Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2025 12:30

Siz tarixin əsgərisiniz, Azərbaycan əsgəri!

Birinci Qarabağ müharibəsində atəşkəs razılığı vardı. Ancaq bu razılaşma birtərəfli idi, işğalçı dövlət bu razılaşmaya əməl etmirdi, atəşkəsin atəşi kəsilmirdi. Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərini yerinə yetirmirdi. Düşmən işğal etdiyi ərazilərdən də, sərhədlərdən də hücumlar edirdi. Hücumların qarşısı alınırdı, ancaq atəşkəs müstəvisində gerçək müharibə gedirdi - Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi. Ermənistan yeni ərazilər işğal etmək niyyəti ilə təxribatlarını, müxtəlif istiqamətlərdən hücumlarını davam etdirirdi... 
Ön xətdə xidmət edən əsgərlərimiz "Səngərləri sərhədlərə köçürəcəyik!" deyirdilər. Döyüş növbətçiliyini bu ruhla aparırdılar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğalçı dövlətə siyasi xəbərdarlığı o əsgərlərin döyüş əzmini, qələbə ruhunu daha da kükrədirdi. Onda səngərlərdə, döyüş növbətçiliyindən qayıdanlara, döyüş növbətçiliyinə gedənlərə deyirdik ki, siz Ali Baş Komandanın döyüş əmri ilə səngərləri sərhədlərə köçürəcəksiniz. 2020-ci ilin payızında üzü səngərlərə dedik ki, məqam həmin məqamdı, Azərbaycan əsgəri! Sentyabrın 27-si idi...
Müharibənin əsgərlərinə düşmənin işğal müddətində yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini dağıtdığınıza görə sağ olun dedik, döyüşə-döyüşə qələbələr qazandığına görə sağ olun dedik, qələbələr qazana-qazana döyüşdüklərinə görə sağ olun dedik, tarixi Zəfər qazandığına görə sağ olun dedik. Onda siz orta məktəbdə oxuyurdunuz, siz də ruhunuzun harayını döyüşənlərimizə çatdırırdınız, Azərbaycan əsgəri! Bu gün ruhən o əsgərlərlə nəfəs-nəfəsəyəm, sizi də ruhən sağımda-solumda bilirəm...
                                                                                                          * * *
Zəfər tariximiz ədalətli müharibəmizin tarixidir. Tarixi durulaşdıran bu tarix bəşəri işığa döndü - Şər məğlub oldu. İşğalçı Ermənistan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirmədiyinə görə, Azərbaycanın təklif etdiyi sülh danışıqlarından yayındığına görə, regionda mövcud status-kvonu saxlamağa cəhd göstərdiyinə görə, müxtəlif istiqamətlərdə müxtəlif xarakterli təxribatlar törətdiyinə görə... müharibə zəruri idi...
Ermənistan 2020-ci ilin sentyabrın 27-də müxtəlif qoşun növlərini də cəlb etməklə irimiqyaslı hücuma keçdi. Bu, həmçinin zəruri müharibənin başlanğıcı oldu...
İkinci Qarabağ müharibəsi Ermənistanın elan etmədən başladığı işğalçılıq müharibəsinin məntiqi davamı oldu. Ermənistan ordusu işğalı uzatmaq üçün döyüşürdü, Azərbaycan Ordusu işğalı sonlandırmaq üçün. Döyüşlər azərbaycançılığın erməniliklə döyüşü idi, müharibə azərbaycançılığın erməniliklə müharibəsi...
Ermənistan işğal etdiyi ərazilərlə Azərbaycanın digər əraziləri arasında "Ohanyan səddi" adlandırdığı müdafiə səddi yaratmışdı. Elə güman edirdi ki, bu sədd keçilməz səddir. Belə düşünəndə, səddin hərbi baxımdan quruluşunu nəzərə almışdı, ancaq Azərbaycan əsgərinin Vətənə sevgisini, döyüş hazırlığını, qətiyyətini, dövlətə, dövlətçiliyə, Hərbi Anda sədaqətini nəzərə almamışdı. Müharibənin ilk günü "Ohanyan səddi"ni darmadağın edən Azərbaycan Ordusunun hissələri döyüşə-döyüşə mövqe qələbələri qazandı, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi, Ağdərə - Vardenis avtomobil yolu nəzarətə götürüldü. Bu mövqe qələbələri sonrakı döyüşlərdə həm hərbi, həm də mənəvi-psixoloji başlanğıc oldu, Azərbaycan ordusunun zəfər qazanacağının inamına döndü...
