Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Noyabr 2025 12:38

Qarabağımız yenidən intibah dövrünü yaşayır

Qarabağ öz tarixi, mədəniyyəti və təbiət gözəllikləri ilə hər zaman göz önündə olub. Bu torpaqlar min illər boyu Azərbaycan xalqının qəhrəmanlığı sayəsində göz bəbəyi kimi qorunub. Lakin XX əsrin sonlarından etibarən işğala məruz qalmış Qarabağın taleyi xalqımıza sanki bir dərd oldu. İşğal olunmuş torpaqlarımızı sülh yolu ilə azad etmək üçün uzun illər mübarizə aparıldı, lakin Ermənistan öz məkrli niyyətindən əl çəkmək istəmədi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri müxtəlif çaplı silahlardan istifadə edərək ərazilərimizə hücum edib, mülki əhaliyə atəş açdılar. Nəticədə insanlar yaralandı və şəhid oldular. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan    İlham Əliyev ərazilərimizi işğaldan azad etmək üçün əmr verdi. Rəşadətli Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Yüksək döyüş hazırlığına malik olan Azərbaycan Ordusu döyüş meydanında əsl qəhrəmanlıq göstərdi. Düşmənin çox sayda strateji hərbi obyektlərini döyüş texnikasını və canlı qüvvəsini məhv etdi. Düşmənə gözdağı olan igid oğullarımız 44 günlük Vətən müharibəsində öz gücü və qətiyyəti ilə torpaqlarımızı işğaldan azad etdilər.
Vətən müharibəsi həm ön cəbhədə, həm də arxa cəbhədə gedirdi. Bu, həm də informasiya müharibəsi idi. Ali Baş Komandan İlham Əliyev xarici jurnalistlərə müsahibə verərək bu savaşda Azərbaycanın haqlı olduğunu bütün dünyaya çatdırdı.
Hər gün tarixi ərazilərimizin azad olunması xəbərini Ali Baş Komandan xalqımıza böyük qürur hissi ilə çatdırırdı. Prezident İlham Əliyevin "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" şüarı xalqımızın qələbə əzmini daha da artırırdı.
Tarixi və mədəniyyət şəhərimiz olan Şuşa şəhəri noyabrın 8-də Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad olundu. Bu sevincli xəbəri Ali Baş Komandan xalqımıza çatdırdı: "... Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!..".
Şuşanın azad olunması Azərbaycanın ən böyük uğuruna çevrildi və bununla da tariximizə Böyük Zəfər yazıldı. Bu Zəfər həm hərbi, həm mənəvi, həm də siyasi baxımdan Azərbaycanın böyük qələbəsi idi. Böyük Zəfərin qazanılması nəticəsində xalqımız haqq-ədalətin bərpa olunduğuna əmin oldu.
Tarixi Zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, rəşadətli Azərbaycan Ordusunun yüksək döyüş ruhu, şəhidlərimizin qanı nəticəsində qazanıldı. Qazanılan hər bir uğur tariximizin şanlı səhifələrində əks olundu.
Böyük Zəfər həm də regionda sülh və sabitliyin bərqərar olunmasına xidmət etdi və Azərbaycan dövlətinin gücünü və xalqının iradəsini dünyaya nümayiş etdirdi.
Vətən müharibəsinin bitməsi ilə Qarabağ iqtisadi zonasında yenidən intibah dövrü başlandı. İqtisadiyyat, təhsil və mədəniyyət sahələrində sürətli irəliləyişlər müşahidə olundu. Vaxtilə ermənilər tərəfindən dağıdılmış, viran qoyulmuş Qarabağımız indi yenidən qurulur, inkişaf etdirilir. Şəhər və kəndlərin abadlaşdırılması üçün geniş infrastruktur layihələr həyata keçirilir. Yollar asfaltlanır, müasir tələblərə uyğun təmir edilir. Yeni məktəblər, uşaq bağçaları, mədəniyyət ocaqları tikilib istifadəyə verilir. Görülən işlər həm iqtisadi, həm də mənəvi baxımdan bölgənin inkişafına təkan verir, orada yaşayan sakinlərə böyük inam aşılayır.
Azərbaycan dövləti tərəfindən Qarabağın təhsil müəssisələrinə də xüsusi diqqət göstərilir. Onu da qeyd edək ki, sentyabrın 14-də Prezident İlham Əliyev Qarabağ bölgəsinə səfər etdi. O, Füzuli rayonunda yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoydu. Həm Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında, həm də Xankəndi şəhərində Qarabağ Universitetinin klinikasının, “Tibb və sağlamlıq elmləri” fakültəsinin tədris korpusunun açılışında iştirak etdi.
Torpaqlarımızın azad edilməsinə görə Qarabağ bölgəsinin sakinləri tərəfindən dövlət başçısına təşəkkürlər ünvanlandı. Prezident İlham Əliyev sakinlərlə səmimi söhbət zamanı dedi: "...Bu gün biz bu gözəl Qarabağ diyarında yığışmışıq. Bunun əsas səbəbi xalqımızın birliyidir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasıdır. Biz bütün dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq, döyüş meydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik. Amma sülh ədalətli sülh olmalı idi, beynəlxalq hüquq və tarixi ədalət üzərində sülh olmalı idi. Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi. 2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik. Bu gün bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır...".
İndi Qarabağda həyat yenidən qurulur... Keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıdır, yenə də əvvəlki kimi xoş, firavan həyat sürürlər.

Kifayət ƏLİYEVA "Azərbaycan Ordusu"