Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Noyabr 2025 12:38

Müasir, Qalib, Şanlı Azərbaycan Ordusu

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:
...Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Halbuki, biz dünya hərb tarixindən bilirik ki, belə çətin müharibələrdə, xüsusilə bizim üçün əlverişsiz relyef şəraitində gedən müharibələrdə manevrlər də olur, geriyə addımlar da olur və gözlənilməz hadisələr də olur. Ancaq bizi Qələbəyə aparan güclü iradə idi, Vətən sevgisi idi, hərbçilərimizin peşəkarlığı idi.

Son illərdə dünyada baş verən münaqişələr, qanlı toqquşmalar bu fikri bir daha təsdiqləyir ki, döyüş hazırlığı yüksək şəxsi heyətə, müasir texnoloji yeniliklərə malik ordu yaratmaq strateji zərurət və dövlətin varlığını təmin edən mahiyyətdir. Bu nöqteyi-nəzərdən müstəqilliyinə sevinə bilmədən elan olunmamış müharibəyə cəlb olunan ölkəmiz üçün sadalananlar ordu quruculuğu sahəsində hər zaman seçilmiş mühüm fəaliyyət istiqamətlərindən olmuşdur. Müstəqil Azərbaycanın dövlətçilik tarixində hərb sahəsi hər zaman seçilmiş prioritetlərdən biri olmaqla yanaşı, hərbi ənənələrimizin davamı olaraq bu gün də yaşayır və uğurla davam etdirilir. Ölkənin varlığının qarantı, onun vuran əli və qoruyan qalxanı olan ordusu suverenliyin və milli maraqların da qorunması üçün hər zaman dövlətinin və xalqının etimadını layiqincə doğruldur.
Şanlı Azərbaycan Ordusunda son illər ərzində aparılan zəruri islahatlara nəzər salsaq, görərik ki, görülən işlər ölkəmizin qüdrətinin artırılması, regionda sülhün təmin olunması yolunda öz müsbət nəticələrini verməkdədir. Bunun üçün də son bir neçə ilin ölkəmiz üçün təkcə regionda deyil, dünyada da mühüm əhəmiyyətə malik dövrün olmasını bir daha təsdiqləyir. Tarixin nailiyyətlərlə dolu, qürurverici anlarını yaşayan Odlar Yurdu Azərbaycanımızın hələ təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün onun siyasi kursunun layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi və tapşırığı ilə davam etdirilən ordu quruculuğu sahəsi və bu sahədə aparılan islahatlar bu gün də ordumuzun bütün istiqamətlərini əhatə etməyə davam edir.
Bu yazıda ordu quruculuğumuzun dövrün müasir tələbləri nəzərə alınmaqla icrası istiqamətlərinə nəzər salınacaq, qarşıda duran məqsədlərin təhlili aparılacaq.
Məlumdur ki, ordu quruculuğu sahəsinin vacib elementlərindən biri, hətta böhran dövründə bəlkə də birincisi olan hərbi-texniki sahədir. Texnologiyanın hər an yeniləndiyi və inkişaf etdiyi dövrdə hər bir ölkənin qarşısında duran əsas məsələlərdən biri bu sahənin müdafiə sistemlərinə inteqrasiyasıdır. Belə ki, ordunun arsenalında olan silah-sursat və hərbi texnikaların kəmiyyətindən əvvəl keyfiyyəti prioritet seçilir. Ordunun maddi-texniki bazasının formalaşması üçün də ölkənin iqtisadi gücü və bununla da hərbi büdcənin çox olması ön plana çıxır. Bu gün uzaqgörən dövlət başçısının rəhbərliyi altında atılan uğurlu addımlar nəticəsində ölkəmizin iqtisadi qüdrəti artaraq hərbi büdcəmizin də sürətlə yüksəlməsinə səbəb olur.
Ötən illərə nəzər salsaq görərik ki, ordumuzun arsenalına modern tələblərə cavab verən silah və texnikaların qəbulu, hərb işinin icrasında yüksək texnologiyaların tətbiqi seçilmiş mühüm istiqamət olaraq hərbi qüdrətimizin artırılmasında mühüm nüanslardan biridir. Ordunun döyüş qabiliyyətinin artırılmasında, hərbi-texniki bazanın təkmilləşdirilməsində, kadr heyətinin dövrün tələblərinə uyğun komplektləşdirilməsində dünyanın qabaqcıl ordularına malik dövlətləri ilə qurulan əməkdaşlıqlar da mühüm rol oynayır.
