AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Darab Mirzə Şahrux Mirzə oğlu Qovanlı-Qacar 9 may 1869-cu ildə Şuşa şəhərində anadan olub (bəzi mənbələrdə onun doğum tarixi 15 dekabr 1868-ci il, 9 mart 1869-cu il kimi də göstərilib). Atası Şahrux Mirzə Qovanlı-Qacar Azərbaycanın hakimi və taxt-tacın varisi Bəhmən Mirzə Qovanlı-Qacarın oğlu və çar ordusunun polkovniki olub.
İlk təhsilini evdə aldıqdan sonra Tiflis kadet korpusunda oxuyub. Sonra Pavlov Hərbi Məktəbində təhsilini davam etdirib, buranı 1-ci dərəcə ilə bitirib.
1889-cu il sentyabrın 1-dən "yunker" rütbəsində xidmətə başlayıb. 1890-cı il mayın 5-də "unter" zabit rütbəsi alıb. 1891-ci il avqustun 5-də "xorunji" rütbəsi (Şərqi Avropa ordusunda və 1722-ci ildən çar ordusunun kazak dəstələrində mövcud olan rütbə) alaraq, Kuban kazak qoşunlarının 1-ci Poltava Atlı Alayına təyinat alıb. 1891-ci il sentyabrın 12-dən alayda xidmətə başlayıb. 1894-cü ilə qədər burada müxtəlif vəzifələrə təyinat alaraq müxtəlif yüzlüklərdə xidmətini davam etdirib.
1895-ci il oktyabrın 15-də Kuban kazak qoşunlarının 2-ci Poltava Atlı Alayına təyinat alıb, burada 4-cü yüzlükdə kiçik zabit kimi xidmətə başlayıb. 1897-ci il sentyabrın 13-də alayın 1-ci yüzlüyünə kiçik zabit kimi təyinat alan Darab Mirzə Qovanlı-Qacar 1898-ci il avqustun 12-də təhsil almaq üçün Atıcı Zabit Məktəbinin kazak bölməsinə göndərilib. 1899-cu il avqustun 28-də təhsilini tamamlayıb.
1900-cü il sentyabrın 23-də o, 3-cü dərəcəli "Şire-Xurşid" ordeni ilə təltif edilib. Bundan başqa "İmperator III Aleksandrın hakimiyyətinin xatirəsinə" medalı və "Əhalinin ilk ümumi siyahıyaalınmasında göstərdiyi əməyə görə" medalı ilə də təltif edilib. 1901-ci il yanvarın 23-də xidmətdə fərqləndiyinə görə 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeninə layiq görülüb.
1901-ci il dekabrın 1-də alayın silahlar (silahlanma) üzrə rəisi, 1903-cü il mayın 10-da alayın 4-cü yüzlüyünə komandir təyin edilib. Həmin il iyunun 1-də "podyasavul" rütbəsi alıb, iyunun 9-dan sentyabrın 11-nə qədər isə İranla sərhəddə Culfa dəstəsində xidmət edib. 1904-cü il mayın 29-dan 1905-ci il martın 5-nə qədər Kuban kazak qoşunlarının 2-ci Poltava Atlı Alayının 2-ci yüzlüyünə komandirlik edib. 1905-ci il oktyabrın 12-də yenidən Kuban kazak qoşunlarının 1-ci Poltava Atlı Alayına təyinat alıb.
1908-ci il mayın 6-da 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə mükafatlandırılıb.
1909-cu il mayın 6-da "yasavul" rütbəsinə yüksəlib. 1909-cu il iyunun 10-da Kuban kazak qoşunlarının 1-ci Labinski General Zass Alayına təyinat alıb. 1910-cu il mayın 15-də isə xidmətdən azad edilib.
Bir qədər sonra yenidən xidmətə çağırılaraq 1911-ci il martın 4-də yasavul rütbəsində olan Darab Mirzə Kuban qoşunlarının 1-ci alayının 5-ci yüzlüyünə komandir təyin edilib.
Darab Mirzə Qovanlı-Qacar Birinci Dünya müharibəsində Kuban kazak ordusunun generalı Velyaminovun alayında 5-ci bölüyün komandiri olaraq iştirak edib. 109 nəfərlik bölüyə komandirlik edən Darab Mirzə Qacar 1914-cü il avqustun 4-də Qorodok şəhəri yaxınlığında gedən şiddətli döyüşün kritik anında - Avstriya qoşunları kazakları mühasirəyə alarkən Qorodok şəhərinə girmək üzrə olduğu bir vaxtda düşmən eskadrilyasına süvari hücumu təşkil edib.
Sayca qat-qat üstün olan Avstriya qoşunlarının aramsız artilleriya atəşi altında o, düşmən qüvvələrinə doğru irəliləyərək üç taqımdan ibarət bölüyü ilə hücuma keçib və düşmənə ağır, sarsıdıcı zərbə vurub. Həmin döyüşdə Darab Mirzə qılınc yarası və kontuziya alıb.
Bu hücumda düşmən süvarilərinin təxminən üç eskadrilyası məhv edilib. Bu uğurlu hücum döyüşün gedişatını əhəmiyyətli dərəcədə dəyişib. Həlledici əhəmiyyət kəsb edən hücumda düşmən süvariləri məhv edildikdən sonra alayın digər hissələri Trufanovun komandanlığı altında düşmən artilleriyasına doğru hərəkət edə biliblər. Düşmən kazakların sürətlə irəlilədiyini görüb artilleriya atəşini dayandıraraq qaçıb və beləliklə, alayın bütün digər hissələri mühasirədən xilas edilib.
Məhz bu döyüşlərdə göstərdiyi şücaətlərə görə o, 1914-cü il oktyabrın 11-də Ali hərbi mükafatla - qızıl "Georgi silahı" ilə təltif edilib.
1915-ci il aprelin 2-də "hərbi starşina" rütbəsi (təxminən "mayor" rütbəsinə bərabər rütbə) alıb. Elə həmin il iyulun 7-də Qafqaz cəbhəsində fəaliyyət göstərən Kuban kazak qoşunlarının 3-cü alayına təyinat alıb. 1916-cı il iyunun 12-də düşmənə qarşı döyüşlərdə fərqləndiyinə görə 435 nömrəli əmrlə 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə (qılınc və bantla birlikdə), həmin ilin noyabrın 19-da isə 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni ilə (qılıncla birlikdə) təltif edilib. 1917-ci il fevralın 23-də Kuban kazak qoşunlarına xidmətə göndərilib.
1917-ci il oktyabrın 5-də "polkovnik" rütbəsinə yüksəlib.
Darab Mirzə Əhməd şah Qacarın dəvəti ilə İrana gedib. 1925-ci ildə Qacar sülaləsinin süqutundan sonra hakimiyyətə gələn Rza şah Pəhləvi Darab Mirzəni öz hakimiyyətinə qarşı təhlükəli hesab etdiyi üçün həbs etdirib. 1930-cu ildə Tehran həbsxanasında çətin şəraitdə dünyasını dəyişib. Yaxınlarının bildirdiklərinə görə isə o, həbsxanada öldürülüb.
"Azərbaycan Ordusu"