AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ordubad rayonunun Düylün kəndində Vətən müharibəsi şəhidi leytenant Mətin Ramiz oğlu Hüseynovun anım tədbiri keçirildi. Tədbirdə Ordubad rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq və mühafizə orqanlarının rəhbər şəxsləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, məktəb kollektivləri və ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndirildi.
Çıxış edənlər şəhid Hüseynov Mətin Ramiz oğlunun igidlik və fədakarlıq nümunəsi olan həyat yolundan bəhs etdilər. Bildirildi ki, Vətən müharibəsinin ilk günündən etibarən Mətin Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən ağır döyüşlərdə böyük şücaət göstərib. Döyüş yoldaşlarının söylədiklərinə görə, o, hər zaman ön sırada gedən, yoldaşlarını qoruyan, verilən tapşırıqları dəqiqliklə yerinə yetirən cəsur və qorxmaz bir hərbçi olub.
Çıxışlarda vurğulandı ki, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, xalqımızın həmrəyliyi və ordumuzun gücü sayəsində torpaqlarımız işğaldan azad edildi. Mətin kimi mərd Vətən oğullarının göstərdiyi fədakarlıq bu Zəfərin əsas sütunlarından biridir və onların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Qeyd olundu ki, dövlət başçısının tapşırığına əsasən, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı davamlı xarakter daşıyır, onların üzləşdiyi bütün məsələlərin həlli istiqamətində ardıcıl addımlar atılır.
Şəhid Mətin Hüseynovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 3-cü dərəcəli "Rəşadət" ordeni, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Tədbirin sonunda məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi, qəhrəmanlarımızın ruhuna bir daha ehtiram ifadə olundu.
Bəxtiyar ƏLİYEV
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi