AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycanın ərazi bütövlüyünə qarşı erməni təcavüzi baş qaldıranda qəlbi Vətənlə döyünən hər kəs daima düşmənin bu çirkin niyyətinə qarşı çıxmışdır. Ermənilər Vətənimizə ayaq açandan özlərinə yoxdan dövlət yaratdılar. Söz yox ki, bu təkcə ermənilərin işi deyildi. Onlara dəstək olan havadarların da əməyi sayəsində bu mümkün olmuşdu. Sonradan ermənilərin Qafqaza, daha doğrusu, Azərbaycana böyük köçü başladı. Onlar daha çox indiki Ermənistan adlandırılan əzəli ərazilərimizdə və Qarabağda məskunlaşdılar. Burada yaşayan yerli əhalini tədricən müxtəlif üsullarla sıxışdırıb çıxarmağa başladılar.
Sovet dövründə Qarabağa Muxtar Vilayət statusunun verilməsinə nail olandan sonra burada yaşayan ermənilər özlərini Azərbaycanda deyil, sanki Ermənistandakı kimi hiss etməyə başladılar. Qarabağla bağlı saxta tarix uydurdular, "arxeoloji qazıntı"lar aparıb erməni izini "tapdı"lar, bir sözlə, Qarabağı bütövlüklə erməniləşdirmək istədilər, lakin əsl tarix ermənilərin saxtakarlıqlarını üzə çıxartdı.
Ötən əsrin 80-ci illərinin sonunda ermənilər yenidən "fəallaşdı"lar. Onlar açıq şəkildə Qarabağı Ermənistana birləşdirmək üçün meydanlara axışdılar. Azərbaycan xalqı əzəli və əbədi Qarabağa sahib çıxdı. Bu illər ərzində böyük məğlubiyyətlər və məhrumiyyətlər yaşasaq da, son anda düşməni arzusuna çatmağa qoymadıq.
Azərbaycan xalqı qüdrətli dövlət qurdu, güclü ordu yaratdı. Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq qalan, onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olundu.
Bu gün Azərbaycan elə bir orduya malikdir ki, güclü, inkişaf etmiş ölkələrin orduları ilə eyni sırada yer alır. Ordumuzu güclü edən onun əsgər və zabitləridir. O zabitlər ki, onlar hərbin sirlərini, incəliklərini böyük həvəslə öyrənib əsgərlərə öyrədiblər. Əsgərlər də öz növbəsində bilik və bacarıqlarını dərindən mənimsəyib döyüş meydanında tətbiq ediblər. Bu gün də ordumuzda Vətənə sonsuz məhəbbətlə xidmət edən zabitlər çoxdur. Onlardan biri haqqında söz açmaq istəyirəm.
Baş leytenant İslam Muxtar oğlu Mustafayev əslən Qərbi Azərbaycandandır. İslamın da doğmaları Ermənistandan məcburi köçkün düşüblər. Onlar əvvəl Qazaxıstanın Almatı şəhərinə gediblər. Daha sonra isə doğma Azərbaycana, Gəncəyə gələrək burada məskunlaşıblar. İslam 1992-ci ildə Almatı şəhərində doğulsa da, Gəncə şəhəri Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbə gedib. Orta məktəbdə oxuduğu illərdə xalqımızın üzləşdiyi Birinci Qarabağ müharibəsi ilə bağlı yetkin biliyə malik olub. Ermənilərin Azərbaycan xalqının başına zaman-zaman gətirdiyi faciələri öyrənib. Nəhayət, doğmalarının dədə-baba yurdundan necə didərgin düşdüklərini bilib. Orta məktəbi bitirdikdən sonra İslam müddətli həqiqi hərbi xidmətə yollanıb. Xidmətini cəbhə bölgəsində edib. Gecə-gündüz demədən əldə silah silahdaşları ilə döyüş növbəsində dayanıb. Qarşıdakı düşməni bir an belə gözdən qoymayıb. Hətta gecələr, məhdudgörmə şəraitində erməni kəşfiyyatı İslamın olduğu posta hücum etmək istəyib. Lakin onun və silahdaşlarının sayıqlığı sayəsində düşmən istəyinə nail ola bilməyib.
Baş leytenant İslam Mustafayevin müddətli həqiqi hərbi xidmət dövrü onun ən yaddaqalan maraqlı ömür anlarıdır. Səngərdəki xidmətin İslamın gələcək həyatına böyük təsiri olub. O, burada qışın sazağına, yayın qızmarına mərdliklə sinə gərərək mətinləşib. 2012-ci ilin aprelində İslam ordu sıralarından tərxis olunanda ürəyi səngərdə, döyüşçü yoldaşlarının yanında qalıb. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi ordu sıralarında xidmət etmək istəyib. Lakin qəlbinin səsi ona deyib ki, tələsmə, ali təhsil al, zabit kimi xidmətə başla.
