Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Noyabr 2025 16:00

“Yaqub Nəcəfovun yaddaşa yazılan ömür dastanı” adlı kitabın təqdimatı keçirildi

Vətən müharibəsi şəhidi leytenant Yaqub Nəcəfovun anım günü münasibətilə Culfa rayon Mədəniyyət Sarayında tədbir keçirildi. Tədbirdə Culfa rayon İcra Hakimiyyətinin əməkdaşları, Naxçıvan Ali Məclisinin deputatları, idarə və müəssisələrin rəhbər şəxsləri, şəhid ailələri, hərbi qulluqçular, polis əməkdaşları və digər güc strukturlarının əməkdaşları iştirak etdilər.
Tədbir Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbirdə çıxış edənlər bildirdilər ki, xalqımıza bu qürurverici tarixi qələbəni yaşadan igidlərimizdən olan Yaqub Nəcəfov Vətən sevgisi ilə böyüyüb, gəncliyində bunu amalına çevirib. O, Cəbrayıl, Füzuli və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək  şəhadətə yüksəlib.
Tədbir zamanı yazıçı-publisist Ədalət Cəfəroğlunun şəhidin həyat və döyüş yoluna həsr etdiyi "Yaqub Nəcəfovun yaddaşa yazılan ömür dastanı" adlı kitabının təqdimatı keçirildi. Kitab haqqında öz fikirlərini bildirən Culfa rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Təbriz Hüseynzadə qeyd etdi ki, Ədalət Cəfəroğlunun "Yaqub Nəcəfovun yaddaşa yazılan ömür dastanı" adlı əsəri sadəcə bir nəşr deyil. "Bu, bir igidin ruhu, bir ailənin fəxri və bir xalqın yaddaşına yazılmış ömür hekayəsidir. Əsər həm xalqın, həm də Yaqubun ailəsi və dostlarının xatirələrindən yaranıb. Onlar Yaqubu fərqli rakurslardan təqdim edir. O, kimin üçün mehriban qardaş, kimin üçün sadiq dost, kimin üçün döyüşçü, kimin üçün isə Vətən uğrunda canını fəda etmiş şəhiddir".
Kitabın müəllifi Ədalət Cəfəroğlu çıxışında kitab haqqında tədbir iştirakçılarına məlumat verdi. Qeyd etdi ki, bu kitab Culfa şəhidlərinə həsr edilmiş dördüncü kitabdır. O, yaxın günlərdə şəhid Dünyamalıyev Ceyhun haqqında yazdığı kitabın da təqdimatının keçiriləcəyini bildirdi.
Sonra Şəhid Yaqub Nəcəfovun atası Məmməd Nəcəfov ailəsi adından çıxış edərək tədbirdə iştirak edən bütün qonaqlara minnətdarlığını ifadə etdi. Tədbirdən sonra iştirakçılar şəhidimizin məzarını ziyarət etdilər.
Qeyd edək ki, şəhid leytenant Yaqub Nəcəfov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Bəxtiyar ƏLİYEV

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi