Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Noyabr 2025 18:20

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi


(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri

Suallar:
1. Ötən əsrin 90-cı illərində  bölgədə yaranmış ictimai-siyasi vəziyyət.
2. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında" 31 iyul 2023-cü il tarixli Sərəncamı və bu Sərəncamın tarixi əhəmiyyəti.

Ötən əsrin 90-cı illərində  bölgədə yaranmış ictimai-siyasi vəziyyət

XIX əsrin əvvəllərində Rusiya imperiyasının cənub dənizlərinə doğru həyata keçirdiyi müstəmləkəçilik siyasəti nəticəsində Qacarlar dövləti ilə Rusiya imperiyası arasında baş vermiş müharibələr nəticəsində 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinin bağlanması Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarının bölünməsinin əsasını qoyub. Qısa müddətdə bu siyasət gerçəkləşdirilərək, ermənilərin kütləvi surətdə Azərbaycan türklərinin yaşadığı İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarına köçürülməsi həyata keçirilib. Cənubi Qafqaza köçürülmüş və getdikcə öz yerlərini möhkəmləndirən ermənilər "Böyük Ermənistan" yaradılması ideyasının və onun təbliği siyasətinin əsasını qoyublar.
Ötən əsrin sonunda tarixi proseslərin gedişi nəticəsində yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası dünya birliyi ölkələri sırasına qoşulub. Əfsuslar olsun ki, neçə yüzillər boyunca, daimi problem kimi Azərbaycanı izləyən qonşu Ermənistanın əsassız ərazi iddiaları müstəqillik əldə etdikdən sonra da dövlətimizin irəliyə doğru inkişafı yolunda mühüm maneə olub. Nəticədə dövlətimizin ərazi bütövlüyü pozulub, 20 faizdən artıq ərazimizdə dövlət suverenliyi itirilib (20.09.2023-cü ilədək), yüz minlərlə vətəndaşımız öz doğma yurdlarından didərgin düşərək məcburi köçkün olub.
XIX əsrin sonlarından, millətçi "Hnçak" və "Daşnaksütyun" partiyaları yarandıqdan sonra ermənilər məskunlaşdıqları, lakin tarixən azərbaycanlılara məxsus torpaqlardan soydaşlarımızın qovulması işinin sistemli şəkildə icrasına başladılar. İki əsri əhatə edən erməni ekspansiyası prosesi azərbaycanlılara qarşı ən müxtəlif formalarda - soyqırımı, deportasiya, terror, separatizm, tarixin saxtalaşdırılması və milli mədəniyyət abidələrinin məhv edilməsi ilə müşayiət olunan mənəvi terror formalarında təzahür edib. 
1987-ci ilin sonlarından etibarən Ermənistan SSR-in paytaxtı İrəvan şəhərində 1923-cü ildə əsası qoyulan keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin Ermənistana birləşdirilməsi tələbləri ilə kütləvi aksiyalara başlanılır. Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin yeni mərhələsinin startı üçün bütün hazırlıq yekunlaşmışdı. Ulu Öndər Heydər Əliyevin İttifaq rəhbərliyindən uzaqlaşdırılması ilə mərkəzdə ermənilərin xeyrinə dəyişən balans problemin həllində imperiyanın (SSRİ) birbaşa olaraq ermənipərəst mövqe tutacağını şərtləndirirdi. 1988-ci ilin yanvarından etibarən, SSRİ-nin ali rəhbərliyinin dəstəyinə arxalanan ermənilər Ermənistanda yaşayan azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyasına başlayırlar. Bu proses 1989-cu ildə başa çatdırılır, həmin illər ərzində Ermənistanın 22 rayonundan 240 mindən çox azərbaycanlı deportasiyaya məruz qalır. 1989-cu ildə Sovet Ordusunun hərbi dəstəyinə arxalanan erməni silahlı birləşmələrinin Qarabağda azərbaycanlıların məskunlaşdığı yaşayış məntəqələrinə və müxtəlif nəqliyyat vasitələrinə hücumları ilə xarakterizə olunub. Həmin ilin iyulundan Ermənistan tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının təcridinə başlanılıb. Dekabrın 1-də Ermənistan SSR-in Ali Soveti qeyri-qanuni şəkildə keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etdi. 1991-ci il sentyabrın 2-də erməni separatçıları Azərbaycan Respublikasının keçmiş "Dağlıq Qarabağ" regionunda qeyri-qanuni olaraq qondarma "Dağlıq Qarabağ Respublikası"nın qurulmasını bəyan etdilər. 1988-ci ildən başlayaraq erməni separatçılarının qısa müddət ərzində qazandığı uğurların əsas səbəbi imperiya (SSRİ) rəhbərliyindən aldıqları genişyönümlü dəstək olsa da, həmin dövrdə ölkə rəhbərliyinin nümayiş etdirdiyi susqunluq və laqeyd münasibət də məlum proseslərin nəzarətdən çıxmasını şərtləndirdi.
