Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Noyabr 2025 14:12

“Qalib silahdaşlarımızın döyüş yolunu şərəflə davam etdirəcəyik”

Cari ilin hazırlıq planına uyğun olaraq, noyabrın 9-da "N" hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirildi.
Hərbi orkestrin müşayiəti ilə döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirildikdən sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Dövlət Himni səsləndirildi.
Gənc əsgərlər təntənəli surətdə Hərbi Andı içərək Vətənimizə sadiq olacaqlarına söz verdilər.
Mərasimdə çıxış edənlər gənc əsgərləri Hərbi Andı qəbul etmələri və qalib Azərbaycan Ordusunun sıralarına daxil olmaları münasibətilə təbrik etdilər, Vətənimizin müdafiəsində ayıq-sayıq olmağı, qarşıya qoyulan tapşırıqları vicdanla yerinə yetirməyi tövsiyə etdilər.
Daha sonra Vətən müdafiəçiləri təntənəli marşla tribunanın önündən keçdilər.
Mərasimdən sonra gənc əsgərlərlə həmsöhbət olduq. Onların həyəcan və sevinc dolu fikirlərini qələmə aldım.

Elçin İMANOV
"Azərbaycan Ordusu"

Əsgər Tərlan İmanov:
- Həmişə hərbi forma geyinməyi və Vətənə layiqli övlad olmağı arzulamışam. Bu gün o arzunun gerçəkləşdiyi gündür. Artıq qalib Azərbaycan Ordusunun hərbi qulluqçusuyam və bu müqəddəs amal uğrunda sədaqətlə xidmət edəcəyəm. Ailəmin yanına başıuca qayıtmaq üçün nümunəvi əsgər olacağam. Mənə həvalə olunan silah və texnikanı dərindən öyrənib, komandirlərimin tapşırıqlarını sözsüz, dəqiq və vaxtında icra etməyə çalışacağam ki, Azərbaycan Ordusunun əsgəri adına layiq olum.

Əsgər Nihat Qasımov:
- Hərbi xidmətə başladıqdan sonra Ali Baş Komandanımızın ordumuza olan diqqət və qayğısını öz gözlərimizlə gördük. Bizim xidmət etməyimiz üçün hər cür şərait yaradılıb, bütün təminatlar mövcuddur. Komandirlərimizin doğma münasibəti, qidalanma və ümumi şərait yüksək səviyyədədir. Belə bir şəraitdə üzərimizə düşən əsas vəzifə Vətən qarşısında övladlıq borcumuzu layiqincə yerinə yetirmək və valideynlərimizin yanına başıuca qayıtmaqdır.
Xalqımızı əmin edirik ki, Ana Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəman silahdaşlarımızın döyüş yolunu şərəflə davam etdirəcək, Hərbi Anda sadiq qalacağıq. Biz gənc əsgərlər Aprel döyüşləri, Günnüt əməliyyatı və Vətən müharibəsində tarix yazaraq Zəfər qazanmış qalib ordunun əsgəri adına layiq olmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Əsgər Zaur Əliyev:
- Həyatda unudulmaz günlər olur. Bu gün bizim andiçmə günümüz də onlardan biridir. Hərbi Andın qəbul edilməsi mənim üçün xüsusi tarix oldu. 8 Noyabr - Zəfər Gününün 5 illiyi ərəfəsində bu andı qəbul etmək bizim üçün ikiqat qürurvericidir. Çünki bu Zəfər sayəsində biz qalib ordunun əsgərləri adına layiq görülmüşük. Mən və əsgər yoldaşlarımda olan sevinci və həyəcanı sözlə ifadə etmək çətindir. Qarşıda daha böyük məsuliyyət bizi gözləyir. Bu yolu paylaşdığım bütün əsgər yoldaşlarıma uğurlar arzulayıram. Xalqımız əmin ola bilər ki, biz sələflərimizin davamçıları olacağıq və Vətənimizin ərazi bütövlüyünü göz bəbəyimiz kimi qoruyacağıq.

Əsgər Cavidan Əkbərli:
- İkinci Qarabağ müharibəsi başlayanda altıncı sinif şagirdi idim. Biz də bu müharibədə əsgərlərimizin döyüşlərini, qazandıqları qələbələri qürurla izləyirdik. Televiziya verilişlərinin birində döyüşlərdə fərqlənmiş döyüşçü haqqında danışan zabit dedi ki, bu əsgər Hərbi Andına sədaqətlə döyüşür. O ifadə mənim yaddaşıma yazıldı. Mən də inanırdım ki, ordumuz qələbə qazanacaq.
İkinci Qarabağ müharibəsi ordumuzun tarixi Zəfəri ilə başa çatdı, biz - çağırışçı yaşına. Mən də, sinif yoldaşlarım da hərbi xidmətdə dövlətə, Hərbi Anda sədaqətlə xidmət edəcəyimizə and içdik...
Hərbi xidmətdəyik, biz də Vətənə sədaqət andı içdik. Komandirlərimi də, valideynlərimi də, müəllimlərimi də əmin edirəm ki, məsuliyyətlə xidmət edəcəm, bütün əmr və tapşırıqları vaxtında yerinə yetirəcəm. Həmin televiziya verilişində əsgərə ünvanlanan fikirlər mənə də ünvanlanacaq.

Əsgər İlkin Sultanov:
- Yeniyetməliyim İkinci Qarabağ müharibəsi vaxtına təsadüf etdi. O vaxtlar müharibənin nə olduğunu başa düşürdüm və döyüşlərdə şəhid olanların dəfnində iştirak edirdim. Məktəbliykən döyüşlərə gedə bilmədiyimə görə kədərlənirdim, amma valideynlərim həmişə deyirdilər ki, zamanı gələcək, sən də hərbi xidmətə yollanacaqsan, Vətənə xidmət edəcəksən. Nəhayət, zaman yetişdi. İndi isə qalib ordunun sıralarında hərbi xidmətdə olmaq məni qürurlandırır. Mən də hərbi bilikləri mükəmməl mənimsəyib, təlimlərdə məsuliyyətlə iştirak edəcəyəm və hərbin sirlərinə dərindən yiyələnəcəyəm. Bu gün Hərbi Andı içərək bir daha vəd etdik ki, Azərbaycan Ordusunun bütün şəxsi heyəti kimi, biz də Vətənə sadiqik və sələflərimizin yolunu davam etdirəcəyik.

Əsgər Xəyyam Hüseynov:
- Sonuncu sinifdə olarkən hərbi xidmətdən tərxis olunmuş tanışlarla və əvvəllər məktəbimizdə oxumuş gənclərlə söhbətlər məndə hərbi xidmət barədə geniş təsəvvür yaratdı. Çağırışçı kimi bu söhbətlər məni ruhlandırdı və hərbi xidmətə hazırlaşdım. Bura gəldikdən sonra qısa vaxt ərzində çoxlu dostlar qazandım. İnanıram ki, bu dostluq əbədi olacaq və xidmət başa çatandan sonra da davam edəcək. Bu gün Hərbi Andı qəbul edib valideynlərimizə və komandirlərimizə söz verdik ki, nümunəvi xidmət edəcəyik. Tarixi Zəfər qazanan hərbçilərimizə də demək istəyirik ki, biz də Vətəni sizin kimi sevib qoruyacağıq.

Əsgər Məhəmməd Tağızadə:

- Hərbi Andı içmək və Azərbaycan Ordusunun sıralarına qoşulmaq mənim üçün böyük şərəfdir. Andımızda dediyimiz kimi, Vətənə və xalqımıza daim sadiq qalacağıq. Azərbaycanın maraqlarını, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün canımızı və qanımızı əsirgəməyəcəyik. Xidmət müddətində yaradılan imkanlardan maksimum yararlanmağa çalışacağam.
Bu gün andiçmə mərasimimizin 9 Noyabr - Dövlət Bayrağı Gününə təsadüf etməsi mənə bir daha xatırlatdı ki, bizim bayrağımız şəhidlərimizin qanı, xalqımızın iradəsi və dövlətimizin gücüdür.

Qeyd: Əminik ki, gənc əsgərlər Vətənə, dövlətə, Ali Baş Komandana və Hərbi Anda sadiq qalacaq, xidmətlərini hərbi nizamnamələrin tələblərinə uyğun quracaq, silah və texnikanın sirlərini dərindən öyrənəcək, döyüş qabiliyyətlərini daim artıracaq və komandir-rəis heyətinin əmrlərini dəqiq və vaxtında yerinə yetirəcəklər.
Azərbaycan Ordusunun tamhüquqlu hərbi qulluqçuları olan gənc əsgərləri bu əlamətdar gün münasibətilə təbrik edir, onlara müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayırıq.