Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Noyabr 2025 12:38

Quruculuğun, qayıdışın, dirçəlişin simvolu!

Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti arasında 2020-ci il noyabrın 10-da imzalanan Üçtərəfli Bəyanatla Ağdam rayonu hərbi əməliyyatlar olmadan və itki verilmədən 2020-ci il noyabrın 20-də Azərbaycana qaytarılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu tarix Ağdamın işğaldan azad edildiyi gündür və Ağdam Şəhəri Günü olaraq qeyd olunur.
Ağdamın keçmişinə və bu gününə birlikdə nəzər salaq.
Qarabağ düzünün dağətəyi hissəsində yerləşən Ağdam rayonu və XVIII əsrdə əsası qoyulan Ağdam şəhəri qədim tarixə malik əhəmiyyətli məkandır. Şəhərdə çoxsaylı memarlıq və incəsənət abidələri mövcuddur. Məsələn, XIX əsrdə inşa edilmiş türbə, Xanoğlu və Pənah xanın türbələri və imarətləri, iki sandığabənzər abidə və XV əsrə aid Sərdabə bunlardan bəziləridir.
1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Qarabağın mərkəzi bölgəsində yerləşən Ağdam rayonunun böyük hissəsini işğal etmişdi. Rayonun müdafiəsi uğrunda gedən döyüşlər nəticəsində 5 min 897 nəfər həlak olub, 3 min 531 nəfər yaralanıb. İşğal dövrü ərzində Ağdama dəymiş ümumi maddi ziyanın məbləği 13 milyard 135 milyon ABŞ dolları olaraq hesablanır.
Ağdam qədimdən həm ağır yeyinti və yüngül sənaye sahələrinin, həm də inkişaf etmiş kənd təsərrüfatının mövcud olduğu bir rayon kimi tanınıb. Rayonda dəzgahqayırma avadanlıqları, aerokosmik və rabitə qurğuları, metiz və furnitur istehsalı, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir məhsulları, barama toxumu, pambıq emalı, şərabçılıq və mexanikləşdirilmiş çörək istehsalı üzrə müəssisələr fəaliyyət göstərib. Bununla yanaşı, xalça fabriki, taxıl emalı müəssisələri, tikinti materialları istehsalı, ət kombinatları, iki dəmir yolu stansiyası və aeroport da rayonun iqtisadi infrastrukturunun əsas hissəsini təşkil edirdi. Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və digər sosial-mədəni obyektlər də burada fəaliyyət göstərib. Rayon ərazisində 1700 hektar meşə sahəsi, 91,3 min hektar isə kənd təsərrüfatına yararlı torpaq mövcud idi.
Rayon Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində tamamilə dağıdılmış, demək olar ki, heç bir tikili salamat qalmamışdı. Bir zamanlar gözəlliyi və füsunkarlığı ilə seçilən, Qarabağın giriş qapısı kimi tanınan Ağdam işğal illərində sanki viran qalmış bir şəhəri xatırladırdı. Elə buna görə də müxtəlif mətbuat orqanlarında ona "Qafqazın Xirosiması" və "Ruhlar şəhəri" kimi simvolik adlar verilmişdi.
2020-ci il sentyabrın 27-də Ermənistanın hücumuna cavab olaraq başlanan əks-hücum əməliyyatında Azərbaycan Ordusunun hərbi qulluqçuları böyük şücaət və fədakarlıq nümayiş etdirdilər. Məhz onların qəhrəmanlığı, xalqla ordunun və dövlət rəhbərliyinin sarsılmaz birliyi sayəsində uzun illər işğal altında qalmış torpaqlarımız azad olunaraq öz həqiqi sahibinə geri qaytarıldı. Vətən müharibəsində əldə olunan Zəfər Ermənistanı kapitulyasiya aktını imzalamağa və işğal etdiyi əraziləri tərk etməyə məcbur etdi. Bunun nəticəsi olaraq, Ağdam rayonunun işğalda qalan hissəsi bircə güllə belə atılmadan Azərbaycana təslim edildi.
Beş il öncə, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə səfər etdilər. Azərbaycan Bayrağının Ağdamda dövlət başçısı tərəfindən ucaldılması milyonlarla həmvətənimizin qəlbində böyük fəxarət və sevinc hissi yaratdı, çünki bu addım haqq işimizin qələbəsinin rəmzi kimi qəbul olundu.
