Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Noyabr 2025 18:19

Tarixi Zəfər və ya Qüdrət simfoniyası

1988-ci ilin 22 fevralında Xankəndidə başlamış mitinqlərə etiraz yürüşünə gedənlərimizə Əsgəranda atılan güllələr, Ermənistanın Azərbaycana qarşı elan etmədən başladığı ədalətsiz, işğalçılıq müharibəsinin ilk güllələridir. Moskva bu müharibəni dayandırmadı. Ermənistanın işğalçılıq müharibəsi SSRİ dağıldıqdan, müttəfiq respublikalar dövlət müstəqilliyini bərpa etdikdən sonra da davam etdi - Azərbaycan Ordusu formalaşa-formalaşa döyüşür, döyüşə-döyüşə formalaşırdı. Havadarlarından siyasi və hərbi yardım alan Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etdi… 
Ermənistan Azərbaycanın təklif etdiyi danışıqlardan yayınır. Regionda mövcud status-kvonu saxlamağa çalışırdı, yeni ərazilər işğal etmək niyyəti ilə hücumlar edirdi, bu hücumların qarşısı qətiyyətlə alınırdı…
"N" hərbi hissəsində "İkinci Qarabağ müharibəsi: Döyüşlər, tarixi Zəfər" mövzusunda disput-söhbət bu xatırlatmalarla başlayır. Baş leytenant Nihad Hüseynov İkinci Qarabağ müharibəsinin başlanması səbəblərindən, döyüşlərdən, döyüşənlərdən söz açaraq bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı kimi başlayan bu müharibə Vətən müharibəsi kimi davam etdirildi. Bu müharibə ədalətli müharibə idi - Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad etmək üçün döyüşürdü…
Əsgər Nəriman Muradov Ermənistan ordusunun 2020-ci il 27 sentyabr hücumundan, Azərbaycan Ordusunun əks-hücumundan, düşmənin işğal müddətində yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərindən söz açır:
- Ordumuzun hissələri düşmənin "Ohanyan səddi" adlandırdığı müdafiə xəttini darmadağın etdi, müdafiə yarıldı. Həmin gün döyüşənlərimiz müharibənin ilk gününü son günü kimi döyüşürdülər. Füzuli rayonunun Qaraxanbəyli, Kənd Horadiz, Qərvənd, Yuxarı Əbdürrəhmanlı…
Nərimanın fikrini əsgər İlyas Əsgərov tamamlayır:
- …Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətində yüksəkliklər işğaldan azad edildi…
Əsgər Ravid Rəhimov İkinci Qarabağ müharibəsinin döyüşlərini həmin döyüşlərin iştirakçısı olmuş hərbi qulluqçunun təəssüratlarına istinadən xatırlayaraq deyir ki, bu döyüşlərdə yaralananların əksəriyyəti hospitala getmək istəmirdilər. Yaralılardan biri həkimə qəhərlə demişdi ki, atam şuşalıdır, mən Şuşa uğrunda döyüşməsəm, müharibədən sonra atamın üzünə necə baxaram? Həmin yaralı döyüşçü müalicə olunduqdan sonra yenidən döyüşlərə göndərilib. Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olub. Onun şəhidliyi bölüyün döyüşçülərinin döyüş əzmini, qələbə ruhunu kükrədib, hamısı şəhid döyüşçünün ruhunu sıralarında bilə-bilə döyüşüb, Şuşada ilk gülləni də, sonuncu gülləni də onun adından atacaqlarına and içiblər…
Ravidin dedikləri hamını duyğulandırır. Hadisə də Vətənə sevgi olub, hadisənin yaratdığı ovqat da Vətənə sevgidir. Şuşada döyüşmək istəyən döyüşçünün qətiyyəti Azərbaycan Ordusunun qətiyyətinə inam, ehtiram kimi, milli-mənəvi dəyərlərimizin zərrəsi kimi tarixləşir…
Söz sözü çəkir. Qəhrəmanlıqlardan, qəhrəmanlardan danışılır…
- Füzuli uğrunda döyüşlərdə yaralı döyüşçünü döyüşdən çıxardan döyüşçü Kərim Həsənov cəsur döyüşçü idi (əsgər Vidadi Cəfərov).
