AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Qacarlar sülaləsindən olan şahzadə Əmənulla Mirzə Bəhmən Mirzə oğlu Qovanlı-Qacar 8 yanvar 1857-ci ildə Şuşa şəhərində anadan olub. İlk təhsilini Şuşada, dövrünün ən tanınmış müəllimlərindən alıb. O, Sankt-Peterburqdakı Hərbi Kadet Korpusunu bitirib. 19 iyul 1879-cu ildə 164-cü Zaqatala Piyada Alayında "praporşik" rütbəsi (Çar ordusunda ilkin zabit hərbi rütbəsi) ilə hərbi xidmətə başlayıb, 15 may 1883-cü ildə "podporuçik" rütbəsi alıb. 20 noyabr 1886-cı ildə Kuban kazak qoşunlarının 2-ci Plastun Piyada Batalyonuna köçürülüb və "xorunji" rütbəsi (Şərqi Avropa ordusunda və 1722-ci ildən çar ordusunun kazak dəstələrində mövcud olan rütbə) alıb. 8 oktyabr 1887-ci ildə "yüzbaşı" rütbəsinə yüksəlib. Nümunəvi xidmətinə görə o, 16 sentyabr 1891-ci ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilib. 6 may 1895-ci ildə "podyasavul", 6 may 1902-ci ildə isə hərbi xidmətdə fərqləndiyinə görə "yasavul" rütbəsinə yüksəlib.
1904-1905-ci illər Rus-Yapon müharibəsində iştirak edib. 22 sentyabr 1906-cı ildə 25 illik qüsursuz xidmətinə görə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni ilə təltif edilib. 28 yanvar 1907-ci ildə Əlahəzrət İmperatorun əmri ilə döyüşlərdə fərqləndiyinə görə üzərində "İgidliyə görə" yazısı olan 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə mükafatlandırılıb. 16 aprel 1909-cu ildən "hərbi starşina" və 9-cu Kuban Plastun batalyonunun komandiri təyin olunub.
Əmənulla Mirzə Qovanlı-Qacar Birinci Dünya müharibəsinə Qafqaz cəbhəsində general-mayor V.E.Qulıqinin komandanlığı altında 9-cu Kuban Plastun batalyonunun komandiri kimi döyüşlərə başlayıb. Sarıqamış döyüşündən sonra 1-ci və 2-ci Kuban Plastun Briqadaları general-leytenant N.M.İstominin komandanlığı altında yeni yaradılan 5-ci Qafqaz Ordusu Korpusunun tərkibinə verilib. 25 aprel 1915-ci ildə xidmətdə fərqləndiyinə görə "polkovnik" rütbəsinə yüksəlib və 3-cü Kuban Plastun batalyonunun komandiri təyin edilib.
Birinci Dünya müharibəsi zamanı Əmənulla Mirzə Avstriya-Macarıstan qoşunlarına qarşı döyüşlərə göndərilib. O, komandirlik etdiyi batalyonu ilə birlikdə Avstriya-Macarıstan ordusu ilə 1915-ci il avqustun 25-də Markhonovka kəndi yaxınlığında baş verən döyüşdə sayca üstün olan düşmənin güclü tüfəng və artilleriya atəşi altında onların mövqeyinə doğru irəliləyərək düşmən ordusunun atəş nöqtələrinə ağır zərbələr vurub. Öndən və cinahlardan süngülərlə qətiyyətli hücumu ilə düşməni səngərlərdən qovaraq çox vacib mövqeləri ələ keçirib, çoxlu sayda düşməni əsir götürüb və həmin mövqelərdə möhkəmlənib.
Bu döyüşlər zamanı ayağından ağır yaralandığına görə müalicə almaq üçün arxa cəbhəyə göndərilib. Yaraları sağaldıqdan sonra - 1916-cı ildə yenidən cəbhəyə qayıdıb. Birinci Dünya müharibəsində göstərdiyi misilsiz şücaətlərə və parlaq hərbi qəhrəmanlığa görə polkovnik Əmənulla Mirzə Qovanlı-Qacar 1917-ci ildə "general-mayor" rütbəsinə layiq görülüb.
Hərbi xidmətdə və düşmənə qarşı döyüşlərdə xüsusilə fərqləndiyinə görə Əmənulla Mirzə 12 sentyabr 1915-ci ildə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni (yayla birgə) ilə, 31 dekabr 1915-ci ildə 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni (qılıncla birgə) ilə, 4 aprel 1916-cı ildə 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni (qılıncla birgə) ilə, 5 noyabr 1916-cı ildə "Georgi silahı" ilə təltif edilib.
1917-ci ilin Fevral inqilabından sonra Vətəninə geri dönüb, bir müddət Tiflisdə, sonra isə Şuşa şəhərində yaşayıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan edildikdən sonra Şuşada yaşayan Əmənulla Mirzə 1 dekabr 1918-ci ildə yeni yaradılan dövlətin Hərb Nazirliyinə müraciət edərək ordu sıralarına qəbul edilməsini istəyib və onun bu istəyi reallaşıb.
Əmənulla Mirzə Milli Ordu sıralarında xidmətlə yanaşı, diplomatik məsələlərdə də iştirak edib. Beləki, o, 1919-cu ilin martında Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Diplomatik Missiyasının tərkibində İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Qacar dövlətinə (Tehrana) göndərilən rəsmi nümayəndələrin arasında idi. O, bu diplomatik nümayəndə heyətində hərbi qrupun rəhbəri olub.
Azərbaycana geri döndükdən sonra o, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun 1-ci Piyada Diviziyasının (bu diviziyanın qərargahı Xankəndi və Şuşada yerləşib) komandirinin müavini, həmçinin Xankəndi və Şuşa qarnizonunun komandiri təyin edilib. O, 22-23 mart tarixlərində erməni silahlı dəstələrinin Azərbaycan Ordusuna qarşı təşkil etdiyi hücuma qarşı vuruşub və erməni üsyanının yatırılmasında fədakarlıq göstərib.
1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndə bolşevik təzyiqinə dözməyən və bolşevik təhlükəsini əvvəlcədən hiss edən Əmənulla Mirzə 1929-cu ildə İrana mühacirət edib. Tehranda yaşayan general-mayor Əmənulla Mirzə Qacar hərbi məktəbdə müəllim işləyib, İran nizami ordusunun yaradılmasında yaxından iştirak edib. Bundan başqa, siyasi fəaliyyətlə də məşğul olan Əmənulla Mirzə İran Milli Məclisinin (Parlamentinin) üzvü və İran-Sovet Dostluq Cəmiyyətinin rəhbəri olub.
General-mayor Əmənulla Mirzə Qovanlı-Qacar 1937-ci ildə Tehranda vəfat edib. Atası Bəhmən Mirzə cənubi Azərbaycanın hakimi olmuş Abbas Mirzənin oğlu, anası isə Çiçək xanım idi. Əmənulla Mirzə Hacı Hüseynəli bəyin qızı Nəvvab bəyim ilə ailəli olub. Onların Səyavuş Mirzə və Xosrov Mirzə adlı oğulları, Səfiyyə xanım adlı qızı olub.
"Azərbaycan Ordusu"