AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
2003-cü ildə Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verərək onu Prezident seçdi. O, ölkəmizdə Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsini əsas tutdu və xalqına xidmət etməyi həyat amalına çevirdi, Azərbaycanın dövlət müstəqilliyinin və dinamik inkişafının qarantı olduğunu əyani şəkildə nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin adı Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılıb. Onun adı müstəqil dövlətimizin siyasi, iqtisadi, hərbi və diplomatik uğurları ilə vəhdət təşkil edir. XXI əsrin çağırışları fonunda Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycanın regionda lider dövlətə çevrilməsinə, dünya miqyasında etibarlı tərəfdaş kimi tanınmasına səbəb oldu.
Uzun illər boyu Azərbaycan xalqı işğal altında olmuş torpaqlarımızın azad olunacağı günü səbirsizliklə gözləyirdi. Dövlət başçısı hakimiyyətə başladığı ilk günlərdən bu tarixi missiyanı öz üzərinə götürdü. O, daxili və xarici siyasət yürüdərək həm diplomatik, həm də hərbi sahədə ardıcıl islahatlar apardı və xalqın arzusunu gerçəkləşdirdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin mühüm xidmətlərindən biri müasir Azərbaycan dövlətinin suverenliyinin və ərazi bütövlüyünün qorunmasıdır. O, hələ hakimiyyətinin ilk illərində bəyan etmişdi ki, Azərbaycan dövləti öz torpaqlarının işğal altında qalması ilə heç vaxt barışmayacaq. Dövlət başçısının bu prinsipial mövqeyi onun uzaqgörən siyasəti ilə ardıcıl şəkildə tamamlanırdı. İllər ərzində həyata keçirilən uğurlu islahatlar, ordu quruculuğu, iqtisadi gücün artırılması məhz bu hədəfə - torpaqlarımızın işğaldan azad olunmasına xidmət etdi.
Azərbaycan Ordusunun müasir səviyyəyə yüksəldilməsi Prezident İlham Əliyevin böyük nailiyyətlərindəndir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətini yeni reallıqlara uyğun şəkildə inkişaf etdirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ən müasir texnologiyalarla təchiz edildi və regionun ən güclü ordularından birinə çevrildi. Ali Baş Komandanın hərbi-siyasi strategiyası qısa müddətdə özünü büruzə verdi. O, həm cəbhə xəttində hərbi əməliyyatların idarə olunmasına, həm də beynəlxalq arenada qətiyyətli mövqeyi ilə parlaq liderlik nümunəsi göstərdi. Xalqla daimi ünsiyyəti, hər gün verdiyi dəqiq və inamlı mesajlar həm döyüşçülərinə, həm də bütün Azərbaycan xalqına güc verdi, onlarda ruh yüksəkliyi yaratdı.
Müasir silah-sursatların alınması, şəxsi heyətin peşəkarlığının artırılması, hərbi təlimlərin keçirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi nəticəsində Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində düşmənə sinə gərərək Böyük Zəfər qazandı. Bu Zəfər Azərbaycan tarixinə Ali Baş Komandanın böyük Sərkərdəlik məharəti ilə yazıldı.
Ali Baş Komandan İlham Əliyev diplomatiya sahəsində də böyük uğurlara imza atdı. Prezidentin qətiyyətli mövqeyi nəticəsində Qarabağ məsələsində uzun illər davam edən ədalətsiz mövcud vəziyyət pozuldu. Dövlətimiz həm döyüş meydanında, həm də siyasi masada qalibiyyət qazandı.
44 gün davam edən döyüşlər zamanı arxa cəbhədə də informasiya müharibəsi gedirdi. Azərbaycan Respublikasının Prezidenti dünyanın nüfuzlu media qurumlarının vasitəsilə haqq savaşı uğrunda gedən mübarizəni bütün dünyaya çatdırdı, Qarabağ torpaqlarının Azərbaycana məxsus olduğunu bir daha sübuta yetirdi.
