AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
"Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmasa, hər şey heç nədir". Bu sözlərin mənasını düşündükcə anlayırsan ki, həyatımızın hər anında sağlamlığımızın qayğısına qalmalıyıq. Çünki sağlamlıq insanın yaşamasını təmin edən əsas şərtdir. Bu baxımdan hərbçilərimizin də sağlamlığı əhəmiyyətli məsələlərdəndir. Çünki onlar gecə-gündüz, isti-soyuq demədən Vətənimizin keşiyini çəkir, onun suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini qoruyurlar. Komandanlıq tərəfindən isə şəxsi heyətin sağlamlığına daim ciddi nəzarət edilir. Sevindirici haldır ki, bu gün Vətən müdafiəçilərimizin xidmət etdiyi hərbi hissələrdə müasir tibbi avadanlıqlarla təchiz edilmiş tibb məntəqələri fəaliyyət göstərir. Burada çalışanlar mövcud imkanlardan istifadə edərək hərbi qulluqçularımıza yüksək səviyyədə tibbi xidmət göstərirlər.
"N" hərbi hissəsində şəxsi heyətin sağlamlığının keşiyində dayanan tibb işçiləri ilə görüşdük.
Onların məntəqəyə müraciət edən xəstələrə qarşı qayğıkeş münasibəti, peşəkar yanaşmaları bizdə gözəl əhvali-ruhiyyə yaratdı. Tibb məntəqəsinə daxil olduqdan sonra burada olan təmizlik və səliqə-sahman göz qabağında idi. Əlbəttə ki, hərbi qulluqçunun sağlamlığının tez bərpa olunması üçün müalicə aldığı yerin səliqəli və təmiz olması mühüm amillərdəndir.
İlk olaraq məntəqədə baş gizir Elnur Dərgahov ilə söhbətləşdik. Məlum oldu ki, hərbi qulluqçumuz 22 ildən çoxdur ki, Azərbaycan Ordusunun sıralarında xidmət edir. O, şəxsi heyətin sağlamlığının keşiyində dayanmağın onun üçün böyük qürur olduğunu vurğuladı. "Əsas məqsədimiz hərbi qulluqçularımızın sağlamlığının qayğısına qalmaqdır. Bu istiqamətdə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq. Bizə müraciət edənlərin şikayətlərini diqqətlə dinləyir, müayinə edərək diaqnozlarını təyin edir, sonra isə müalicəsinə başlayırıq. Məntəqəmizin müasir tibbi avadanlıqlarla təchiz edilməsi isə ümumi işimizin yüksək səviyyədə aparılmasına müsbət təsir göstərir. Əsgərlərimizin sağlam olmaları üçün bütün bilik və bacarığımızı səfərbər edirik ki, onlar qısa zamanda sağalaraq xidmət yerlərinə qayıtsınlar, komandirlərinin tapşırıqlarını uğurla yerinə yetirsinlər, təlim və məşqlərdə fəallıq göstərsinlər".
Baş gizir E.Dərgahov əlavə olaraq qeyd etdi ki, xidmətləri yalnız müayinə və müalicə ilə məhdudlaşmır, mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə şəxsi heyət arasında maarifləndirici söhbətlər aparılır, sanitariya-gigiyena qaydalarına riayət etməyin vacibliyi izah olunur, profilaktik tədbirlər görülür.
Söhbət əsnasında öyrənirik ki, E.Dərgahov Aprel döyüşlərində, İkinci Qarabağ müharibəsində, antiterror əməliyyatında da iştirak edib. Hərbi qulluqçumuz 44 günlük Vətən müharibəsində yaralıların döyüş meydanından təxliyə olunması tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində travma alıb. O, həmin günləri xatırlayaraq dedi ki, erməni təxribatı nəticəsində müharibə başladıqdan sonra bütün tibb heyəti ilə birlikdə cəbhə bölgəsinə yollanıb. “Döyüşlərin ilk günlərindən etibarən yaralılara ilkin tibbi yardım göstərdik. Yüngül yaralıları səhra tibb məntəqəsində müalicə edir, ağır yaralıları isə hospitala təxliyə edirdik”, - deyə E.Dərgahov bildirdi.
Baş gizir Elnur Dərgahov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Peşəkar tibbi personalımızın qayğısı əhatəsində olan əsgərlərimiz də yaradılan bu cür şəraitdən razı olduqlarını bildirdilər. Həkimlərimizin düzgün müayinə və müalicəsi nəticəsində onlar qısa müddət ərzində sağlamlıqlarını bərpa edir, yenidən xidmət yerlərinə yollanırlar. Əsgərlər Elmin Kərimov, Röyal Mustafayev və Raul Hüseynov bildirdilər ki, həkimlərimizin, tibb işçilərimizin sayəsində heç bir narahatlığımız qalmayıb. Buna görə də hər birimiz burada çalışan bütün həkim personalına dərin minnətdarlığımızı bildiririk.
Tibb məntəqəsində şahidi olduqlarımız bir daha sübut etdi ki, burada xidmət edən tibbi personal şəxsi heyətin sağlamlığını daim diqqət mərkəzində saxlayır. Onların gərgin və məsuliyyətli əməyi sayəsində əsgərlərimizin sağlamlığı tam nəzarətdə saxlanılır, vaxtında müayinə və müalicə olunurlar. Bu isə ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına mühüm töhfə verir.
Elçin İMANOV
"Azərbaycan Ordusu"