1992-ci ilin ilk günlərindən etibarən ermənilər tərəfindən Qarabağda işğallara başlanıldı. 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu. Bu vaxt Azərbaycan Silahlı Qüvvələrinin Daşaltıda apardıqları hərbi əməliyyat da uğursuzluqla nəticələndi. Bir müddət sonra Qaradağlı kəndini də ələ keçirən separatçılar 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı aktı törətdilər. Xocalı faciəsi zamanı 613 nəfər (o cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca) öldürüldü.
1992-ci ilin mayında Şuşanın işğalı ilə faktiki olaraq bütün Qarabağ ərazisi işğal edildi. Laçının işğalı ilə isə Ermənistandan Qarabağa dəhliz açıldı və bu "humanitar dəhliz", əslində, qanlı körpüyə çevrildi. Laçın vasitəsilə qısa zamanda külli miqdarda silah sursat hərbi qüvvə əldə edən ermənilərin daha sonra işğal etdikləri Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ərazisi (17 min kv.km) keçmiş "Dağlıq Qarabağ"ın ümumi ərazisindən (4400 kv.km) dörd dəfə böyük idi. Ümumiyyətlə, Ermənistanın işğalçı hərbi dəstələri Azərbaycan sərhədlərinin 360 km-lik sahəsində irəliləyərək torpaqlarımızın 20 faiz hissəsini işğal etmiş, Füzuli rayonundakı Horadiz qəsəbəsindən Zəngilanadək 198 km-lik Azərbaycan-İran sərhədlərini nəzarət altına almışdılar. Erməni işğalları nəticəsində azərbaycanlıların yaşadığı şəhər, qəsəbə və kəndlər tutuldu. Ümumilikdə 890 yaşayış məntəqəsi ermənilərin əlinə keçdi. Azərbaycanın civə, obsidian və perlit ehtiyatlarının hamısı, tikinti və üzlük materiallarının 35-60 faizi, meşə fondunun 24 faizi, su ehtiyatlarının 7,8 faizi işğal olunmuş torpaqların payına düşürdü. Burada 2 qoruq və 3 iri su anbarı da yerləşir.
Həm sovet dövründə, həm də müstəqillik dövründə bir-birini dəyişən antimilli hökumətlər, xüsusilə də AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində ərazilərimiz işğal altına düşdü, sonra da qorxaqcasına öz vəzifələrini guya donduraraq kənara çəkildilər.
Azərbaycan xalqının üzləşdiyi amansız və ədalətsiz müharibədəki məğlubiyyət silsiləsinə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə 1994-cü ilin mayında son qoyuldu. Cəbhədə əldə edilən atəşkəs Azərbaycan dövlətinin güclənməsi, ordunun qüdrətlənməsi, iqtisadiyyatın inkişafı, xarici siyasətin effektivliyi üçün münbit zəmin formalaşdırdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi ilə 2023-cü ilin sentyabrında Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyimiz və ərazi bütövlüyümüz bərpa olundu.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində Ermənistan və Azərbaycan respublikaları arasında sülh müqaviləsinin paraflanmasına dair bəyannamənin imzalanmasından sonra mətbuata verdiyi müsahibədə bildirmişdir: “Yalnız 2023-cü ilin antiterror əməliyyatından sonra Ermənistan artıq reallıqlarla barışmalı oldu. Ondan sonra demək olar ki, fəal danışıqlar prosesi başlamışdır. Artıq neçə aydır tərəflər bəyan etmişdilər ki, sülh sazişinin bütün maddələri razılaşdırılıb. Hesab edirəm ki, bu, Cənubi Qafqaz üçün çox önəmli tarixi məsələdir. Əminəm ki, bu gün Ağ Evdə paraflanan sülh sazişi artıq bölgəyə sülh gətirib”.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli Sərəncamı və bu Sərəncamın tarixi əhəmiyyəti

