AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik məqamına yüksələn Tağı İlham oğlu Abdullazadənin anım günü münasibətilə Sədərək rayonunda tədbir keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayonda fəaliyyət göstərən təşkilatların rəhbərləri və əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, digər idarə və təşkilatların nümayəndələri, hərbçilər, polis əməkdaşları, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, döyüşlərdə yaralananlar, müharibə iştirakçıları, məktəb kollektivi və rayon sakinləri iştirak etdilər. Sədərək rayon Şəhidlər xiyabanında keçirilən tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ardınca Dövlət Himni səsləndirildi.
Sonra Sədərək rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə çıxış edərək Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində, eləcə də digər döyüş əməliyyatlarında şücaət göstərmiş Azərbaycan əsgərinin qəhrəmanlığından söhbət açdı. Vurğuladı ki, Azərbaycan xalqı bu gün müstəqil, azad və qalib ölkə kimi yaşayırsa, bu, şəhidlərimizin canı və qanı bahasına qazanılmış müqəddəs bir Zəfərin nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, güclü siyasi iradəsi və ordumuza göstərdiyi xüsusi diqqət sayəsində Azərbaycan Ordusu qısa müddətdə tarixi Zəfərə nail oldu. Bu qələbə həm dövlətimizin qüdrətinin, həm də xalq-ordu birliyinin təntənəsidir.
Tədbirdə digər çıxış edənlər də qeyd etdilər ki, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu gənclər üçün vətənpərvərlik məktəbidir və onların xatirəsini əziz tutmaq, ailələrinə daim diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur. Qeyd olundu ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Tağı Abdullazadə Vətən müharibəsi zamanı noyabrın 2-də şəhid olub. O, Sədərək şəhərində dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Tağı Abdullazadə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Hərbi xidmətlərə görə", "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhid anası çıxışında dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını ifadə etdi, Tağı kimi oğulların hər zaman xalqın qəlbində yaşayacağını bildirdi.
Sonra şəhidin atası İlham Abdullazadə çıxış edərək oğlu Tağının uşaqlıqdan Vətənə, torpağa bağlı böyüdüyünü, hər zaman cəbhəyə getmək arzusunda olduğunu bildirdi. "O, Vətənə sevgisini sözlə deyil, əməllə sübut etdi. Oğlumla qürur duyuram", - deyə şəhidin atası vurğuladı.
Sonra məktəblilər vətənpərvərlik ruhunda yazılmış şeirləri bədii qiraət etdilər. Şəhidlərin məzarları ziyarət olundu, üzərlərinə gül dəstələri düzüldü.
* * *
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu şəhid əsgər Ramazan Əbülfət oğlu Göydağlının anım günü qeyd olundu. Şəhidimizin anım günündə keçirilən tədbirdə Culfa rayon İcra Hakimiyyətinin rəhbər heyəti, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri, şəhid ailələri, müharibə iştirakçıları, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Mərasim iştirakçılarına şəhidimiz haqqında məlumat verilərkən qeyd olundu ki, yurdumuzu yağı düşməndən qoruyarkən canından keçən igidlərimizdən olan Ramazan Əbülfət oğlu Göydağlı İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələrək adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. 2020-ci il sentyabrın 28-də şəhid olan əsgər R.Göydağlı dünyaya göz açdığı Kırna kəndində dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Tədbirdə çıxış edən Culfa rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini icra edən Sara Hüseynova öz çıxışında Vətən uğrunda canından keçən igid oğulların şücaətindən danışdı. Qeyd etdi ki, xalqımızın ərazi bütövlüyünün bərpası naminə şəhidlik zirvəsinə ucalan hər bir oğulun xatirəsi daim hörmət və ehtiramla yad olunur. Daha sonra bildirdi ki, şəhid Ramazan Göydağlının keçdiyi şərəfli həyat və döyüş yolu gənclər üçün vətənpərvərlik nümunəsidir. Onun göstərdiyi igidlik və cəsurluq gələcək nəsillərə örnəkdir.
Tədbirdə çıxış edən şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Bəxtiyar ƏLİYEV
Naxçıvan Şəhid Ailələri
İctimai Birliyinin mətbuat katibi