Adıçəkilən istiqamətin inkişafının nəticəsidir ki, Azərbaycanın quru, dəniz və havadan toxunulmazlığını təmin etmək məqsədilə dünyanın 50-dən çox ölkəsinin müxtəlif şirkət və sənaye mərkəzləri ilə sıx əlaqələr qurulur, müdafiə sənayelərimizdə istehsal olunan məhsullar ilə ölkənin özünümüdafiə potensialı artır.
Azərbaycan Ordusunun güclənməsi üçün aparılan islahatlar, döyüş qabiliyyətini artırmağa yönəlik fəaliyyətlərin düzgün və yerində olmasının göstəricisidir ki, 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı, 2020-ci ilin Tovuz döyüşləri və haqq savaşımız olaraq tarixləşən İkinci Qarabağ müharibəsi qələbə ilə başa çatdı. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi xalqın ordusuna sevgisinin, ordunun xalqına sədaqətinin savaşı oldu. Qarşıya qoyulan vacib tapşırıqları özünə müqəddəs amal bilən qəhrəman oğullarımız üzərlərinə düşən vəzifələrin öhdəsindən şərəf və cəsarətlə gəlməyi bacardılar. "Dəmir Yumruq" əməliyyatı həm də dünyanın hərb tarixinə yazılan və öz unikallığı ilə fərqlənən bir savaş olaraq həkk olundu. İkinci Qarabağ müharibəsinin analoqsuz olmasını səciyyələndirən amillərdən biri də, yüksək dəqiqlikli silahların istifadəsi idi ki, bu da düşmənin konkret və legitim hədəflərinin zərərsizləşdirilməsi, mülki əhali və dinc infrastruktura zərər vurmamaqla humanizm dəyərlərindən kənara çıxmamasıdır. Bununla da İkinci Qarabağ müharibəsini haqq savaşımızla yanaşı, ədalətli mübarizəmiz kimi də adlandırmaq olar ki, bütün beynəlxalq hüququn norma və prinsipləri qorundu. İkinci Qarabağ müharibəsi dünya tarixində yeni mərhələnin başlanğıcını qoydu. XXI əsrin haqq savaşını aparan ordumuzun döyüş əməliyyatlarının planlanması, seçdiyi taktikanın düzgün aparılması, xüsusən də Şuşa əməliyyatı özü hazırda dünyanın qabaqcıl hərbi institutlarında öyrənilir və tədris edilir. Son təcrübələr bir daha sübut edir ki, müasir dövrdəki savaşlar yalnız kəmiyyətlə qazanılmır, düzgün strateji planlama, koordinasiya və texnoloji üstünlüklə qazanılır.
44 günlük Vətən müharibəsi sayəsində bütün dünya müasir dövrün müharibəsi, döyüşaparma üsul və vasitələri ilə tanış oldu ki, bu da ordumuzun gücünün, şəxsi heyətin peşəkarlığının göstəricisi idi. Məhz texnologiyaların müasirliyi, şəxsi heyətin vətənpərvərliyi ilə qısa müddət ərzində yazılan böyük tarix, döyüş üsulunun düzgün seçilməsinin məntiqi nəticəsi idi. Azərbaycan Ordusunun bu il 5-ci ildönümü qeyd olunan Böyük Zəfərin qazanılmasında innovativ yeniliklərin tətbiqi, döyüşü "minimum itki, maksimum göstərici" prinsipi ilə qazanması qısa müddət ərzində ordumuzda aparılan islahatların, düzgün seçilən strategiyanın nəticəsidir. Post-konflikt dövründə də dövlət başçımız tərəfindən ordu quruculuğu sahəsində seçilən prioritet istiqamətlərdən biri Azərbaycan Ordusunun imkanlarını artırmaqla, ölkəmizin özünümüdafiə və döyüşaparma qabiliyyətini yüksəltməkdir. 
Belə ki, Vətən müharibəsi başa çatdıqdan sonra dünya ölkələrinin Azərbaycan Ordusunun arsenalında olan silah və hərbi texnikalara, şəxsi heyətin apardığı taktiki üsullara marağının artması müşahidə olunur. Bunun məntiqi nəticəsidir ki, ölkələrin ordu rəhbərliyi və nümayəndələri ölkəmizə gəlirlər. Sevindirici haldır ki, ordumuzun silahlanmasında xarici məhsullarla yanaşı, yerli məhsullar da geniş yer tutur ki, onların da əksəriyyəti haqq savaşımızda düşmən üzərində uğurla tətbiq edilərək özünü təsdiqləməyi bacarıb. Belə olan təqdirdə də yerli hərbi təyinatlı məhsulların digər ölkələrə ixracı üzrə yeni müqavilələr imzalanır, bununla da milli istehsalımız olan silah və hərbi vasitələr xarici ölkələrin də arsenalında yer tutur. Qurulan səmərəli və qarşılıqlı əməkdaşlıqlar sayəsində xarici ölkələrlə ordu rəhbərliyi, ekspert nümayəndələri ilə qarşılıqlı səfərlər təşkil olunur ki, hərbi-texniki, hərbi təhsil və digər sahələr üzrə təcrübə mübadiləsinin aparılmasına əlverişli zəmin yaradır. Bundan savayı, Azərbaycan Ordusunun dünyanın aparıcı ordu modellərinə uyğun inteqrasiyası istiqamətində də mühüm işlərə imza atılır. Bu istiqamətdə də qardaş Türkiyə Cümhuriyyəti vacib rola malikdir. Azərbaycan müstəqilliyinin ilk illərindən ordu quruculuğunun hərbi-texniki sahəsində əsas tərəfdaşlarından biri qardaş Türkiyə Respublikası olub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu istiqamətində verdiyi mühüm qərarlardan biri, ordumuzun yeni keyfiyyət mərhələsinə yüksəlməsi bu işdə Türkiyə Silahlı Qüvvələrinin hərb modelinin bizim modellə uyğunlaşdırılmasına yönəlik aidiyyəti qurumlar qarşısında qoyduğu tapşırıqdır. 
Qardaş Türkiyə ilə hərbi sahənin demək olar ki, bütün istiqamətlərində fəaliyyətlər aparılır, ordumuzun türk ordusu sisteminə uyğun təkmilləşdirilməsi yönündə vacib addımlar atılır. Türkiyə ilə qarşılıqlı əməkdaşlığa yönəlik görülən işlərdən danışarkən mütləq qeyd etmək lazımdır ki, ordumuzun təminatında olan hərbi vasitələrin modernizə edilməsi və tamamilə yenilənməsinə xüsusi diqqət ayrılır. Belə ki, türk istehsalı olan rabitə avadanlıqları, müşahidə sistemləri və digər hərbi məhsullar bu gün ordumuzun modernləşdirilməsində mühüm rola malikdir. Türkiyədən savayı, Pakistanla da çoxşaxəli əlaqələr qurulur. Belə ki, iki ölkə arasında və ya onların iştirakı ilə təşkil olunan hərbi təlimlər, müdafiə sənayesi sahəsində həyata keçirilən layihələr və texnologiya mübadiləsi intensiv şəkildə aparılır. Pakistanla müdafiə sahəsində qurulan əməkdaşlığın mühüm nəticələrindən biri Azərbaycan Ordusunun silahlanmasına "JF-17C Block III" çoxməqsədli qırıcı təyyarələrinin alınıb daxil edilməsidir. Bu təyyarələrin alınması regionda sülhün təmin olunması istiqamətində bədnam qüvvələr üçün ciddi mesajdır. Pakistan və Çinin birgə istehsalı olan "JF-17C Block III" qırıcılarının alınması ölkəmizin hava məkanını qorumaq, onu nəzarətdə saxlamağa xidmət etməklə, müasir dövrün aviasiya fəaliyyətinin ordumuzdan da yan keçmədiyinin əsas göstəricisidir.
Hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıqların inkişafı ilə yanaşı, ikitərəfli və çoxtərəfli görüşlər, o cümlədən keçirilən təlimlər ordumuzun təkamülünü sürətləndirir. Ordu quruculuğumuzun yeni mərhələsinin tərkib hissələrindən danışsaq, mütləq qeyd etməliyik ki, Azərbaycan Ordusunun təşkilat-struktur sxemində əsaslı dəyişikliklər aparılıb. Quru Qoşunları (QQ), Milli Müdafiə Universiteti və QQ tərkibində Komando (əməliyyat) hərbi hissələrinin, Xüsusi Təyinatlı Qüvvələrin və Hərbi Dəniz Qüvvələrinin tərkibində yeni birləşmə və bölmələrin yaradılmasını buna misal göstərmək olar.
