Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Noyabr 2025 18:19

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Zəfər tariximiz yazıldı

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:
Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir.

Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun illərdən bəri erməni hərbi birləşmələrinin işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli və şanlı səhifələrindən biridir. Həmçinin bu qələbə qonşusunun torpağına göz dikən, xalqımızın humanistliyindən, qonaqpərvərliyindən, etimadından, etibarından sui-istifadə edən ermənilərin iç üzünü, mənfurluğunu, hiyləgərliyini, nəhayət, əsl simasını dünyaya bir daha göstərdi. Hər kəs gördü ki, ermənilər yalan iddialarla bəşəriyyətə fəlakət və bəla gətirən faşist, daşnak ideologiyasını, işğalçılıq siyasətini utanıb-çəkinmədən, özlərinə havadarlar taparaq həyata keçirməyə çalışırlar.
Bir daha dünya şahid oldu ki, tarix boyu ermənilər azərbaycanlılara və türklərə qarşı amansız olub, insanlığa sığmayan terror aktları, dəhşətli soyqırımları, qətliamlar törədiblər. 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə havadarlarının dəstəyi ilə ermənilər azərbaycanlıları tarixi köklərindən ayıraraq, öz ata-baba yurdlarından deportasiya edərək, didərgin salıblar. Bu millətin xəmiri sanki qəddarlıqdan yoğurulub. Qocaya, ahıla, qadınlara, azyaşlı uşaqlara, körpələrə belə rəhm etməyən ermənilərin törətdikləri vandal aktlar alman faşizmini də kölgədə qoyub.
Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Ali Baş Komandanın əks-hücum əmri ilə torpaqlarımızın işğaldan azad olunması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpası naminə Haqq savaşı - Vətən müharibəsi başladı. Bu müddət ərzində xalqımız, o cümlədən, bütün dünya ermənilərin nə qədər vandal, vəhşi xislətə malik olduqlarının bir daha şahidi oldu. Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşən Ermənistan silahlı qüvvələri ordumuzun hər yeni uğuruna yalnız bir o qədər aciz, azğın və namərd şəkildə reaksiya verirdi. Düşmən dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq, raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan terror aktları törətdi. Üstəlik, bu terror aktlarının qadağan olunmuş silahlar vasitəsilə həyata keçirilməsi düşmənin azğınlığının bariz nümunəsi oldu.
Yaşanan dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da, xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək daha da əzmlə və mərdcəsinə müdrik rəhbərini, Ali Baş Komandanını və ordumuzu dəstəkləməyə davam etdi. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında aldı. Müasir texnologiyalara və silahlara sahib olan qüdrətli Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızın işğaldan azad olunması uğrunda beynəlxalq hüquq çərçivəsində savaşdı və Böyük Zəfərimiz xalqımızın tarixinə şərəflə yazıldı... Azərbaycan 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi.
Rəşadətli Azərbaycan Ordusu qarşısında tab gətirməyərək ağır məğlubiyyətə uğrayan işğalçı Ermənistanla aparılan müharibə zamanı hərbi qulluqçularımızın rəşadəti, şəhidlərimizin qanı ilə düşmənin uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemləri, məğlubedilməzlik mifləri cəsarətlə dağıdıldı. 2020-ci ilin 3 oktyabr tarixində Suqovuşanın azad edilərək tarixi adına qovuşması, 4 oktyabrda Cəbrayıl rayonu, 9 oktyabrda Hadrut qəsəbəsi, 17 oktyabrda Füzuli rayonu, 20 oktyabrda Zəngilan rayonu, 25 oktyabrda Qubadlı rayonu və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilməklə müharibənin taleyi əsasən həll olundu. Ümumilikdə döyüş əməliyyatları nəticəsində Azərbaycan Ordusu tərəfindən 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər hərbi yolla işğaldan azad edildi. Bununla yanaşı, düşmənin məğlubiyyəti nəticəsində imzalanan tarixi Üçtərəfli Bəyanata əsasən, noyabrın 10-u münaqişə zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, dekabrın 1-dək Ermənistan silahlı qüvvələrinin münaqişə zonası ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edildi.
Beləliklə, dövlətçiliyimizin ən şərəfli səhifəsinə qızıl hərflərlə yazılan bu Zəfərlə Azərbaycan faşist, daşnak ideologiyasından bəhrələnən Ermənistanın 30 ilə yaxın işğalına son qoyaraq, bir güllə atmadan, bir şəhid vermədən 2020-ci il noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də isə Laçın rayonunu işğaldan azad etdi.
2023-cü ilin 19-20 sentyabr tarixlərində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz Qarabağ iqtisadi rayonunda qanunsuz erməni silahlı dəstələrinə və erməni hərbi birləşmələrinə qarşı uğurlu antiterror tədbiri həyata keçirərək, Azərbaycanın suveren hüquqlarının tamamilə bərpasına nail oldu.
Əlbəttə, ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən müddət ərzində həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda, beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir. O da xüsusilə vurğulanmalıdır ki, Azərbaycanın bu qürurverici və əzəmətli qələbəsinin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevdir.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-dövlət-ordu birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı hərb tariximizə daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi Zəfər qazandı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə hər il Noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Təsadüfi deyildir ki, qalib xalqımız bu il möhtəşəm qələbəmizin beşinci ildönümünü böyük coşqu, təntənə ilə qeyd edir.
Bəli, 2020-ci ilin 8 Noyabr günü tarixə qızıl hərflərlə yazıldı... Bu tarix Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər Günü kimi yadda qaldı. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın Zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, rəşadətli ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur hərbi qulluqçularımızın canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq...
30 ilə yaxın münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır.
“Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"