Müharibə zamanı Ali Baş Komandanın tez-tez işlətdiyi "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" kimi məşhur şüarları hərbi qulluqçularımızın şücaətini, döyüş ruhunu daha da artırırdı. Bu ruhda döyüşən Azərbaycan Ordusu böyük qəhrəmanlıq dastanı yazaraq çətin döyüşlərdən asanlıqla qalib çıxdı. Bu savaşda məğlub olan Ermənistan üçün başqa çıxış yolu qalmadı, kapitulyasiya aktını imzaladı və 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında imzalanmış Üçtərəfli Bəyanat Azərbaycan tarixində mühüm dönüş nöqtəsi və 44 günlük Vətən müharibəsini yekunlaşdıran rəsmi bir sənəd oldu.
Prezident İlham Əliyevin fəaliyyəti təkcə hərbi və siyasi sahələrdə məhdudlaşmır. Dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan bu gün regionun ən sabit və inkişaf edən ölkələrindən biridir. Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə imzaladığı "Əsrin müqaviləsi" ilə əsasları qoyulan neft strategiyasını sonrakı illərdə Prezident İlham Əliyev uğurla davam etdirdi. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır.
2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi iqtisadi layihələr reallaşdırıldı. Neft və qaz layihələrinin uğurla icrası, qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı və sənayenin yeni mərhələyə yüksəlməsi ölkəmizin iqtisadi müstəqilliyini daha da möhkəmləndirdi. Azərbaycanın enerji və nəqliyyat layihələri dövlət başçısının ən ali fəaliyyətinin nəticəsidir. Həmçinin Prezident İlham Əliyev milli-mənəvi dəyərləri qiymətləndirməsi, xalqla birliyi və siyasi iradəsi ilə fərqlənir. Böyük Sərkərdənin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən, etibarlı, güvənilən dövlət kimi tanınır.
Torpaqlarımız işğaldan azad olunduqdan sonra Ali Baş Komandan İlham Əliyev dəfələrlə Qarabağ bölgəsinə səfər edib. 2025-ci il sentyabrın 14-də Prezidentin yenidən Qarabağa səfəri mühüm əhəmiyyət kəsb etdi. O, Füzuli rayonunda yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoydu, Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında iştirak etdi. Həmin gün Xocavənd rayonunun Qırmızı Bazar kəndinin sakinləri ilə görüşdə Prezident vurğuladı: "...Bütün Qarabağ artıq tam nəzarət altındadır və bildiyiniz kimi bu ərazi iki il bundan əvvəl işğalçılardan azad edildi. Elə bu günlərdə - sentyabrın 19-20-də şanlı Ordumuz separatçılığa son qoydu. Onunla da separatçılığın kitabı bağlandı və Azərbaycan tam suverenliyini bərpa etdi. "Böyük Qayıdış" Proqramı da uğurla icra edilir...".
Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının açılışı zamanı universitetin tələbəsi, şəhid bacısı ilə maraqlı söhbət edib və bütün tələbələrin qayğıları ilə yaxından maraqlanıb. Bildirib ki, bir neçə ildən sonra Xankəndi tələbələr şəhəri olacaq.
Prezidentin Qarabağ səfəri orada yaşayan əhalinin böyük sevincinə səbəb olub. Onlar dövlət başçımızın hər zaman yanlarında olduğunu bir daha hiss ediblər.
Böyük Zəfərin banisi olan Ali Baş Komandan İlham Əliyev hərbi-siyasi, iqtisadi və diplomatik fəaliyyəti ilə Azərbaycan tarixinə Zəfərin Sərkərdəsi kimi yazıldı.
Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam edir. Qarabağ yenidən qurulur, hər evin xoş ovqatı, hər ocağın tüstüsü ətrafda duyulur.
Kifayət ƏLİYEVA
"Azərbaycan Ordusu"