Hərbi təhsil sahəsindən danışarkən mütləq qeyd etmək lazımdır ki, orduda təhsilin keyfiyyət səviyyəsinin yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin strukturunun yenidən qurulmasına yönəlik işlər görülür. Bu istiqamətdə hərbi təhsil sisteminin inkişafı, zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının ixtisasına uyğun yetişdirilməsi, təhsil səviyyəsinin bütün pillələri üzrə təhsil proqramlarının təşkil edilməsi, yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması vurğulanmalıdır. Həmçinin qurulan qarşılıqlı və səmərəli əməkdaşlıqlar çərçivəsində həm ölkəmizdə, həm də hüdudlarımızdan kənarda keçirilən ekspert görüşləri, o cümlədən dünyanın aparıcı qurumlarından biri olan NATO-nun təlim qrupları tərəfindən müxtəlif yerlərdə təşkil olunan kurslar da ordu quruculuğu sahəsinin hərbi təhsil istiqamətinə müsbət təsir edən faktorlardır.
Ölkəmizin hərbi qüdrətinin təməl sütunu olan hərbi-texniki sahədən danışdıqda öz müdafiə sənayemizi də qeyd etmək vacibdir. Azərbaycanın hərbi sənaye kompleksi Cənubi Qafqazda öz daxili imkanları hesabına yaradılıb və bu gün də onun təkmilləşdirilməsi uğurla aparılır. Müdafiə sənayemizin gücləndirilməsi, hərbi təyinatlı vasitələrin istehsalını artırmaqla ordu ehtiyaclarımızı daxili resurslar hesabına tənzimləməyə şərait yaradır.
Ölkəmizdə keçirilən "ADEX" və hüdudlarımızdan kənarda təşkil olunan müdafiə sərgilərində ölkəmizin hərbi təyinatlı məhsulları böyük diqqət cəlb edir. Son illərdə keçirilən hərbi paradlarda nümayiş etdirilən hərbi texnika dünya auditoriyasında maraqla izlənilir. Arsenalımızdakı zirehli texnikalar, müxtəlif mənzilli raketlər, yaylım atəşli reaktiv sistemləri, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, hərbi və nəqliyyat təyinatlı helikopterlər, müasir dövrün pilotsuz uçuş aparatları (PUA) hərbi qüdrətimizin nümayiş olunan hissələridir. Bu gün ordumuzun silahlanmasında havada, suda və quruda, müxtəlif relyef və iqlim şəraitinə uyğun, bütün taktiki tələblərə cavab verən hərbi vasitələr mövcuddur. Bundan savayı, son illərdə qazandığımız zəfərlər bir daha təsdiqləyir ki, ordumuzun milli kadr potensialı zəngin, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Müzəffər ordumuzun gücü bu gün dövlətimizin regionda aparıcı rola malik olmasını sübut etməklə yanaşı, dünyada da özünəməxsus hərbi qüdrətini isbatlayır. Ordu quruculuğumuzun dövlət başçısı tərəfindən prioritet elan olunması ölkəmizin torpaqlarını, müstəqilliyini və suverenliyini qorumaq, regionda sülhü saxlamaq məqsədi daşıyır. Gündən-günə güclənən ordumuz düşmənə qorxu, dosta isə güvən aşılayır.
Bu gün Azərbaycan Ordusu qalib ordudur. Şanlı ordumuzun Müzəffər Ali Baş Komandanın rəhbərliyi və xalqın sonsuz birliyi ilə yazdığı Zəfər tariximizin davamı olaraq hərbi quruculuq işlərimiz uğurla davam etdirilir. Hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması, Vətən müdafiəçisi oğulların həm xidməti, həm də gündəlik şəraitinin düzgün qurulması, tarixi torpaqlarımızın azad olunması yolunda canından keçən şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi üçün dövlət rəhbərliyi ciddi və təxirəsalınmaz işlər görür. Xalqımız Zəfər sevinci yaşadan qüdrətli ordusu və söz, əməl birliyi olan Ali Baş Komandanı ilə haqlı olaraq qürur duyur. Dövlət başçımız dəfələrlə ordu quruculuğu sahəsinin vacibliyini xüsusilə vurğulamışdır; bu da onu deməyə əsas verir ki, hərbi qüdrətimizin sarsılmazlığı üçün bu sahəyə diqqət bundan sonra da prioritet istiqamətlərdən biri olacaq. Ordumuzun şəxsi heyəti də xalqımızın və Ali Baş Komandanımızın onlara olan etimadını bundan sonra da ləyaqətlə doğruldacaq.
Yaşasın Şanlı Azərbaycan Ordusu!

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"