AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bu ilin payızı bənzərsizdir. 5 il əvvəlin payızının ruhunu yaşatdığı üçün, "əllərdə, könüllərdə və dillərdə qərar tutan bayrağımız" payızın həzin-həzin əsən yelində incəliklə dalğalanır. Bu dalğalanma ruhun dünyaya salamıdır, bu dalğalanmada Azərbaycan Ordusunun qüdrətinin mətinliyi var. Azadlıq meydanına axışanlar bu mətinliyin doğmalığından keçib müqəddəsliyin tarixi görüntülərinin cazibəsinə düşəcək. Bu görüntülər 5 il əvvəlin döyüşlərində qazanılmış Zəfəri tarixləşdirənlərin, onların Zəfərinin ruh qardaşlarının mətin yerişləriylə tamamlanacaq...
Xəzər də dalğalanır, bayrağımız da. Bu qoşa dalğalanmada azərbaycançılıq ruhu görənlər qürurla deyirlər ki, "Mən azərbaycanlıyam!"...
2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər paradında 3000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri iştirak etmişdi. Ötən əsrin 90-cı illərində erməniliyin ilk mitinqinin niyyəti 2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən hərbi paradın iştirakçılarının ayaqları altında qaldı. 1919-cu il iyulun 29-da Xankəndidə Azərbaycan Demokratik Respublikasının qoşunlarının hərbi paradı keçirilib. Yadıma bir el deyimi düşür: "Dərin qazma, özün düşərsən...".
İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Bu Zəfər işğalın sonu oldu. 30 ilə yaxın işğalda qalan ərazilərimizdə qələbə bayraqları dalğalandı. Dünya bir daha inandı və əmin oldu ki, Azərbaycan Ordusu güclü ordudur.
Mahiyyəti baxımından böyük qələbələr həmişə böyük miqyasda qeyd olunur. Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər böyük Zəfərdir. Havadarlarının siyasi və hərbi köməyinə ümidlənən Ermənistan 2020-ci ilin sentyabrına kimi yeni əraziləri işğal etmək üçün bütün siyasi və hərbi üsullardan, vasitələrdən istifadə edirdi. Ona görə dünya ictimaiyyəti Azərbaycan Ordusunun zəfərinə tarixi Zəfər dedi. Tarixi Zəfərdən az sonra - dekabrın 10-da Bakının Azadlıq meydanında hərbi parad keçirildi. "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir" - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə dedi. Zəfər tarixi Zəfər idi, parad tarixi parad idi, qürur tarixi qürur oldu!
İkinci Qarabağ müharibəsində Türkiyə Azərbaycanın haqq işini nəinki dəstəklədi, həm də mənən onun yanında oldu. Türkiyə müharibənin ilk günlərindən Azərbaycana kömək göstərdi. 10 dekabr paradında iştirak edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaşlıq manifesti hesab ediləsi çıxışında dedi: "Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır"...
2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən hərbi paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdi: "XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır".
2020-ci il paradı tarixi Zəfərin, 2023-cü il paradı Azərbaycanın ərazi bütövlüyünün tam bərpasının paradı idi. Bu parad Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığına verilən zəmanətin paradı kimi tarixləşdi...
Tarixi Zəfərin 5 illiyinə həsr olunmuş hərbi paradda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin, Slovakiya Respublikasının Baş nazirinin müavininin və müdafiə nazirinin, Səudiyyə Ərəbistanının müdafiə nazirinin müavininin, Serbiyanın Baş Qərargah rəisinin, Qazaxıstanın, Qırğızıstanın müdafiə nazirlərinin, Özbəkistanın müdafiə nazirinin müavininin iştirakı bu paradın beynəlxalq mahiyyətli parad olduğunun təsdiqi, həm də Türkiyə-Azərbaycan-Pakistan dövlətlərinin qardaşlıq ittifaqının yeni formulu kimi tarixləşdi. Paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi fikir də - "Beş il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bizimlə bərabər idi. Bu gün isə bizimlə bərabər digər əziz qardaşım iştirak edir. Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır. Pakistan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir. Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür" bu qənaətin siyasi təsdiqidir...
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışları da bu parada, paradın timsalında Azərbaycan Ordusuna, Azərbaycan Ordusunun timsalında Azərbaycana rəğbətin, ehtiramın təsdiqi kimi dinlənilir. Payızdı, payız rüzgarı yoxdu, Zəfər ovqatı təbiəti də bu paradın yaşatdığı qürura kökləyib; meh də yoxdu, göy üzündə bulud da.
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, "Zəfər" və "Rəşadət" ordenli general-polkovnik Kərim Vəliyevin komandanlıq etdiyi paradda Azərbaycan Ordusunun 5000-dən çox hərbi qulluqçusu, Türkiyə Silahlı Qüvvələrinin iki kolondan ibarət heyəti, Pakistan Ordusunun parad heyəti iştirak etdi. Bu da paradın beynəlxalq mahiyyəti amili hesab edilməlidir...
Türkiyənin və Pakistanın parad heyətlərinin ahəngdar yerişində sevgi var, qürur var, şükranlıq var - Zəfər günü Azərbaycanda olmağın şükranlığıdır, sevincidir, Zəfərin 5 illiyinə həsr edilmiş paradda iştirakın qürurudur; ruhun qardaşlaşması dünyanın heyrətinə dönəndə daha möhtəşəm olur...
