Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2025 12:30

Şəhid Rasim Ramazanovun xatirəsinə həsr olunmuş “Son məktub” kitabının təqdimatı keçirilib

Babək rayon Mədəniyyət Sarayında Vətən müharibəsi şəhidi Rasim Ramazanovun xatirəsinə həsr olunan, gənc yazar İlkanə Hüseynovanın "Son məktub" adlı kitabının təqdimatı keçirildi. Tədbirdə şəhidin ailə üzvləri, dövlət nümayəndələri, döyüş yoldaşları, müəllimlər, məktəblilər və ictimaiyyətin nümayəndələri iştirak etdilər. 
Təqdimat mərasimində çıxış edən Babək rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova bildirdi ki, xalqımızın hər bir şəhid övladı Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında misilsiz xidmətlər göstərib. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və müharibədə yaralananlara göstərilən diqqət və qayğı dövlətimizin igid övladlarına olan yüksək ehtiramın bariz nümunəsidir. 
Digər çıxış edənlər şəhid Rasim Ramazanovun döyüşlərdə göstərdiyi igidlikdən, Vətənə sədaqətindən və hərbi intizamından danışdılar. Bildirildi ki, Rasim Ramazanov 1998-ci il iyulun 26-da Babək qəsəbəsində anadan olub. O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib, oktyabrın 19-da Xocavənd döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Rasim Ramazanov göstərdiyi igidliyə və Vətənə sədaqətinə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Onun şərəfli ömür yolu hər bir gənc üçün əsl vətənpərvərlik nümunəsidir və belə övladlar Azərbaycan gəncliyinin qürur mənbəyidir. 
Tədbir çərçivəsində məktəblilər şəhidin xatirəsinə həsr olunan şeirlər səsləndirdilər, vətənpərvərlik mövzusunda teatr tamaşası nümayiş etdirildi.

Bəxtiyar ƏLİYEV

Naxçıvan Şəhid Ailələri

İctimai Birliyinin mətbuat katibi