Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Noyabr 2025 16:00

Sürücü olmaq üçün səbir və peşəkarlıq əsas şərtdir

"N" hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nicat Nağıyevlə tanış olduq. Hərbi hissədə günün nizam qaydalarına uyğun olaraq park təsərrüfat günü təşkil olunur, sürücü isə ona təhkim olunmuş hərbi texnikaya qulluq göstərirdi. Ortaboy, gülərüz biri olan əsgər Nicat Nağıyev vətənpərvər və peşəkar olması ilə ilk dəqiqələrdən diqqətimizi cəlb etdi. Fürsətdən istifadə edib, onun fikirlərini qələmə aldıq.
2019-cu ildən ordu sıralarında xidmət edən Nicat gənc yaşlarından sürücülüyə və hərbçi peşəsinə marağı ilə seçilib. "Doğulub boya-başa çatdığım rayonumuzda hərbi hissələrimizdən birinə yaxın qalmağım mənim həyat yolumu təsdiqlədi. Ailəmdə mənə uşaq yaşlarımdan vətənpərvərlik, Vətən sevgisi kimi ali məfhumlar aşılanıb. Yaxınlarım, doğmalarım tez-tez ermənilərin xalqımızın başına gətirdiyi müsibətlərdən, savaşın qanlı-qadalı günlərindən danışardılar. Gənc yaşlarımdan avtomobil idarə etməyə də xüsusi həvəsim olub. Onun texniki hissələrini, yol hərəkəti qaydalarını öyrənmişəm, imtahanlarda iştirak edərək minik və yük maşınlarının idarə edilməsi kateqoriyası üzrə sürücülük vəsiqəsi əldə etmişəm", - əsgər dedi.
- Bu gün də xidmət zamanı parkımızda texniki qulluq və ya təmir işlərində özümü daha da təkmilləşdirir, sıramıza təzə qoşulan yoldaşlarımıza zəruri bilikləri öyrədirik. Hərbi sürücü olmaq da insandan peşəkarlıq və təcrübə tələb edir. Sürücü hər zaman diqqətli və yüksək təcrübəyə malik olmalıdır.
Texnika hər hava şəraitinə, relyefə və vəziyyətə hazır olmalıdır. Hazır olması üçün də onun qulluğu yüksək səviyyədə aparılmalıdır. Hər zaman çıxışdan qabaq avtomobilin texniki cəhətdən sazlığını yoxlayıb, ona mütləq qulluq göstərməlisən. Təyin olunan əraziyə çatmaq üçün operativlik, təhlükəsizlik qaydaları ön plana çıxır ki, bunun üçün də ixtisasının nəzəri və praktiki bacarıqlarını düzgün mənimsəmək vacib şərtdir. Çıxış zamanı baş verə biləcək problemlərin, nasazlıqların vaxtında aradan qaldırılması da sürücünün vəzifələrindən biridir. Çünki avtomobil idarə edərkən özünlə yanaşı, digər insanları da daşıyırsan ki, məsuliyyəti dərk etmək vacibdir. Bunlardan savayı səbir, məsuliyyət, diqqət də sürücünün sahib olması gərəkən keyfiyyətlərdəndir", - deyən Nicat Nağıyev fikrini tamamladı.
Müsahibimlə həmsöhbət olarkən öyrənirəm ki, o, İkinci Qarabağ müharibəsi zamanı Füzuli istiqamətində təminat tapşırıqlarının icrasında iştirak edib, ona təhkim olunmuş avtomobillə üzərinə düşən tapşırıqları ərazinin təhlükəli olmasına baxmayaraq, uğurla yerinə yetirməyi bacarıb. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nicat Nağıyev Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Onun haqq savaşımızla bağlı da fikirlərini öyrəndim. "Müharibə vaxtı komandirlərimizin tapşırığı ilə təminat təyinatlı tapşırıqların icrasında iştirak etmişəm. Hər birimiz verilən tapşırıqların uğurla icrası, bölməmizin zəruri vasitələrlə tez vaxtda təmin edilməsi üçün canımızdan belə keçməyə hazır idik. Bu gün ordu sıralarında qalib əsgər olaraq xidmət etməkdən qürurluyam. Haqq savaşımızın iştirakçısı olduğum üçün qürurum daha da çoxdur. İllərdir işğalda olan Vətən torpaqlarımız bu gün azaddır, şanlı üçrəngli bayrağımız zirvələrdə dalğalanır, qəhrəman şəhidlərimizin bu gün ruhları şaddır. Hər bir azərbaycanlı “Qarabağ Azərbaycandır!” - deyir və bütün dünya bu reallığı dərk edir. Sevinirik ki, bu gün güclü ordunun əsgəri, qalib xalqın nümayəndələriyik", - əsgər N.Nağıyev dedi. 
Təcrübəli sürücümüzə gələcək xidmətində uğurlar arzulayıb sağollaşdıq. Onunla söhbətdən sonra bir daha əmin oldum ki, Nicat Nağıyev bundan sonra da öz işinə məsuliyyətlə yanaşacaq, təcrübəsi və vətənpərvərliyi sayəsində bundan sonra da üzərinə düşən tapşırıqları müvəffəqiyyətlə icra edəcək.

Fuad CƏFƏROV

"Azərbaycan Ordusu"