Xüsusi Təyinatlı Qüvvələrin, Hərbi Hava Qüvvələrinin, İnsansız Sistem Qoşunlarının, Hərbi Dəniz Qüvvələrinin, Quru Qoşunlarının bayrağı altında ordu korpuslarının, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Kəşfiyyat Xidmətinin "Yarasa", Dövlət Təhlükəsizlik Xidmətinin "Qartal" xüsusi təyinatlılarından ibarət heyətlərinin, ... mətin yerişi, ahəngdarlığı, 5 il əvvəlin döyüşlərinin nəyə söykəndiyinin göstəricisi kimi izlənilir.
Paradda Azərbaycanın 50 aviasiya vasitəsi, 5 Türkiyə aviasiya vasitəsi, 39 ədəd xüsusi təyinatlı avtomobil texnikası və silah sistemi, 53 ədəd hava hücumundan müdafiə vasitəsi, 63 ədəd raket-artilleriya silahları bu günün gücünün bir hissəsi, sabahların gücünün başlanğıcı kimi təqdim edilir.
Üzərində 12,7 millimetrlik NSV pulemyotları, tank əleyhinə idarəolunan "SPIKE-ER", 120 millimetrlik "SPEAR" minaatanlar quraşdırılmış "SandCat-Stormer" zirehli idarəetmə, çevik hərəkət avtomobilləri, silahlanmaya yeni qəbul edilmiş "VAŞAQ" xüsusi əməliyyat nəqliyyat vasitələri (Milli Müdafiə Sənayesinin istehsalıdır), "COBRA-II" zirehli tibbi təxliyə avtomobilləri, "SKİF" raket kompleksi, "BTR-82A" zirehli transportyorlar, "PDM-3" piyadaların döyüş maşınları, "T-72M1" və "T-90S" tankları, "S-125 TM", "BUK-MB", "BUK-MB2K", "İLDIRIM-8", "S-300 FAVORİT" və "TOR-2M" zenit-raket kompleksləri keçir.
Qürurun boyu parad boyu bərabərdir, paradın boyu - tarixi Zəfərin. Eyni ovqatı digər texnikaların keçidi də yaşadır...
Azadlıq meydanının üzərində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşunu izləyərkən, bir anlığa 5 il əvvəlin payızını xatırladım. Televiziyada bir süjet göstərilirdi: qırıcılarımızın səsini eşidincə, düşmənin iri qruplaşmasının şəxsi heyəti hara gəldi qaçırdı, hara gəldi sığınırdı. Çoxusu ölümündən can qurtara bilməmişdi. Görəsən, o əməliyyatda sağ qalan düşmən bu təyyarələri görəndə, məğlubiyyət ərəfəsində yaşadıqları o anları xatırlayırmı? - Xatırlayır, ağır zərbələr unudulmur...
"Akıncı" pilotsuz uçuş aparatının səmada dövrə vurması, çəkilişlər aparması dayandırılmış ovqatın davamıdır. Görürsən - qürurlanırsan, qürurlanırsan - Azərbaycanın sabahlarının bənzərsiz işığını görürsən. O işıq dövlətçilik işığıdır, Vətənin işığıdır...
"Orbiter-1KM" zərbə pilotsuz uçuş aparatları, "Orbiter-2", "Orbiter-3" və "Orbiter-4" kəşfiyyat pilotsuz uçuş aparatları, "Aerostar" taktiki-kəşfiyyat pilotsuz uçuş aparatları, "Bayraktar-TB2" silahlı kəşfiyyat pilotsuz uçuş aparatı, silahlanmaya yeni qəbul edilmiş "Hero-120", "SkyStriker" sərbəst uçan döyüş sursatları, "Orbiter-5" taktiki-kəşfiyyat pilotsuz uçuş aparatları, "Harop" zərbə pilotsuz uçuş aparatları da eyni ovqatla izlənilir.
Azərbaycan, Türkiyə və Pakistan respublikalarının Dövlət bayraqlarını daşıyan "Mi-17" döyüş-nəqliyyat helikopterləri üçlüyünün uçuşu - "nə bir könül doyur, nə göz əl çəkir". Aparıcı bildirir ki, helikopterlərin pilotları Vətən Müharibəsi qəhrəmanları - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və polkovnik Rəşad Nadirovdur. Zəfərin qazanılmasında döyüş uçuşları Zəfəri yaxınlaşdıran pilotlarımızın paradda uçuşları da könülləri telləndirir...
"Mi-17" helikopteri pilot, "Qarabağ" ordenli general-mayor Zaur Rüstəmov Ümummilli Lider Heydər Əliyevin portretini göy üzünün göylüyündən keçirib tarixin ruhuna yazırdı...
Təkmilləşdirilmiş "Su-25-Laçın" hücum təyyarələri beşliyinin uçuşu da bir gərəkliliyin uçuşu oldu: Səmalar da doğmalığı sevir!
Bu Zəfər son on illərin ən tarixi günü oldu, bu parad ən məzmunlu, ən mahiyyətli, ən gərəkli informasiyalı, ən bəşəri parad kimi tarixləşdi. Bu möhtəşəm parad dünyaya bir daha çatdırdı ki, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"