riayət olundu. Hərbi təlimlərin keçirilməsi ordumuzu daha da qüdrətləndirdi.
2003-cü ildə xalqın böyük dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək, Azərbaycan Ordusunu modernləşdirdi. Strateji planlamalar nəticəsində ordunun döyüş qabiliyyəti daha da artırıldı, şəxsi heyətin məişət şəraiti müasir standartlara uyğunlaşdırıldı. Prezident İlham Əliyevin strategiyası həm müdafiə məqsədli, həm də ölkənin suverenliyini qorumaq, ərazi bütövlüyünü təmin etmək və xalqın təhlükəsizliyini gücləndirmək məqsədi daşıyırdı. Dövlət başçısının ordu quruculuğu sahəsində apardığı islahatlar nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi.
Prezident İlham Əliyev torpaqlarımızı yalnız sülh yolu ilə azad etmək istəsə də, işğalçı Ermənistan buna razı olmurdu. Azərbaycan dövlətinin gücünə, Azərbaycan Ordusunun şücaətinə, xalqın milli birliyinə bələd olmayan düşmən öz məğlubiyyətini 2020-ci il sentyabrın 27-də törətdikləri genişmiqyaslı təxribatlar zamanı büruzə verdi... Müxtəlif çaplı silahlardan istifadə edən Ermənistanın məkrli niyyəti heç də cavabsız qalmadı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və döyüş meydanında düşmənin layiqli cavabını verməyi bacardı. Bununla da düşmən ordumuzun gücünü, qüdrətini açıq-aşkar gördü. Rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində tarixi Zəfər qazandı. Qazanılan tarixi Zəfərlə illərlə yurd həsrəti çəkən keçmiş məcburi köçkünlərin arzuları reallaşdı. Nəhayət, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və xalqımız doğma torpaqlarına qayıtmaq sevincini yaşamağa başladı.
İllərin həsrətindən sonra Qarabağa qayıdış xalqın ürəyində sönməyən ümidin gerçəyə çevrildiyi an oldu. Qarabağa qayıdış prosesi dövlətin strateji planlaması və xalqın iradəsi nəticəsində reallaşan milli dirçəliş mərhələsidir. Uzun illər doğma torpaqlarından ayrı düşən insanlar indi böyük sevinc və qürur hissi ilə öz yurdlarına dönürlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” Proqramı azad edilmiş ərazilərdə həyatın yenidən bərpasını təmin edir. Bu Proqram çərçivəsində şəhər və kəndlər planlı şəkildə bərpa olunur, infrastruktur layihələri sürətlə icra edilir, müasir tələblərə cavab verən yaşayış məhəllələri salınır. Məktəblər, uşaq bağçaları, xəstəxanalar, mədəniyyət ocaqları tikilib istifadəyə verilib. Görülən işlərin nəticəsində Qarabağ iqtisadi zonası ölkəmizin ən müasir bölgəsinə çevrilib.
Artıq “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağa qayıdış prosesi uğurla davam etdirilir. Noyabrın əvvəlində Ağdam şəhərinə ilk qayıdış baş tutdu. Torpaq həsrəti ilə yaşayan ağdamlıların ilk köçü başladı. Onlar qədim yurd yerlərinə geri döndülər.
Xankəndidə "İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər" mövzusunda keçirilən üçüncü Milli Şəhərsalma Forumunun ikinci günündə jurnalistlərə bildirilib ki, ilk 900-dən çox ailə bu ilin sonuna qədər, gələn il isə daha 300 ailənin ikinci yaşayış massivində tikintisi başa çatması planlaşdırılan yaşayış kompleksinə köçü təmin olunacaq.
Hazırda Ağdam şəhərində dördüncü və beşinci yaşayış massivlərində də tikinti işləri davam edir. Bu layihələrin gələn ilin yaz aylarından başlayaraq yay aylarına qədər bitməsi planlaşdırılır. Bu iki yaşayış kompleksinə də toplam 2 mindən çox ailənin köçü nəzərdə tutulur. Gələn ilin yanvar-fevral aylarında isə birinci yaşayış kompleksində tikinti işlərinə başlanılacaq. 2026-cı ilin sonuna qədər Ağdam şəhərinə 20 minə yaxın ailənin köçməsi nəzərdə tutulub. Bütün görülən işlər şəhərin baş planına uyğun olaraq, 2040-cı ilə qədər şəhərdə yüz min ailənin olması planlaşdırılıb.
Böyük Qayıdış Füzuli və Xocavənddə də uğurla yerinə yetirilir. Belə ki, bu ilin sonuna qədər ikinci yaşayış kompleksində, gələn ilin ortalarında isə üçüncü yaşayış kompleksi sahəsində tikinti işləri başlayacaq. Eyni zamanda, Xocavənd rayonunda və onun kəndlərində artıq təmir prosesinə başlanılıb.
Qırmızı Bazar, Sos və Hadrut qəsəbələrinə artıq insanların köçü başlayıb. İlin sonuna qədər davam edəcək bu prosesdə 1300-1500 ailənin Xocavənd rayonuna köçünün təmin ediləcəyi nəzərdə tutulub və bu proses 2026-cı ildə də davam edəcəkdir. Füzuli şəhərinin bərpası və məskunlaşma prosesi davam etdirilməkdədir. 2025-ci ilin sonuna doğru Füzuli şəhərində yeni məhəllələrin, yaşayış binalarının tikintisinə başlanılacaq. Bu da ondan xəbər verir ki, həm Füzuli şəhəri, həm də şəhərin digər yaşayış məntəqələrində bərpa-yenidənqurma işlərinin intensiv həyata keçirilməsi, eyni zamanda, məskunlaşmanın həm 2026-cı il, həm də növbəti illərdə daha da sürətlənəcəyi gözlənilir.
Dünyanın hər hansı bir zəngin ölkəsi bir qarış Vətən torpağının yerini verməz. Hara gediriksə, yenə sonda doğulduğumuz yurd-yuva səsləyir bizi sanki... Qürbət eldə zəngin həyat tərzi keçirən, lakin Vətən həsrəti ilə alışıb-yanan o qədər insanlar var ki... Lakin zaman keçdikcə onlar da həsrətində olduqları Vətənə dönəcəklər. Çünki əvvəlimiz də, sonumuz da bu Vətən torpağıdır.
Heç bir xalq öz torpağını bizim qədər sevə bilməz. Bu sevgi bizim ruhumuza ana laylalarından, uşaq ikən eşitdiyimiz əfsanələrdən hopub. Heç bir xalqın folklorunda Vətəni ana qədər əziz tutan, torpağı müqəddəsləşdirən elementlərə rast gəlmirik. Hər bir insan üçün "Ana Vətən", "Ana Torpaq" adlı bu dəyərli ifadələrin məsuliyyətini dərk etmək həm çətin, həm də şərəflidir. Bu torpağın qədrini bilmək, onu qorumaq hər birimizin vətəndaşlıq borcudur.
Qədim yurd yerlərinə dönmək arzusu ilə alışıb-yanan bir neçə keçmiş məcburi köçkünlərlə görüşüb söhbət etdim. Zəngilandan olan keçmiş məcburi köçkün: "Biz torpaqlarımızın azad olunmasını səbirsizliklə gözləyirdik. İndi o an gəlib çatıb. Sıramızı gözləyirik. Nə vaxt növbəmiz çatsa, onda sevinə-sevinə gedəcəyik".
Füzulidən olan keçmiş məcburi köçkün: "Vallah, çadırda yaşamaq asan deyildi. Həmişə yurd həsrəti ilə yaşamışıq. Nəhayət ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev bizim ümidlərimizi işıqlandırdı. Artıq Qarabağ torpağımıza qayıdışa hazırlaşırıq. Öz isti ocağımız hər yerdən əzizdir bizə".
Laçından olan keçmiş məcburi köçkün: "Hər gecə yuxuda kəndimizi görürdüm. Bu, çox ağır və çətin sınaq oldu bizə. İndi isə bu yuxular gerçəyə döndü. Prezident İlham Əliyevin uzaqgörən siyasəti bizi tarixi torpaqlarımıza qovuşdurdu".
Keçmiş məcburi köçkünlərlə söhbətimizdən aydın oldu ki, yenidən doğma yurdlarına, isti ocaqlarına getməyə tələsirlər. Bu tarixi qayıdışı onlara bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlıqlarını bildirirlər.
Bəli, torpaqlarımızın azad olunması təsadüfi deyildi. Torpaqlarımızın azad edilməsi üçün dövlət başçısının illərlə apardığı məqsədyönlü siyasət, güclü ordu quruculuğu, xalqın milli birliyi və dövlətə böyük inamı həlledici rol oynadı. Bütün bu amilləri bir araya gətirən müstəqil Azərbaycanın qüdrətli Lideri - Prezident İlham Əliyev oldu. Ali Baş Komandanın rəhbərliyi ilə 30 illik həsrətə 44 gün davam edən Vətən müharibəsində və 23 saatlıq antiterror əməliyyatı nəticəsində son qoyuldu və Azərbaycan tarixi Zəfərə nail oldu. Bununla da Respublikamızın ərazi bütövlüyü və suveren hüquqları tam təmin edildi. Bu 30 ildə dövlət başçısı İlham Əliyevin qətiyyətli siyasəti bütün dünyaya nümayiş olundu.
Bu gün Qarabağ iqtisadi rayonu, sözün əsl mənasında, intibah dövrünü yaşayır. Hər yerdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Vaxtilə məcburi köçkün həyatı yaşamış Qarabağ sakinləri indi öz doğma ocaqlarının tüstüsünü udur, istisinə alışırlar. İndi onlar daha xoşbəxtdirlər. Bilirlər ki, bir zamanlar orada məskunlaşan düşmənin ayaq izləri bir daha o torpaqlarda hiss edilməz. Çünki güclü ölkə, qalib xalq, Müzəffər Ali Baş Komandanımız var.

Kifayət ƏLİYEVA

"Azərbaycan Ordusu"