AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin Şəhid ailələri və qadınlarla iş sektorunun təşkilatçılığı ilə şəhidlər baş leytenant Cavid Azər oğlu Mirzəyevin və əsgər Səbuhi Rövşən oğlu Sadıqovun xatirəsinə həsr edilmiş anım tədbiri keçirildi. Tədbirdə hər iki şəhidin valideynləri, ailə üzvləri, Nərimanov rayon və Sumqayıt şəhəri icra hakimiyyətinin nümayəndələri, şəhid anaları, təhsil aldıqları orta məktəbin müəllim və şagirdləri, döyüşçü yoldaşları və qonaqlar iştirak etdilər.
Şəhidlərin xatirəsinə həsr olunmuş tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə qeyd olundu ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə canlarından keçən şəhidlərin xatirəsi hər zaman qədirbilən xalqımız tərəfindən əziz tutulur, məzarları ziyarət olunur. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində şəhidlər Cavid Mirzəyevin və Səbuhi Sadıqovun anım mərasimi də bu ənənənin davamıdır. Hər iki şəhidin həyatı və keçdiyi döyüş yoluna həsr edilmiş qısametrajlı film nümayiş olundu.
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin Şəhid ailələri və qadınlarla iş sektorunun müdiri Zümrüd Səmədova tədbir iştirakçılarını Müdafiə Nazirliyinin rəhbərliyi adından salamladı. Şəhid valideynlərinə, ailələrinə hər zaman dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərildiyi qeyd olundu. Bu gün də daha iki şəhidimizin anım gününə toplaşdıqlarını bildirdi.
Şəhid anaları Arzu Mirzəyeva və Yeganə Sadıqova övladlarının xatirəsini hər zaman əziz tutan dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. İkinci Qarabağ müharibəsi zamanı onların övladları könüllü olaraq torpaqlarımızın azadlığı uğrunda gedən haqq savaşına yollanıblar. “30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqları azad etməyə getdilər. Onlar da döyüşə getməsinlər, bəs kimlər gedib döyüşəcək? - dedilər. Bəziləri şəhid oldular”.
Ataları Azər Mirzəyev və Rövşən Sadıqov da şəhid övladlarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdilər. Şəhid oğulları haqqında danışmağın onlar üçün ağır olduğunu bildirdilər.
Baş leytenant Cavid Mirzəyevin həyat yoldaşı Səbinə xanım qeyd etdi ki, Cavidlə birgə ailə həyatı quranda həyat yolunu sona qədər birgə davam edəcəyinə razılaşmışdı. “Yolumuz yarıda qaldı. Cavid Vətən naminə canından keçdi. İndi mən onun üzünü görmədiyi oğlu Cavidanpaşa ilə təkəm. Onu tək böyüdürəm. Şəhidlik zirvəsinə ucalan Cavidin adını həmişə uca tutacam, onun adına layiqli oğul böyüdəcəyəm”.
Nərimanov rayonu 73 saylı tam orta məktəbin müəllimi Mirəli Babayev qeyd etdi ki, Qarabağ müharibəsində xalqımızın igid oğulları misilsiz qəhrəmanlıqlar göstəriblər. Onların göstərdikləri qəhrəmanlıqları vaxtilə filmlərdə görüb. Şagirdi olmuş şəhid Səbuhi Sadıqov da güclü, pəhləvan cüssəli oğullardan biri olub. Səbuhinin keçdiyi döyüş yolu haqda silahdaşlarından eşidib. Biz istəməzdik müharibə olsun, ancaq bizi bu savaşa düşmən özü məcbur elədi. Ali Baş Komandan başda olmaqla, Azərbaycan Ordusu qısa zamanda cəbhədə uğurlu hərbi əməliyyatlar keçirdi. Məhz bunun nəticəsi idi ki, savaş 44 gün çəkdi. Düşmən ordusu darmadağın edildi. Və son anda onun təslim olmaqdan başqa yolu qalmadı.
Bakı Slavyan Universitetinin Həmkarlar Təşkilatının sədri Əli İsmayılov qeyd etdi ki, şəhid baş leytenant Cavid Mirzəyevi şəxsən tanıyıb. Onunla dəfələrlə ünsiyyətdə olub. Cavidlə söhbətdən heç vaxt yorulmayıb. Olduqca vətənpərvər, ailəcanlı bir oğul idi.
Tədbirdə çıxış edənlər şəhidlər haqqında xatirələrini bölüşdülər. Onların həyat və döyüş yolundan danışdılar. Şəhidlərin, döyüşlərdə yaralananların sayəsində bu gün Vətən torpaqları düşmənin işğalından azad edilib, bütövləşib, ərazi bütövlüyümüz bərpa olunub.
Tədbirdə 73 saylı tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söylədilər.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri həzin mahnılar ifa etdilər.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"