AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Teymur bəy Novruzov 20 aprel 1880-ci ildə Yelizavetpol quberniyasının Qovlar kəndində (indiki Tovuz rayonu Qovlar şəhəri) görkəmli Novruzovlar nəslindən olan peşəkar hərbçi, çar ordusunun general-leytenantı Mirzə Hacı bəy Novruzovun ailəsində dünyaya gəlib. İbtidai təhsilini Tiflis kadet korpusunda alıb.
O, 17 avqust 1898-ci ildə könüllü olaraq Qafqaz Süvari Diviziyasının 44-cü Nijeqorod Draqun Alayına sıravi əsgər kimi qoşulub və 18 avqust 1898-ci ildə hərbi təhsilini artırmaq üçün Yelizavetqrad Süvari Kadet Məktəbinə göndərilib. Həmin il sentyabrın 29-da qəbul imtahanından yüksək nəticə ilə keçərək "sıravi yunker" olaraq aşağı sinfə qəbul olub. 9 sentyabr 1899-cu ildə "unter-zabit", 1 avqust 1900-cü ildə isə "estandart-yunker" rütbəsinə yüksəlib.
21 mart 1901-ci ildə məktəbi ikinci dərəcəli diplomla bitirdikdən sonra 4-cü Süvari Diviziyasının 10-cu Novotroitsko-Yekaterinslav Draqun Alayına göndərilib və həmin ilin mayında "kornet" rütbəsinə yüksəlib. 30 aprel-4 avqust 1902-ci il tarixlərində mina partlatma və teleqraf əməliyyatlarını öyrənmək üçün 4-cü Mühəndis Briqadasına göndərilib və bu işləri fərqlənmə ilə mənimsəyib. 3 oktyabr 1901-ci ildən 14 oktyabr 1903-cü ilə qədər alayın silah üzrə rəisi olub.
17 avqust 1904-cü ildə "iqlim şəraiti" səbəbindən Teymur bəy Novruzov yenidən 44-cü Nijeqorod Draqun Alayına təyin edilib. 1905-ci il iyulun 3-dən noyabrın 2-dək alayın 5-ci eskadrilyasının müvəqqəti komandiri olub.
Teymur bəy Novruzov 28 iyul 1905-ci ildə alayın kəşfiyyatçıları ilə birlikdə mülki administrasiyaya kömək etmək üçün Qori şəhərinə göndərilib və həmin ilin oktyabrın 11-nə qədər burada ezamiyyətdə qalıb. Həmin ildə "poruçik" rütbəsinə yüksəlib. 1905-ci ilin 13 oktyabrında ona "eskadrilyanın əla vəziyyətinə görə" təşəkkür elan edilib.
O, 23 noyabr-8 dekabr 1905-ci il tarixlərində müvəqqəti olaraq alayın 6-cı eskadrilyasına komandirlik edib. 10 oktyabr 1906-cı ildə alay kitabxanasının rəisi təyin olunub. 10 oktyabr 1907-ci ildən 25 oktyabr 1908-ci ilə qədər müvəqqəti olaraq yenidən alayın 5-ci eskadrilyasının komandiri olub. 1909-cu ildə "ştabs-kapitan" rütbəsinə yüksəlib. 6 dekabr 1909-cu ildə ilk mükafatını - 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordenini alıb.
1910-cu ildə Zabit Süvari Məktəbinin rotasiya heyətinə göndərilib və 1912-ci ildə oranı bitirib.
O, 3 noyabr 1912-ci ildən alayın 4-cü eskadrilyasının komandiri olub, 1913-cü ildə "rotmistr" rütbəsi alıb.