Qələbələr döyüşçülərimizi Şuşanın hüdudlarına yaxınlaşdırırdı. Bu tərəflərdə gedəcək döyüşlərdə düşmən Ərgünəşdə, Kirsdə, onların həndəvərlərində cəmləşdirdiyi qüvvələrinə güvənirdi. Azərbaycan əsgəri döyüş əzminin, qələbə ruhunun rəmzi qılıncıyla düşmənin bu niyyətini də doğradı - Zəfərə görə, Vətənə görə! 1992-ci ilin yazında döyüşənlərimizin endiyi cığırlarla 2020-ci ilin payızında Zəfər yolunun döyüşçülərinin güllələri daşlardan qamqalaq qopardırdı. Ərgünəşin bu tərəfinin yükü artdıqca, o tərəfinin yükü azalırdı. Hər daşı döyüşçülərimizə həyan olan dağ da döyüşçü idi elə bil. Dağa söykənənlər elə bilirdi ki, döyüşçü yoldaşıyla nəfəs-nəfəsədir...
Müharibə xalqın müharibəsi idi. Qazanılan Zəfər Azərbaycan dövlətçiliyinin Zəfəri olacaqdır. Vətən müharibəsi kimi davam edən İkinci Qarabağ müharibəsinin döyüşləri Zəfərin tarixidir. O döyüşləri tarix unutmayacaq, Azərbaycan əsgəri, eşitdiklərini sən də unutma!
Döyüşlərdə izlər cığıra dönürdü, cığırlar izə. İzlərin yan-yörəsində gizlədilmiş minalar aşkarlandıqdan sonra zərərsizləşdirilirdi. Belə yollar meşələrdən, meşəliklərdən, dağlıqdan keçirdi.
Mühəndis-istehkamçılar mina aşkarlayanda sevinirdi. Bu sevinci daha çox yaşamaq istəyirdilər ki, döyüşçülərimiz düşmənin niyyətini təhlükəsiz çığnayıb keçsinlər. Minaaxtaran cihazın səsini haray bilirdilər: "Dayan!" Dayanırdılar, nəfəs alıb aylarla alışdığı vərdişləri ehtiyatla yerinə yetirirdilər. İstehkamçılar döyüş yolunu belə açırdılar, Azərbaycan əsgəri!
Yolun ortasında iri daş vardı. Sağda-solda yüksəklik yox idi ki, daşın oradan düşdüyünü güman etsinlər. "Daşı yola ermənilər atıb!" - düşündülər. Ayaq saxladılar. Gizir Rəhim Əliyev baxışıyla daşı göstərib, onun sağına-soluna göz gəzdirdi. Daşın sağ tərəfində bir-birinə çataqlı iki mina gördü. Tələsik basdırıldığına görə mükəmməl gizlədilməyən minaları zərərsizləşdirib minaaxtaranı avtomatla əvəzlədilər. Narahatlıqla döyüşçülərimizin gəlişini gözlədilər. Zəfərə yol buradan keçirdi, Azərbaycan əsgəri. Siz belə əsgərlərin davamçılarısınız!
Daşaltıda Zəfərin işığı görünürdü. Yolu addım-addım yoxlayır, yoxlaya-yoxlaya irəliləyirdilər. Yol tamam təmizləndikdən sonra döyüşçülərimiz Şuşanın dağlarını nərdivana döndərəcəkdilər. Şuşaya belə çata biləcəkdilər. İstehkamçılar əməliyyatdan əvvəl də əməliyyatda idilər. Şuşa döyüşləri mühəndis-istehkamçıların peşəkarlığından, cəsarətindən, əsgəri sədaqətindən asılı idi. On addım, on beş addım, iyirmi addım… Çayın içindən sahillərə uzanan məftil görünəndə dayandılar. Minalara bağlanmış məftillər sahildəki ağaclara bərkidilmişdi. Bircə toxunuş bəs idi ki, çayın sağında da, solunda da piyada əleyhinə qəlpəli minaların hər birinin minlərlə qəlpəsi mühəndis-istehkamçıları yaxalasın. Minaları münasib olmayan yerdə, gərginlik içində, vaxt darlığında zərərsizləşdirdilər. Xüsusi təyinatlıların bir hissəsi Şuşaya buradan getdi...
Yol dünənlərdən gəlib sabahlara gedir. Əhmədbəyli kəndindən başlayan, Füzuli şəhərindən, Topxana meşəsindən, Daşaltı kəndindən keçən təzə yol müharibə ərəfəsində iz idi, müharibədə iz cığıra döndü, hərbi əməliyyatlarla genişləndirildi - yol oldu. İndi bu Zəfər Yoludur, Azərbaycan Ordusunun Zəfərinin yoludur, Azərbaycan əsgəri!