- Döyüşdə yaralandığını bildirməyən, döyüşən, çox qan itirdiyinə görə şəhid olan gizir İbrahim Məmmədov cəsur idi (əsgər Məhəmməd Namazov).
- Mühasirə təhlükəsi yarananda beş döyüşçümüzə təkidlə, "Gedin, mən sizi himayə edəcəm, tələsin…" - deyən, düşmənlə döyüşən, döyüşçü yoldaşları uzaqlaşana kimi təkbaşına şəhid olan əsgər Saleh Əliyev qəhrəman idi (əsgər Nəriman Muradov).
- Döyüş əməliyyatlarından əvvəl meşəliklərdə, dağlıq ərazilərdə yolların minalarını yoxlayan, aşkarlandıqda zərərsizləşdirən mühəndis-istehkamçılar qəhrəman idi (İlyas Əsgərov).
Baş leytenant Nihad Hüseynov əsgərlərin dediklərini qəhrəmanlığı müəyyənləşdirən məqamlar baxımından ümumiləşdirir, gərəkli bir mətləbi xatırladır:
- Dedikləriniz tarixi gerçəkliklərdir, Azərbaycan əsgərinə, Azərbaycan Ordusuna ehtiramdır, ancaq qəhrəmanlıqla döyüşmək qəhrəmanlıq, qəhrəman olmaq deyil. Azərbaycan Ordusunun şəxsi heyəti İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşdü, qəhrəmanlar da oldu…
Əsgərlər razılıqla gülümsünürlər - bu təbəssümlər də sevgidir, ehtiramdır. Bu gözəl təbəssümün gözəl yozumu gözəl bir ovqat yaradır: Müharibədə hər döyüş qəhrəmanlıq idi, hər döyüşçü qəhrəman... Bugünkü disput bu ovqatın mahiyyətinin disputudur. Əsgərlər bu mahiyyəti İkinci Qarabağ müharibəsinin tarixinə əsgər sədaqəti bilirlər…
Əsgər Ravid Rəhimov deyir ki, mən qəbul imtahanlarına hazırlaşanda həm Vətənə sevgimə görə, həm də biliyimi artırmağa görə müharibə ilə bağlı məqalələri də, çıxışları da oxuyurdum. 
Ordumuz döyüşə-döyüşə qələbələr qazanırdı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi bir fikir əzbərimdə idi: "Dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz... Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik".
Vidadi Cəfərov əsgər yoldaşının fikrini müharibədə yaşanılmış ovqat bilir:
- Cavidin dediyi kəlamı müəllimimiz bizə sinifdə qürurla demişdi, o kəlamı qəhrəmanlarımıza qəhrəmanlıq qüruru bilmişdik. Dərsdən evə qayıdanda gözlərim camaatın üzündə idi, mənə elə gəlirdi ki, hamı dövlət başçımızın dediklərini Azərbaycan əsgərinin qazanacağı qələbənin işığı bilir…
Əsgər Məhəmməd Namazov əsgər yoldaşlarının dediklərinə qüvvət kimi deyir ki, döyüşlər dövlət başçımızın qətiyyətini təsdiqləyirdi - ordu hissələrimiz döyüşə-döyüşə Şuşaya yaxınlaşırdı. Şuşa uğrunda döyüşlər müharibənin bəlkə də son döyüşləri olacaqdı. Müəllimimiz müharibədə bir döyüşçünün dediklərini də xatırlatmışdı: "Şuşa uğrunda gedəcək döyüşlərə kimi Tanrıdan ömür arzulayıram". Döyüşçünün bu istəyi digər döyüşçüləri duyğulandırıb - döyüşçü son anda qələbə qazanacaq döyüşçülərimizin sırasında olmağı arzulayırmış. Həmin döyüşçü Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib, döyüşüb, noyabrın 8-də Şuşada snayper gülləsindən şəhid olub. Həmin döyüş də tarixləşib, həmin şəhidlik də. O tarixi də unutmayacağıq, o şəhidliyi də...
