AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hüseyn xan Həsən xan oğlu İrəvanski 1900-cü ilin noyabrında İrəvan şəhərində anadan olub. Orta təhsilini İrəvan gimnaziyasında alıb. 1917-ci il Oktyabr inqilabından sonra İrəvanda ermənilərin törətdikləri terror və təxribatlardan xilas olmaq üçün ailə üzvləri ilə birlikdə Naxçıvana köçüb. Bir müddət Naxçıvanın müdafiəsində iştirak etdikdən sonra Türkiyəyə gedib.
Hüseyn xan Turqut 1918-ci ildən Osmanlı ordusunda xidmətə başlayıb, Birinci Dünya müharibəsində iştirak edib. 4-cü kolordunun 5-ci tüməninin tərkibində, daha sonra isə Doğu Bəyaziddə 11-ci tümənin tərkibində döyüşlərdə iştirak edib. Müharibənin son aylarında şərq və cənub-şərq cəbhələrində göstərdiyi şücaətlərə görə Türkiyənin "Dəmir Hilal" döş nişanına layiq görülüb.
Türkiyə İstiqlaliyyət Müharibəsi başladıqdan sonra şərq cəbhəsində "leytenant" rütbəsi ilə Qarsın, Sarıqamışın və Gümrünün işğaldan azad edilməsi əməliyyatlarında iştirak edib. Bu əməliyyatlarda fərqləndiyinə görə Mustafa Kamal Atatürk tərəfindən "İstiqlal" medalı ilə təltif olunub. Müharibə bitdikdən sonra da orduda qalaraq hərbi xidmətini davam etdirib. Türkiyənin cənub-şərqində baş qaldıran üsyanların yatırılmasında iştirak edib.
1930-cu ildə Hüseyn xan Turqutun həyatında böyük dönüş nöqtəsi olub. Belə ki, həmin vaxtlarda M.K.Atatürkün təşəbbüsü ilə Türkiyə Hərbi Hava Qüvvələrinin gücləndirilməsi istiqamətində bir çox işlər görülürdü. 1930-cu ilə qədər Ankarada mühafizə alayında xidmət edən Hüseyn xan Turqut hərbi xidməti müddətində fərqləndiyinə və bacarıqlı zabit olduğuna görə M.K.Atatürkün göstərişi ilə Hərbi Hava Qüvvələrinə keçirilib. O, Türkiyə Hərbi Hava Qüvvələrinin ilk pilotlarından olub. 1932-ci ildə pilotlar arasında keçirilən yarışda uğurlu nəticə göstərən beş pilotdan biri olub. Hərbi təcrübəsini artırmaq məqsədilə yenilikləri izləmək və təlimlərdə iştirak etmək üçün Fransaya ezam olunub. Fransada keçirilən təlimlərdə yüksək nəticələr göstərərək geri qayıdıb. Altı dil bilən Hüseyn xan Turqut iti zəkası və bacarığı ilə digər zabitlərdən seçilib. 1934-cü ildən 1946-cı ilə qədər Türkiyə Hərbi Hava Qüvvələri üçün çox sayda yeni pilotların yetişdirilməsində iştirak edib. Türkiyə Hərbi Hava Qüvvələrində "Junge dayı" ləqəbi ilə məşhurlaşıb və böyük nüfuza sahib zabit olub.
Hüseyn xan 1946-cı ildə ağır qəzaya düşüb. Bu qəzadan sonra səhhəti təlim keçməsinə imkan vermədiyi üçün Hərbi Hava Qüvvələrində başqa müxtəlif vəzifələrdə çalışıb. 1960-cı ildə 42 illik xidmətindən sonra "tuğgeneral" (general-mayor) rütbəsində təqaüdə çıxıb.
Hüseyn xan Turqut bu gün dünyanın ən güclülərindən olan Türkiyə Hərbi Hava Qüvvələrinin inkişafında və ordu quruculuğunda müstəsna xidmətlər göstərib.
O, 1971-ci ilin noyabrında Ankarada vəfat edib. Xüsusi hərbi mərasimlə Ankara şəhəri Cebeci Hərbi Şəhidlər xiyabanında dəfn edilib.
Atası Həsən xan Turqut İrəvan xanlarının nəslindən olan Abbasqulu xan İrəvanskinin oğlu idi, anası isə şahzadə Nuraleyin xanım Qovanlı-Qacar Bəhmən Mirzə Qovanlı-Qacarın qızı idi. Fərid xan adlı qardaşı, Rüxsarə, Sami və Adilə adlı bacıları olub.
Hüseyn xan Turqut 1936-cı ildə Ləman Hattusas ilə ailə həyatı qurub. Nur (1940) adlı qızı, Turhan (1946) adlı oğlu olub.
"Azərbaycan Ordusu"