Teymur bəy Novruzov Birinci Dünya müharibəsinə Qafqaz Süvari Diviziyasının tərkibində 17-ci Nijeqorod Draqun Alayının 4-cü eskadrilyasının komandiri kimi qatılıb. 1914-cü ilin avqustunda diviziya 2-ci Qafqaz Ordusu Korpusunun tərkibində Polşa Krallığına gəlib, Şimal-Qərb cəbhəsinin 10-cu ordusunun tərkibinə keçib, Varşava-İvanqorod və Lodz hücumunda iştirak edib. 30 dekabr 1914-cü ildə Şimal-Qərb cəbhəsi ordularının Baş Komandanı general N.A.Ruzskinin əmri ilə "2 noyabr 1914-cü ildə Volya-Kamitska və Tuşina rayonları ərazisində kəşfiyyat eskadrilyasının başçılığında uğurlu əməliyyatlara görə" 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni (qılıncla birlikdə) ilə təltif edilib. 17 aprel 1916-cı ildə "podpolkovnik" rütbəsinə layiq görülüb.
Teymur bəy Novruzov göstərdiyi hərbi şücaətlərə və qüsursuz xidmətlərə görə "Müqəddəs Georgi" ordeninin bütün dörd dərəcəsi ilə təltif olunub. Bundan başqa o, 3-cü dərəcəli "Müqəddəs Stanislav", 3-cü dərəcəli "Müqəddəs Anna", 2-ci dərəcəli "Müqəddəs Anna", 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordenləri və "Poltava döyüşünün 200 illiyi xatirəsinə" medalı ilə təltif edilib.
Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Teymur bəy Novruzov yenicə müstəqilliyini elan edən respublikamızın ərazi bütövlüyünün və azadlığının qorunub saxlanılmasında fəal iştirak edib. O, 9 yanvar 1919-cu ildə milli ordunun sıralarına qəbul olunub və Hərbi nazirin yanında tapşırıqlar üzrə qərargah zabiti təyin edilib. 2 aprel 1919-cu ildə Azərbaycan Demokratik Respublikası Hərbi Məhkəməsinin müvəqqəti üzvü, iyunun 14-də 1-ci Tatar Süvari Alayının komandiri, avqustun 1-də Gəncə şəhərində yerləşən Süvari Diviziyanın komandiri təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 2 avqust 1919-cu il tarixli qərarı ilə ordudakı əla xidmətlərinə görə o, "general-mayor" rütbəsinə yüksəldilib.
Azərbaycan Xalq Cümhuriyyətinin milli ordusunun süvari hissələrinin yaradılması, komplektləşdirilməsi və döyüş hazırlığının yüksəldilməsi istiqamətində T.Novruzovun böyük xidmətləri olub. Süvari diviziyasına komandirlik edərkən süvari alayların formalaşmasında yaxından iştirak edib. Azərbaycan Ordusuna verilən bütün döyüş tapşırıqlarının yerinə yetirilməsində Süvari diviziyasının hissə və bölmələri Azərbaycanın müstəqilliyi uğrunda inamla vuruşub. 1920-ci ilin martında Qarabağda (Şuşada) yerləşən Süvari diviziyasının alayı daşnaklara və daxili düşmənə qarşı döyüş əməliyyatlarında fəal iştirak edib.
1920-ci ildə AXC-nin süqutundan sonra T.Novruzov Sovet hakimiyyətinə qarşı baş verən Gəncə üsyanının təşkilatçılarından biri olub. Üsyan yatırıldıqdan sonra mühacirət etmək məcburiyyətində qalıb. İlk Gürcüstana keçib, sonra 1920-ci ilin yayında general Vrangeldən silah və maliyyə yardımı almaq üçün Krıma yollanıb. Bolşeviklərin təqibindən xilas olmaq üçün 1921-1923-cü illərdə Türkiyədə, daha sonra Almaniyada və Fransada yaşayıb. Parisdə 1938-ci ildə keçirilən Rus Hərbi Əlillər İttifaqı Qurultayının idarə heyətinə üzv seçilib.
O, 30 iyun 1961-ci ildə Nitsada vəfat edib və buradakı Kokad qəbiristanlığında dəfn olunub.
Teymur bəy Novruzov sağlığında haqqında şeirlər yazılan Azərbaycan Xalq Cümhuriyyəti ordusunun nadir hərbçilərindəndir.
"Azərbaycan Ordusu"