AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hərbi Memorial Məzarlıqda monumental bir abidə var. Şəhidliyə dövlət səviyyəsində ehtiramın abidəsidi. Məzarlıqda müharibənin hər gününün döyüşlərini, döyüşlərin qələbə sonluqlarını əks etdirən lövhələr var...
Tarix olmuşların yaddaşıdı...
Böyük dünyaya gətirən yolların başlanğıcı qədim insan məskənlərinin cığırlarıdı. Dövlətlər yarandı, araya sərhədlər düşdü. Bəzən əraziyə görə sərhədlərin bu üzü o üzünə, o üzü bu üzünə yağı kəsilirdi. İlk döyüşlər belə başladı. Dövlətlər həm ərazisini qorumaq üçün, həm də ərazisinə ərazi qatmaq üçün ordu yaratdı. Döyüşlər böyüdü, genişləndi. Müharibələr başladı - ordular qarşı-qarşıya gəldi...
Hər dövrün öz müharibəsi olub...
Azərbaycanı dövlətlərinin sabahlarının işığı bildiyi sərhədlərini od kimi, ocaq kimi, ruh kimi qoruyan döyüşçülərin nəfəsi isindirib...
Mənə elə gəlir ki, indicə şəhidlərimizin səsini eşidəcəm: Haqlısan...
Tarixən bütün müharibələr torpağa (əraziyə) görə olub. Siz də, şəhid qardaşlarım, oğullarım, torpağa, əraziyə - Vətənə görə döyüşürdünüz, torpaq - Vətən uğrunda döyüşlərdə şəhid oldunuz. Sizi ziyarət müqəddəsliyi ziyarətdi. Siz burada, Şəhidlər xiyabanında uyuyursunuz, mənəvi-ruhi məzarınız ürəklərdədi - sayınız qədər mənəvi-ruhi məzarınız var...
Gələnlər sizi illərdi eyni yaşda görür; şəhidlik yaşı döyüşçünün son kəlməsinin yaşıdı. Bu iki duyum müqəddəsliyə beyətin qüdrətidi. Sizin səssiz söhbətinizi sədaqətlə dinləyirik. İşıq var baxışlarınızda, səssiz sözlərinizdə. Bu müqəddəs işıq Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasının qürurunun işığıdı. Həyat fəlsəfəsi, ömür fəlsəfəsi, il fəlsəfəsi deyir ki, ölməzlik ölümdən ömrə getməkdi - şəhidlik kimi...
Hərbi Memorial Məzarlığa gələndə ruhumuz ruhunuza sarılır, ömürlə ölməzliyin dilmancı sizin ruhlarınız olur. Ruhlarınızı səmavi səs kimi ürəyimizlə dinləyirik. Onu da bilirik ki, siz Vətən üçün yaşanılmayan ömürlərlə kəlmələşmirsiniz...
Məzarlıqda zaman ləng ötüşürmüş; zəvvara elə gəlir ki, zamanın dünəni var, sabahı var, bu günü yoxdu - bu günü də dünənlər kimi yaşayırsan...
Bayaqdan bəri əsə-əsə kəsən, kəsə-kəsə əsən ufacıq yeli ruhumun vasitəsilə qılığa tutmaq keçir könlümdən...
Ananın yerişi altı-yeddi yaşlı uşağın yerişinə yetirmir. Qərənfillər xırda qaçışlı - yeyin yerişli uşağın əlində közərən ümiddimi, gözləntilərə muştuluq olası işıqdımı, istəkdimi, niyyətdimi, nədi, nə? Bunun bir səmavi yozumu varmı? Dayanıb baxıram. Çatınca bircə anlığa dayanır, baxır və atasının məzar daşına sarılır. Hönkürtüsü çəkingən sükutun canına od salır elə bil. Məzar daşı göz yaşlarına bələndikcə kəlmələri göyləri yerə ələyəcək, uşağın qəhəri kükrəyə-kükrəyə kiriyəcək, qüruru dillənəcək: Bu gün Zəfər Günüdü, ata! Zəfərinizin Günüdü!
Allah, Allah bu zəvvar-uşağın, bu şəhid oğlunun sevinci nə biçim sevincdi?..
Qara paltarlı, qara örpəkli cavan gəlini görüncə xalq şairi Ramiz Rövşənin "Qara paltarlı qadın" şeiri düşür yadıma; bir azdan öyrənəcəm ki, səadətinin ömrü üç ay çəkib...
Dərdli gəlin halının qəbrinə yaxınlaşmır, baxışları xeyli aralıda bir baş daşının canyandıranıdı. Yerindən tərpənmir, baş daşlarından hayalanır elə bil, duyduğu nəfəslərdən hayalanır, qımıldanan səslərdən hayalanır, ... sükutdan hayalanır, ...
Dünyanın ən uzun yolu yolçusunu öz içindən Şəhidlər xiyabanına aparan yoldu. Ruhu rəvanlara elə gəlir ki, bura hər gəlişi Vətəndə Vətəni ziyarətdi. Yaşı yerişinə pərsəng olan bir ata şəkil oğulların - şəhid oğulların sırasından keçdikcə dayanır, dayanıb qəhərlə, kövrəkliklə baxır. Dərdinin ürəyinə yük olduğunu ağır yerişiylə gizlədir, şəhid oğullarla kəlmələşir:
- Hamınız oğlumsunuz, oğullarım..., - səsi qəhərdən çətinliklə sıyrılır. Hamınız son nəfəsi yeniyetməliyində can köynəyinə dönən tək oğlumun qardaşısınız. Kaş yaşayaydı, əsgər olaydı, sizin sıranızda döyüşəydi, o da sizin biriniz olaydı, əsgər atası olaydım, döyüşçü atası olaydım, şəhid atası olaydım, ay mənim şəhid oğullarım...
Əsən yellər qanar çalır, ağacların budaqlarından yarpaq salır. Göy üzündən üzülən baxışlarım şəhid oğulların baxışlarına sarılır. Düşüncələrim "Yasin"in ayələrinə əyilir. Mənə elə gəlir ki, bu doğma baxışlar "Ömür də, şəhidlik də Vətən üçündü..." - deyir...
Mətərisi qoltuq ağacı olan cavanın nəhayətsizlikdə nəfəs dərən baxışlarından üzülməyən baxışları bir döyüşün hekayət tarixidi - şəhidliyin tarixidi, döyüşlərdə yaralananların tarixidi; döyüşlərdə yaralananlar şəhid döyüşçüylə ruhən kəlmələşir, bayaqdan bəri ruhuna köçürdüyü daş-baxışlarda onun son döyüşündən Zəfərə, Zəfərdən bu günə düşən işığı da görür, bu işıqda o döyüşü, o döyüşdə şəhid olan döyüşçünün atdığı son güllələri xatırlayır:
- Aprel döyüşlərindən danışardın, qəhrəmanlardan danışardın, özündən bircə kəlmə də eşitmədik. Sənin şücaətindən başqaları danışardı. Hər söhbətin vətənsevərlik dərsi idi, komandir. Müharibə başlayan gün mən və daha iki əsgərlə düşmənin iki mühüm postunu ələ keçirdik. Sən də bizim sıramızda əsgər kimi döyüşürdün, komandir. Döyüş əzmimiz sənin döyüşündən də güc alırdı, komandir. Müharibənin sonlarında ağır yaralandım... Tez-tez sənin ziyarətinə gəlirəm. Keçən ay ziyarətinə tanımadığım cavanlar da gəlmişdilər. Sənin müharibədən əvvəlki əsgərlərin olublarmış. Ziyarətinə mənəvi borc ödəməyə gəlmişdilər... Sən bizə Vətəni necə sevdirirdin, komandir, necə! Bu sevgiylə döyüşürdük. Yaralanmasam, bu sevgiylə də döyüşəcəkdim... Müharibə haqqında sənin döyüşündən danışıram, necə şəhid olduğundan danışıram, mənim komandirim. Sən mənim də, digər əsgərlərimizin də həm özünün komandiri idin, həm də ruhunun.
Şəhid baş leytenant Tural Əsgərli Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq kəndində anadan olub, Heydər Əliyev adına Hərbi İnstitutu bitirib. 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. İkinci Qarabağ müharibəsində Murovdağ istiqamətində döyüşüb, oktyabrın 1-də şəhid olub. "Rəşadət" ordeni ilə, "Cəsur döyüşçü", "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medallarıyla təltif olunub...
Kimliyini soruşuram. Kirpiklərində iki damla yaş donub. Qəhərlə, "Keçmiş döyüşçü..." deyir, ad-soyad demir. Onun cavabını "Şəhid baş leytenant Tural Əsgərlinin əsgəri..." kimi başa düşürəm. İkimiz də şəhidin baş daşına baş əyirik...
Kimisə gözləyən dörd kursant qərənfilləri sinəsinə sıxıb. Düşünürəm: Ləçəklərinin titrəməsini istəmirlər, onlara elə gəlir ki, ləçəkləri titrəşən çiçəklər gözəlliyini itirir...
Gözləyirlər. Onların belə narahatlıqla gözləməsi mənə 1994-cü ilin Gəncədə şəhid müəllim, şair Nizami Aydının məzarını ziyarət etdiyim günü xatırladır. Nizami Aydın Birinci Qarabağ müharibəsində Sırxavənddə 40 nəfər döyüşçümüzü əsir düşməkdən xilas etmək üçün tankla düşmənin üzərinə getmişdi, döyüşmüşdü, döyüşdə tankı vurulmuşdu, tankla birlikdə özü də yanmışdı. Həmin gün beş şagird qəbiristanlığın girişində kimisə gözləyirdi.
- Müəllimimiz bizə riyaziyyatı öyrədirdi, şəhidliyi ilə Vətəni necə sevməyi də öyrətdi, - şagirdlərdən biri belə demişdi.
- Bizə Vətəni tanıtmışdı, sevgisiylə tanıtmışdı, şəhidliyiylə bir də tanıtdı, - biri belə demişdi.
- Müəllim ömrü şagirdlərinin ömründədi, - biri belə demişdi.
Müəllimi olduğu şagirdinin şagirdlərini görəndə ağbirçək müəllim kövrəlmişdi...
Kursantlar komandirlərinin ziyarətinə gəlmişdilər...
Hərbi Memorial Məzarlıqda dərk edirəm ki, kursant üçün komandir öyrədəndi, müəllimdi. Komandirin ömür payı kursantlarının, əsgərlərinin ömründədi...
...Kursantlar şəhid zabitə məruzə edirlər sanki; bu müqəddəs məruzə ruhun müqəddəs ruha müraciətidi: Zəfər bayramın mübarək, komandir!..
Tarix olmuşların yaddaşıdı. Bir günün də yaddaşı olur; bu günün yaddaşında qalanlar da Vətən üçündü, şəhid qardaşım, şəhidlərin ruhuna ehtiram üçündü...
Sizi ölməzliyə Vətən naminə Vətən uğurladı!..
Rəşid HÜSEYNOV
“Azərbaycan Ordusu”