Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Noyabr 2025 16:00

Beynəlxalq Hərbi İdman Şurasının Avropa konfransı keçirilib

Almaniya Federativ Respublikasının Berlin şəhərində 37 ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin və üzvlərinin iştirakı ilə Beynəlxalq Hərbi İdman Şurasının (CISM) Avropa konfransı keçirilib. 
Rəsmi açılış mərasimi Julius-Leber-Barracks hərbi şəhərciyində təşkil olunan konfransda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi Vüqar Əsgərov təmsil edib. 
Konfrans çərçivəsində beynəlxalq hərbi idmanın inkişafına dair perspektiv planlar müzakirə olunub, iştirakçı dövlətlər arasında təcrübə mübadiləsi aparılıb.
Həmçinin CISM-in Avropa üzrə vitse-prezidentinin, müxtəlif dövlətlərin İcraiyyə Komitəsi üzvlərinin hesabatları, CISM-in Baş katibinin təşkilatın cari vəziyyəti və inkişaf istiqamətləri, idman komissiyalarının idman növlərinin strateji inkişafı və beynəlxalq yarışların planlaşdırılması barədə məruzələri dinlənilib.
Eyni zamanda, bir sıra ölkələrin nümayəndələri gələcəkdə nəzərdə tutulan idman tədbirlərinin keçirilməsi ilə bağlı təkliflərini təqdim edib, hərbi idman təşkilatları arasında əlaqələndirmə məsələləri, tədbirlər təqviminin yenilənməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Tədbirin növbəti günündə nümayəndə heyətləri üçün Berlin şəhərinin tarixi yerlərinə ziyarət təşkil olunub.
Dünya, qitələrarası və regional səviyyədə yarışlar keçirən dünyanın ən böyük idman təşkilatlarından biri olan CISM-in hazırda Afrika qitəsindən 47, Amerika qitəsindən 19, Asiya qitəsindən 33 və Avropa qitəsindən 42 ölkə olmaqla, ümumilikdə 141 üzvü vardır. Burada 25 idman növü fəaliyyət göstərir və şura tərəfindən hər il müxtəlif idman növləri üzrə hərbçilər arasında idman tədbirləri və yarışlar keçirilir.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu 1995-ci ildən CISM-in fəal üzvüdür. Azərbaycan Ordusunun hərbi qulluqçuları bu təşkilat tərəfindən keçirilən dünya və Avropa çempionatlarında uğurla çıxış edirlər. 

"Azərbaycan Ordusu"