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımız 44 günlük Vətən müharibəsində və Qarabağ iqtisadi rayonunda keçirilən bir günlük antiterror əməliyyatı nəticəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Rəşadətli Azərbaycan Ordusunun hərbi qulluqçularının canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Şanlı ordumuz Qarabağın tacı Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğaldan azad etməklə Ermənistanı diz çökdürdü və kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Sentyabrın 27-də başlayan müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.
10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrini tərk-silah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ iqtisadi rayonunda Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 19 sentyabr 2023-cü ildə antiterror əməliyyatına başlanıldı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısının rəhbərliyi altında, "Heydər Əliyev İli"ndə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkədə siyasi hakimiyyətə gəlməsinin 20 illiyi ərəfəsində Xankəndi, Xocalı, Xocavənd Ağdərə və digər yaşayış məntəqələri işğaldan azad olunaraq Azərbaycan Respublikasının konstitusiya quruluşu, dövlət suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edildi.
30 illik işğal dövründə ermənilər tərəfindən şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 noyabr tarixli müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı"nın icrasına başlanmışdır. Artıq Qarabağ və Şərqi Zəngəzurun kənd və şəhərlərinə məcburi köçkünlərin qayıdışı təmin olunmuş və bu işlər davam etdirilməkdədir.
Vətən müharibəsindəki tarixi qələbəni əbədiləşdirmək məqsədilə işğaldan azad edilmiş şəhərlərin günləri Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il və 18 sentyabr 2024-cü il tarixli müvafiq sərəncamları ilə aşağıdakı kimi təsis edilmişdir:
26 avqust - Laçın şəhəri günü; 4 oktyabr - Cəbrayıl şəhəri günü; 17 oktyabr - Füzuli şəhəri günü; 20 oktyabr - Zəngilan şəhəri günü; 25 oktyabr - Qubadlı şəhəri günü; 8 noyabr - Şuşa şəhəri günü; 20 noyabr - Ağdam şəhəri günü; 25 noyabr - Kəlbəcər şəhəri günü; 20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü.
Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində, özünün dövlətçilik ənənələrini qoruyub saxlaya bilmiş, hətta Şərq və Qərb dünyasında özünəməxsusluğu ilə seçilən qüdrətli imperiyalar yaratmışdır. Bu həm Manna, Atropatena, Albaniya kimi qədim, həm də Şirvanşahlar, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi qüdrətli orta əsr dövlətlərinin, həmçinin ərazi cəhətdən kiçik olsa da, xanlıqlar kimi siyasi müstəqilliyə malik son orta əsr dövlətlərimizin timsalında özünü göstərib. 
Bugünkü inkişafımızın təməlini təşkil edən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları, XX yüzilliyin sonu Azərbaycan xalqının dövlətçilik uğrunda apardığı mübarizəsi və qan yaddaşımızda əbədi yaşayacaq hadisələrin içərisində müstəqilliyimizin ilk otuz illik dövrünün keşməkeşləri, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən müharibəsinin, antiterror əməliyyatının silinməyəcək izləri əsrlər boyunca gələcək nəsillərimizin fikir və düşüncələrinə hakim kəsiləcək, şanlı tariximizə qızıl hərflərlə qeyd ediləcəkdir. Bu gün hər birimiz əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətçilik amallarını, yüksək ideyalarını yaşatmaq və gələcək nəslə çatdırmaq, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə onun ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməliyik.

İdeoloji İş və Mənəvi-

Psixoloji Təminat İdarəsi