Həmin səfər zamanı Azərbaycan Respublikasının Prezidentinin söylədiyi sözlər insanlarda böyük ümid formalaşdırdı. Dövlət başçısı vurğulayırdı: "...Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik".
O vaxtdan etibarən rayonda genişmiqyaslı tikinti və bərpa prosesinə start verilib. Ərazinin böyük bir hissəsi minalarla çirklənsə də, paralel şəkildə həm təmizləmə tədbirləri həyata keçirilir, həm də şəhərin sosial infrastrukturunun tamamilə yeni və müasir konsepsiya əsasında formalaşdırılmasına başlanılıb.
Son dörd il ərzində Ağdam şəhərində bir çox vacib infrastruktur layihələri reallaşdırılıb. Şəhərin Baş planı nüfuzlu beynəlxalq şirkətlər tərəfindən hazırlanaraq təsdiq edilib. 2021-ci il mayın 28-də Ağdamın Baş planı Prezident İlham Əliyevə təqdim olunub və həmin gün şəhərin bərpasının təməlinin qoyulması ilə yeni inkişaf mərhələsinə start verilib.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın bərpası və rayonda davam edən tikinti-quruculuq işlərini daima diqqətdə saxlayırlar. Bu il ərzində onlar dəfələrlə rayona səfər edərək aparılan işlərlə yaxından tanış olublar. Fevralın 18-də Prezident və Birinci xanım Ağdam şəhər 1 nömrəli tam orta məktəb, 1 nömrəli körpələr evi-uşaq bağçası və 1268 mənzilli 2-ci yaşayış kompleksi daxil olmaqla, aparılan tikinti işlərini, həmçinin "Ağdam Residence" yaşayış kompleksində yaradılan şəraiti, Ağdam Muğam Mərkəzi və "Hilton Garden İnn" hotelində görülən işləri yerində izləyiblər. Dövlət başçısı, eyni zamanda, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılış mərasimində də iştirak edib.
Martın 27-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Sarıcalı kəndində birinci mərhələ üzrə inşa edilmiş layihələrin açılışında iştirak ediblər. Onlar yerli icra orqanları üçün tikilmiş çoxfunksiyalı inzibati binanı, Sarıcalı kənd körpələr evi-uşaq bağçasını və tam orta məktəbin yeni binasını açılış mərasimində təqdim ediblər. Həmçinin yeni inşa olunmuş fərdi yaşayış evlərində yaradılan şəraitlə də tanış olublar.
Mayın 10-da Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər. Həmin gün dövlətimizin başçısı rayonun Kəngərli kəndinə köçmüş sakinlərlə görüşərək onlara evlərin açarlarını təqdim edib.
Prezident İlham Əliyev Kəngərli kəndində yeni tikilmiş fərdi evlərdə, kənd klub-icma mərkəzində və yerli icra orqanları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub. O, həmçinin Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında, tam orta məktəbin yeni binasında, kəndin birinci mərhələsində və Ağdam Dəmir Yolu ilə Avtovağzal Kompleksinin açılış mərasimlərində də iştirak edib.
İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün Xankəndi şəhərində iştirakçıları Ağdamdakı "İmarət" Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının "Zəfər" şousunu izləyiblər.
Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasını ziyarət ediblər və rayonun Xıdırlı kəndində 1-ci mərhələsi tamamlanmış layihənin açılışında iştirak ediblər.
Keçmiş məcburi köçkünlər artıq Ağdama geri dönməyə başlayıblar. Xıdırlı, Sarıcalı və Kəngərli kəndləri sakinlərini yenidən qəbul edib. Hazırda rayonda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Yenidən qurulan müasir şəhər illərdir doğma yurda qayıtmaq arzusunda olan insanlara qapılarını açıb. Rayon üzrə tikinti və bərpa işləri sürətlə davam edir - sosial obyektlər, binalar və mənzillər inşa olunur, abad küçə və prospektlər salınır. Ağdamın ağ damlı evləri və yenilənən məskənləri onun həm müasir, həm də abad yaşayış şəhərinə, həmçinin ölkənin iri sənaye mərkəzlərindən birinə çevriləcəyini göstərir.

Şəlalə DÜNYAMALIYEVA "Azərbaycan Ordusu"