İslam ordu sıralarından tərxis olunandan sonra 2013-cü ildə ali təhsil almaq qərarına gəlib. O, orta məktəbdə yaxşı oxuyub. Tarix, coğrafiya, riyaziyyat, Azərbaycan dili onun ən yaxşı mənimsədiyi fənlər idi. Universitetə qəbul olmaq üçün ciddi hazırlaşır. Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanda yüksək bal toplayaraq Gəncə Dövlət Universitetinin “Tarix-Coğrafiya” fakültəsinə qəbul olur.
İslam Universiteti bitirsə də, özünü mülki həyatda görə bilmir. 2020-ci ildə onu hərbi təlim toplanışına cəlb edirlər. Bu çağırış İslamın ürəyincə olur. O, tərəddüd etmədən ordu sıralarına yollanır. Təlim kursu keçəndən sonra cəbhədə vəziyyət gərginləşir. Düşmən cəbhə boyu atəşkəsi pozur və bir neçə istiqamətdə ön xətti yarmağa cəhd edir. Lakin ordumuzun bölmələrinin sayıqlığı nəticəsində düşmən hücumunun qarşısı alınır və itki verməklə geri otuzdurulur.
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu birləşmələrinə əks-hücum əmri verir. İslam artıq ordu sıralarında idi. Düşmənin daha çox fəallaşdığı Murovdağ-Kəlbəcər istiqamətində əsgər kimi düşmənə qarşı döyüşürdü. İslamın döyüşdüyü istiqamətdə ilk günlərdə uğurlu hərbi əməliyyatlar keçirilsə də, komandanlığın qərarı ilə bu istiqamətdə hücum dayandırıldı və müdafiə gücləndirildi. Amma cəbhənin cənub-qərb istiqamətində ordumuz irəlilədi və 30 ilə yaxın düşmənin işğalı altında qalan kəndlər, qəsəbələr və şəhərlər azad edildi. 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə Qarabağın tacı, Azərbaycanın mədəniyyət mərkəzi sayılan Şuşa azad edildi. Darmadağın edilən düşmən ordusunun təslim olmaqdan başqa çıxış yolu qalmadı. Düşmən kapitulyasiya aktını imzaladı və Kəlbəcər, Ağdam, Laçın rayonlarının boşaldılmasına vaxt istədi. Bu tarixi qələbə Azərbaycan Ordusunun on illər əvvəl hazırlaşdığı və gözlədiyi Zəfər oldu. Bu Zəfərin qazanılmasında İslamın da böyük xidmətləri olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə İslam Mustafayev "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
İkinci Qarabağ müharibəsindən sonra İslam Mustafayev Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən “Ehtiyat zabit hazırlığı kursu”na qəbul olur və "motoatıcı taqım komandiri" ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirir. Ona "leytenant" hərbi rütbəsi verilir və hərbi hissələrdən birində motoatıcı taqım komandiri kimi xidmətə davam edir.
Baş leytenant İslam Mustafayev bu illər ərzində ayrı-ayrı hərbi hissələrdə xidmət edib. Kursda aldığı bilik və bacarıqlardan yararlanmağa çalışıb.
İslam tabeliyində olan şəxsi heyətin qayğısına qalmaqla yanaşı, onların fərdi hazırlığına ciddi yanaşır. Əsgərlərə taktiki, atəş, fiziki, sıra və başqa hazırlıqlar üzrə yüksək biliklər aşılayır. Həm nəzəri, həm də praktiki məşğələlərdə əsgərlərin yol verdiyi səhvləri izah edir, nöqsanları aradan qaldırmağa çalışır.
Baş leytenant İslam Mustafayev hazırda düşməndən azad edilmiş ərazilərdə xidmətini davam etdirir. Müharibənin törətdiyi fəsadlardan, xalqımızın igid, qəhrəman oğullarının döyüş meydanında göstərdiyi şücaətlərdən, uğurlu hərbi əməliyyatlardan söz açır. Onlara igid, qəhrəman oğullar kimi Vətənin keşiyində dayanmalarını aşılayır. O, Vətənə nümunəvi xidməti ilə həm zabit yoldaşları, həm də əsgərlər arasında rəğbət qazanıb. Bu çətin və şərəfli yolda ona uğurlar arzulayırıq.
Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"