Əsgərlərimiz Zəfər üçün belə döyüşürdü, Zəfər üçün belə şəhid olurdu, Azərbaycan əsgəri. Qubadlı istiqamətində döyüşdə düşmənin dayaq məntəqəsinin alınmasında fərqlənmiş döyüşçüdən kimliyini soruşdum, bir anlıq duruxub, "Azərbaycan əsgəri" dedi. Siz belə döyüşçülərin davamçılarısınız, əsgər qardaşım!
...Müharibədə qələbə ruhunun döyüşçüsü olanlar müharibədə atılacaq sonuncu güllələrin döyüşçüsü olmaq, Zəfər tariximizin bir anı kimi Zəfəri döyüşdə gözlərinə köçürmək istəyirdi. Topxanada döyüş səngimişdi. Yaralanmış döyüşçüyə yardım göstərilirdi. Döyüşçünün baxışlarında bir istək çırpınırdı. Desinmi, deməsinmi? - müqəddəs tərəddüd idi. Alacağı cavabın soyuqluğundan çəkinirdi. Ümidlə soruşdu: "Döyüşə biləcəyəmmi, həkim?" Həkim yaralı döyüşçüyə təsəlli verdi, ümid verdi. Döyüşçü yarasını unutdu elə bil. Dönüb döyüşçü yoldaşına baxdı. Gülümsündü… Döyüşə gedə bilmədi - son nəfəsi istəyinə vəfasızlıq etmişdi...
Şuşa uğrunda döyüşlər gedirdi. Döyüşçüləri şəhid ruhları, bir də Qorqud Dədənin ruhu uğurlamışdı. Azərbaycançılığın erməniliklə tarixi döyüşləri idi. Zəfərdən sonra Şuşa uğrunda döyüşlərdən "Nezavisimaya qazeta"da bir məqalə dərc olunmuşdu: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar". Rusiyalı jurnalistin bu döyüş təəssüratı, döyüş təsviri dünya müharibələr tarixinin bəlkə də ən heyrətləndirici təsviridir. Bu təsvir heç bir xalqın döyüşçüsünə ünvanlanmayan qüdrətdir, Azərbaycan əsgəri! Siz tarixi Zəfəri belə qazananların döyüş yolunun davamçılarısınız. Onlar Azərbaycanın ərazi bütövlüyünü tarixi Zəfərlə bərpa etdilər, siz bu Zəfəri dövlətə, dövlətçiliyə sədaqət andınızın davamı bilirsiniz.
Şuşa uğrunda döyüşlərdə xüsusi təyinatlılarımız ruhumuzun şəhərinə dağları nərdivana döndərib yaxınlaşmışdılar. Rusiyalı jurnalistin yazdığı kimi, döyüşçülər yaralıları da özləriylə aparırdılar, şəhidləri də. Döyüşçülərdən biri yaralandı. Sağındakı-solundakı döyüşçülər ayaq saxladılar. Yaralı çarəsiz bir təbəssümlə dağa çıxan, bir əli dağın sonuncu daşından yapışan döyüşçülərə baxdı, sonra göy üzünə. Son gücünü toplayıb barmağını sinəsindən axan qana batırdı, dağın sinəsinə "Qarabağ Azərbaycandır" yazdı. Gözucu yazdıqlarına baxdı. Bu, onun dünya işığına, Şuşalı dünyasına son baxışı oldu...
Siz xidmətinizlə belə döyüşçülərin ruhunun da döyüşüylə qazanılan Zəfəri onların Vətənə sevgisinin işığında yaşadırsınız, Azərbaycan əsgəri. Bilmirəm, yağan yağışlar, əsən yellər o canım yazını silibmi? Ruhu Zəfər qazananların sırasında olmuş həmin döyüşçünün Şuşanın dağlarına yazdığı iki kəlmə hamımızın ruhunun nəqarətidir, Zəfərin qüdrəti kimi...
Tarixi Zəfərdən sonra Xocalıya, Ağdam, Xocavənd, Xankəndiyə çəkilmiş qeyri-qanuni erməni silahlı dəstələri yenə təxribatlar törətməkdə davam edirdi. Laçın nəzarət-buraxılış məntəqəsi yaradıldıqdan sonra belə təxribatlar bir qədər azalsa da, davam etməkdə idi. Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi antiterror əməliyyatında həmin silahlı dəstələr təslim oldu, separatçı rejim fəaliyyətini dayandırdı, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Siz bu Zəfərin bayrağına dönənlərin davamçılarısınız. Siz tarixin əsgərisiniz, Azərbaycan əsgəri!
  
Oruc MUSTAFAYEV

"Azərbaycan Ordusu"