AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Döyüşlər xatirələrdə
Döyüşçülərimiz dağ massivlərindən, meşəliklərdən, dərələrdən keçərək düşmən duyuq düşənə kimi Daşaltıya yaxınlaşmışdılar. Döyüşçülərimizin ayağı altında nə torpaq sürüşürdü, nə də daş. Bir-birinin nəfəsini eşidə-eşidə irəliləyirdilər. Daşaltıdan Şuşaya aparan döyüş əzmi, qələbə ruhu gecənin səssizliyini pərdələyirdi. Kənddən atılan təkəmseyrək güllələr bu əzmi, bu ruhu yolundan saxlaya bilməzdi. Döyüş ərəfəsində hər döyüşçünün döyüş əzmi də, qələbə ruhu da əsgərləşir, bu əzm, bu ruh hər əsgərin səngər daşına dönür. Qəhrəmanlıq kimi...
Daşaltı istiqamətində ağır yaralanan tabor komandiri mayor Həmid Əliyevə ilkin yardım göstərilmişdi, təxliyə edilməliydi. Özü istəməsə də, təxliyə edildi. Tabora rəhbərliyi baş leytenant Ramazan Hudulov öz üzərinə götürdü.
Daşaltıya tərəf yük maşınları gəlirdi. Gümandan çox, gerçəklik idi ki, yük maşınlarında hərbi sursat, ərzaq, canlı qüvvə var idi. O maşınlar ünvanına çatmamış məhv edilməli idi. Qəhrəmanlıq gərək olacaqdı...
* * *
Kömək gözləyən düşmən inadkarlıqla müdafiə olunurdu. Müdafiə oluna-oluna əks-hücuma keçmişdi. İki niyyətin döyüşüydü - mövqeni saxlamaqla Şuşaya gedən yolu kəsmək, nəzarətə götürmək istəyənlərlə mövqeni almaq, Şuşaya aparan yolu qələbə yoluna çevirmək istəyənlərin döyüşü xeyli çəkdi. Düşmən duruş gətirə bilməyib geri - məğlubiyyəti müəyyənləşdirən təmas xəttinə çəkildi. Hələlik bura, sonra buradan da o yana çəkiləcəkdi. O yan sərhədlərimizin o üzüdür...
5 döyüşçümüz şəhid oldu. Döyüşə-döyüşə şəhidləri də, ilkin yardım göstəriləndən sonra yaralıları da döyüşün içindən çıxartmışdılar. Qəhrəmanlıq idi...
İşığa dönən döyüş döyüşçüləri Daşaltıdan Şuşaya aparırdı. Dünyanın heyrətinə dönəcəkdi bu döyüşlər...
Zəfərdən az sonra mayor Aydın Osmanov demişdi: "Hər döyüşçü Şuşanın azad edilməsində iştirak etməyi, Şuşanın işğaldan qurtuluş döyüşlərinin iştirakçısı olmağı arzulayırdı. Bu, döyüşçü istəyi, döyüşçü istəyinə sığınan vətəndaş istəyi idi. Daşaltıdan Şuşaya bir döyüşlük yol vardı. Bu döyüşün ağır döyüş olacağını bilirdik. Onu da qələbə ilə başa çatdıracağımıza əmin idik...". Əminliyi yaradan da qəhrəmanlıq xarakteridi; Azərbaycan əsgərinin xarakteri qəhrəmanlıq düsturudur!
* * *
Döyüşdə düşmənin 5 tankı qalmışdı. Döyüşə yararlı olub-olmadığı bəlli olmasa da, onları çıxartmalıydılar. 6 döyüşçü tankların yaxınlığına çatmışdı. Ətrafı diqqətlə nəzərdən keçirdilər. Düşmən geri çəkiləndə apara bilmədiyi tankların yan-yörəsini minalaya bilərdi. Pusqu qurmuş olardı. Ona görə də tanklara bir-bir, azacıq fasilələrlə yaxınlaşdılar. Tankların gövdəsi salamat idi. İşə salanda məlum oldu ki, hamısı işlək tankdır.
Tankları işə salıb Cəbrayılın Şükürbəyli kəndi istiqamətində uzaqlaşdılar. Xeyli getmişdilər. Dozor məlumat çatdırdı ki, qarşıda döyüş əmri gözləyən 100-dən çox erməni var. Qrup komandirinin göstərişi ilə tankları dərəyə çəkib komandanlıqla əlaqə yaratdılar. Şeyvə istiqamətində hərəkət edəcəkdilər. Hava qaralırdı. Şər qarışmışdı, əraziyə bələd deyildilər, düşmənin əhatəsindən çıxıb tankları döyüşən ordumuza vaxtında çatdırmalı idilər...
Dərədə körpü vardı. Hansı duyumun təsiri ilə isə körpüdən deyil, bir qədər aralıdan keçdilər. Az sonra körpüyə iki mərmi düşdü. Körpü dağıldı. Noyabrın 3-də, döyüş gedə-gedə tankları döyüşən ordumuza çatdırdılar. Döyüşçülərimiz düşmənin öz tankları ilə piyadalarını məhv edir, döyüş texnikalarını sıradan çıxardırdılar...
Zədələnmiş düşmən tankını çıxartmaq əmrini baş leytenant Kərim Məmmədov yerinə yetirirdi. Tanka yaxınlaşanda bu tərəfi müşahidədə saxlayan düşmənin diqqətini çəkməmək üçün yerə çökdü. Gün batsa da, hava işıqlıydı. Sürünə-sürünə tanka yaxınlaşdı. Yan-yörəsinə göz gəzdirdi, bir nəfəs dərimi qədər gözlədi. Ehtiyatla tanka çıxdı. Həyəcanlı olsa da, onu işə sala bildi. Tank işlək idi!
Bir saatdan sonra həmin tank düşmənin özünün qəniminə çevrildi...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"