Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Noyabr 2025 12:38

Dövlətçiliyimizin əbədi rəmzi - üçrəngli şanlı bayrağımız

Azərbaycan xalqının Ümummilli Lideri Heydər ƏLİYEV:
“Azərbaycan Bayrağı, sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı    İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbənin beşinci ildönümünü böyük fəxarət və qürur hissi ilə qeyd etdik.
Dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu şanlı Qələbə 30 ilə yaxın həsrətin sonu, xalqımızın qüdrəti və milli qürurunun təntənəsi, şəhidlik zirvəsinə ucalan qəhrəman Azərbaycan övladlarının qeyrət təcəssümü, qalib lider, Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü və uğurlu fəaliyyətinin nəticəsi idi.
Bildiyimiz kimi, XX əsrin 90-cı illəri ikinci dəfə müstəqilliyə qədəm qoymuş Azərbaycan Respublikası üçün olduqca çətin və təlatümlü dövr oldu.
Milli ordumuzun olmaması, siyasi rəhbərliyin səriştəsizliyi, ölkəmizin separatçı qüvvələr tərəfindən parçalanması cəhdləri, vətəndaş müharibəsi təhlükəsinin olduğu bir zamanda yaranmış vəziyyətdən istifadə edən işğalçı Ermənistan torpaqlarımızın 20 faizindən çoxunu işğal edərək bu durumu daha da dözülməz etdi. Ekstremistlərə və işğalçılara qarşı ciddi mübarizə aparacaq nizami orduya, milli həmrəyliyə və milli birliyə malik cəmiyyətə, möhkəm əsaslar üzərində qurulacaq bir dövlətə ehtiyac hiss edən Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində ölkəmiz bu sonu görünməyən uçurumdan xilas oldu. Ümummilli Lider tərəfindən siyasi, hərbi, sosial və iqtisadi sahələrdə əsası qoyulan islahatlar qısa zamanda Azərbaycanda daxili sabitliyin əldə olunması, ölkəmizin beynəlxalq aləmdə tanınması və milli ordu quruculuğu prosesinin başlanılmasına səbəb oldu.
Müasir dünyəvi dövlət kimi öz inkişaf yolunu tutan ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin dediyi: "Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən Milli Ordu, bütün xalqın övladıdır və onun formalaşmasına, inkişafına müntəzəm qayğı və diqqət göstərmək hər bir dövlət təşkilatının, yerli orqanların, özəl qurumların, hər bir Azərbaycan vətəndaşının borcudur" sözləri hamı tərəfindən bir vəzifə kimi qəbul edildi.
Ölkəmizin suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təminatçısı olan bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusunun formalaşdırılmasının prioritet məsələ kimi önə çəkilməsi Ulu Öndərin cəsarətli addımlarının nəticəsi idi.
Azərbaycan Respublikasının inkişafı, qüdrətlənməsi, xalqımızın rifahının daha da yüksəldilməsi, ölkəmizin beynəlxalq iqtisadi, sosial, siyasi güc mərkəzinə çevrilməsi istiqamətində xüsusi əhəmiyyətli bir missiyaya başlayan Ümummilli Lider deyirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm".
Ümummilli Lider Heydər Əliyevin müdrik, uzaqgörən, çevik daxili və xarici siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti dahi şəxsiyyətin ideyalarının həyata keçirilməsinə hesablanmışdı. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin söylədiyi: "Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir" fikirlərinin reallığını dövlətimizin başçısının apardığı siyasi fəaliyyətin nəticəsi olaraq dövlət-xalq-ordu birliyində gördük və bu gün də görürük. Beynəlxalq aləmin Azərbaycan torpağı kimi tanıdığı, lakin mənfur qonşumuz tərəfindən içğal edilmiş 20 faizdən çox torpağımızın azad olunmasında biz bunun əyani şahidi olduq.
1994-cü ildə bağlanmış Atəşkəs müqaviləsindən sonra havadarlarından hər cür siyasi, iqtisadi, hərbi dəstək alan işğalçı Ermənistan aparıcı beynəlxalq təşkilatların - BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurasının bizim haqlı mövqeyimizlə bağlı qəbul etdikləri qərar və qətnamələrə nəinki məhəl qoymur, cəbhə bölgəsində miqyasından asılı olmayaraq müxtəlif təxribatlara əl ataraq ərazilərimiz və vətəndaşlarımız üçün yeni təhlükələr yaradırdı. Bu istiqamətdə məqsədyönlü siyasi fəaliyyətin nəticəsi olaraq işğala qarşı yaranmış beynəlxalq hüquqi zəmin çərçivəsində Müzəffər Ali Baş Komandanın "Azərbaycan Bayrağını işğal altında olan bütün torpaqlarımızda qaldıracağıq" sözlərini qarşısına məqsəd qoyaraq torpaqları güc yolu ilə geri qaytarmaq əzmində olan, gündən-günə daha da möhkəmlənən və döyüş qabiliyyətini artıran Azərbaycan Ordusunun 2016-cı ildə Aprel döyüşlərində, 2018-ci ildə Günnüt əməliyyatında 2020-ci ilin Tovuz döyüşlərində əldə etdiyi qələbələrini belə düzgün qiymətləndirməyən işğalçı Ermənistan rəhbərliyi 2020-ci ilin əvvəllərində yeni təxribatlara əl atdı. Bu təxribatlarla Azərbaycan torpaqları hesabına yeni ərazilər əldə etməyin əsasını qoyduqlarını düşünən mənfur qonşularımız həmin ilin sentyabrında genişmiqyaslı hücum əməliyyatına başladılar. Müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edən düşmən qüvvələri yaşayış məntəqələrimizi və mövqelərimizi atəşə tutdular.