- Müharibə xalqın müharibəsi idi (əsgər Nəriman Muradov).
- Həm də Ermənistanın işğalçılıq müharibəsini məğlub edən ədalətli müharibə idi (əsgər Ravid Rəhimov).
- Hamı, məktəblilər də, təqaüdçülər də, Birinci Qarabağ müharibəsinin veteranları da ruhən döyüşənlərin sırasında idi (Məhəmməd Namazov).
Əsgər Vidadi Cəfərov əsgər yoldaşlarının fikirlərinin davamı kimi deyir:
- “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsini mahiyyətinə görə Vətən müharibəsi adlandırmışdı. Hospitalda yaralılarla görüşdə dediyi bir fikir Azərbaycan dövlətçiliyinə, Azərbaycan Ordusuna ehtiram, qələbəyə inam kimi tarixləşdi”.
Əsgər Həsən Ələsgərov bu qətiyyətli, qürurlu fikri elə gözəl, elə sevgilərlə tamamlayır ki!
- Vətən müharibəsi ifadəsini döyüşənlərimiz dönməz döyüşlərinin döyüş əzminə, qələbə ruhuna sərhəd ehtiramı bildilər.
Baş leytenant Nihad Hüseynov əsgərin fikrinə daha obrazlı nizam verir:
- Bu kəlam döyüş əzminin, qələbə ruhunun manifestinə çevrildi.
- Döyüşlər döyüşçülərimizi Şuşaya yaxınlaşdırırdı. Bu döyüşlər Azərbaycan Ordusunun tarixi Zəfəri ilə tamamlandı - Şuşa işğaldan azad edildi.
Azərbaycan Ordusunun bu qələbəsi müharibədə düşmənin ən böyük məğlubiyyəti oldu, - əsgər Nəriman Muradov belə dedi.
- Əslində, Azərbaycan Ordusunun hissələrinin "Ohanyan səddi"ni dağıtması, döyüşə-döyüşə irəliləməsi ilə bu qələbə arasında bir bağlılıq vardı. Azərbaycan əsgərinin döyüş bayrağı ilk döyüşündə də, Şuşa uğrunda döyüşündə də dövlətə, dövlətçiliyə, Hərbi Anda sədaqət idi. Döyüşənlərimizi Zəfərə bu sədaqət yetirmişdi, - baş leytenant Nihad Hüseynov dedi.
- Üçtərəfli Bəyanat imzalandı...
- Bakıda Zəfər paradı keçirildi...
- Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra Xankəndidə parad keçirildi...
- 2023-cü il sentyabrın 19-20-də antiterror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu...
Əsgərlərin dedikləri fikirləri zabit ümumiləşdirir:
- İkinci Qarabağ müharibəsi Ermənistanın ədalətsiz müharibəsinə qarşı Azərbaycanın ədalətli müharibəsi idi, vətənpərvərliyin işğalçılıqla azərbaycanlılığın erməniliklə müharibəsi idi. Azərbaycan Ordusunun tarixi Zəfəri həm işğalı sonlandırdı, həm də regionda bir terror şəbəkəsini ləğv etdi, antiterror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu...
…"N" hərbi hissəsində "İkinci Qarabağ müharibəsi: Döyüşlər, tarixi Zəfər" mövzusunda keçirilən disput da təsdiqləyir ki, bu müharibə də, döyüşlər də, döyüşənlər də, şəhidlər də, qazanılan tarixi Zəfər də həm tarixdə, həm də yaddaşlarda yaşayacaq, sədaqətlə yaşadılacaq...
Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"