Azərbaycan və Ermənistan arasında mövcud olan münaqişənin sülh yolu ilə həllinə cəlb olunan ATƏT-in Minsk qrupunun loyallığı, işğalçılıq siyasətinə görə Ermənistanın cəzasız qalması mənfur düşməni növbəti təcavüz aktına ruhlandırdı.
Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub, öz ərazilərini azad etmək hüququndan istifadə edərək 2020-ci ilin 27 sentyabrında Ali Baş Komandanın rəhbərliyi ilə uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu mərdliklə vuruşaraq əsl qəhrəmanlıq dastanı yazdı. "XXI əsrin müharibəsi" adını alan İkinci Qarabağ müharibəsində ordumuzun qəhrəman döyüşçüləri çətin relyef şəraitində düşmənin onilliklərlə qurduğu mürəkkəb quruluşlu istehkamları əsl peşəkarlıq, məharət və yenilməz əzmkarlıqla yarıb keçərək Vətən üçün hər cür fədakarlığa hazır olduqlarını sübut etdilər.
Döyüş meydanında ağır məğlubiyyətə uğrayan təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüquq normalarını pozaraq dinc əhaliyə qarşı terror əməlləri həyata keçirdi, Azərbaycanın Gəncə və Bərdə şəhərlərinə raket hücumları edildi. Lakin düşmənin hərbi cinayətləri xalqımızın mübarizə əzmini qıra bilmədi, Xocalıda, Bərdədə və Gəncədə həlak olan günahsız insanlarımızın qisasını döyüş meydanında alan Azərbaycan Ordusu düşmənə layiq olduğu yeri göstərdi.
2020-ci ilin 10 noyabrında rəşadətli ordumuz işğalçı Ermənistanı masa arxasında oturmağa, Üçtərəfli Bəyanatı - kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu Şanlı Qələbəmizin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" müvafiq Sərəncamı ilə Azərbaycan xalqı üçün böyük tarixi əhəmiyyəti olan, müharibənin taleyini həll edən, Qarabağın tacı olan Şuşanın azad olunduğu günü - noyabrın 8-ini Zəfər Günü elan etdi.
Qələbədən sonrakı dövrdə regionda yaranan siyasi hadisələr fonunda mənfur düşmənin Üçtərəfli Bəyanatın tələblərini kobud şəkildə pozması, qəbul edilmiş öhdəlikləri yerinə yetirməməsi və digər bu kimi mənfi hallar yaxın gələcəkdə bölgədə yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi. Nəticədə düşmənin pozuculuq fəaliyyətinin qarşısının alınması, eyni zamanda, bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı birləşmələrinə qarşı antiterror əməliyyatı həyata keçirildi.
2023-cü ilin 19-20 sentyabr tarixlərində, 23 saat 43 dəqiqə müddətinə rəşadətli Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektlərini hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Antiterror tədbirləri nəticəsində hərb tariximizə daha bir Zəfər salnaməsi yazıldı.
Ümummilli Lider Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaqdır" kəlamı bu gün artıq tam reallaşıb. Bu müqəddəs kəlamın məntiqi davamı olaraq bu gün ölkəmiz Ulu Öndərin siyasi xəttini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyi sayəsində öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən bir dövlət kimi bütün sahələr üzrə davamlı inkişafı dostda güvən, düşməndə qorxu yaradır.
Bu inkişaf ordu quruculuğu prosesində də özünü göstərir. Yeni yaradılan hərbi təhsil ocaqları, müasir hərbi-texniki yeniliklərin ordumuzda geniş tətbiqi, hərbi qulluqçularımızın peşəkarlığının gündən-günə artırılması, həyata keçirilən sosialyönlü islahatlar buna əyani sübutdur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın sözləri ilə desək: "Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür".
Bu il 8 Noyabr - Zəfər Gününü, 9 Noyabr - Dövlət Bayrağı Gününü də təntənəli şəkildə qeyd etdik. Millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsi olan Azərbaycan Bayrağına hər bir vətəndaşımız hörmət və ehtiramla yanaşır. Ulu Öndər Heydər Əliyev Dövlət Bayrağımızı səciyyələndirərək demişdi: "Azərbaycan Bayrağı, sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.
Bu gün üçrəngli, ay-ulduzlu şanlı Dövlət Bayrağımız suveren hüquqlarımızın bərpa edildiyi bütün ərazilərimizdə vüqarla dalğalanır. Böyük dövlətçilik təfəkkürünə malik olan Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hər yerində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da tikinti-bərpa işləri sürətlə həyata keçirilir. Viran olunmuş tarixi yerlərimizə həyat yenidən qayıdır. Bir vaxtlar öz yurd-yuvalarından kədər dolu göz yaşları ilə çıxarılan soydaşlarımız indi "Böyük Qayıdış" Proqramının icrasına uyğun olaraq doğma yurdlarına sevinc göz yaşları ilə, qürurla dönürlər.
Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalan, onun uzaqgörən siyasətini müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirən Prezident    İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün Cənubi Qafqazın ən güclü dövləti kimi öz sözünü deyir. Qələbə ruhu xalqımızın mənəviyyatında əbədi yaşayır.
Müstəqilliyimizin, azadlığımızın və milli kimliyimizin rəmzi olan Azərbaycan Bayrağı hər zaman yüksəkdə dalğalansın, xalqımız daim qalib və qürurlu olsun!

Elçin İMANOV "Azərbaycan Ordusu"