Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2025 12:30

Vətən müharibəsi xalqımızın qəhrəmanlıq dastanıdır

Tariximizin ən parlaq səhifələrindən biri 2020-ci ilin payızında yazıldı. 30 ilə yaxın müddət ərzində düşmən işğalı altında olan torpaqlarımızın azadlığı uğrunda başlayan İkinci Qarabağ müharibəsi yalnız silahların səsi, atəşlərin gurultusu deyildi, bu, haqqın və tarixi ədalətin bərpa olunmasının carçısı idi. Tarixin bu sınaq anında xalqımız həmrəy oldu, bir yumruqtək birləşdi. Bir məqsədimiz var idi - əzəli və tarixi yurd yerlərimizi azad etmək, illərdir pozulmuş ədaləti bərpa etmək. Bu çağırışa cavab olaraq minlərlə gənc könüllü şəkildə səfərbər olaraq, döyüşlərdə iştirak etmək üçün müraciətlərini etdilər. 
44 günlük Vətən müharibəsi hər bir azərbaycanlının yaddaşına əbədi həkk olundu. Qəhrəman hərbçilərimiz torpaqlarımızın hər qarışı uğrunda igidlik, fədakarlıq, mərdlik nümunələri yazdılar. Onlar düşmənin illərdir qurub yaratdıqları mühəndis-istehkam qurğularını, keçilməz sədlərini qısa zamanda dəf edərək Vətən torpaqlarını işğaldan azad etdilər. Mədəniyyət beşiyimiz sayılan Şuşa şəhəri uğrunda döyüşlər isə bu qəhrəmanlıq salnaməsinin zirvəsi oldu. Əlində təkcə silah deyil, həm də zehniyyətində iman olan Azərbaycan əsgəri dağlardan keçib, sıldırım qayaları geridə qoyaraq şəhəri addım-addım azad etdi.
8 Noyabr - Zəfər Günü təkcə hərbi qələbə deyildi, həm də bir millətin ruhunun təntənəsi idi. Bu qələbə minlərlə şəhidimizin canı, döyüş əməliyyatlarında sağlamlıqlarını itirənlərin qanı, qəhrəman hərbçilərimizin şücaəti hesabına qazanıldı. Vətən uğrunda ən yüksək pilləyə ucalan hər bir şəhidimizin adı xalqımızın qəlbində ulduza çevrilib. Onlar öz ömürlərini gələcəyimizin işığına çevirdilər. Şəhidlərimizin ruhu bu torpağın hər daşında, hər çiçəyində, hər nəfəsində yaşayır. Onların qanı ilə sulanan torpaqlarımız indi azadlıqla nəfəs alır. Onlar ölmədilər, Azərbaycanın hər azad şəhəri, dalğalanan şanlı üçrəngli bayrağımız onların ölməzliyinin sübutudur.
Vətən müharibəsindən sonra başlayan bərpa və quruculuq dövrü isə Azərbaycan dövlətinin gücünü və iradəsini bir daha göstərdi. Dağıdılmış şəhərlər, viran qoyulmuş kəndlər yenidən canlanmağa başladı. İşğaldan azad edilmiş ata-baba torpaqlarımız artıq qürurun və dirçəlişin simvoluna çevrilib. Bu torpaqlarda "Böyük Qayıdış" proqramı həyata keçirilir. Ağıllı kəndlər salınır, yollar, məktəblər, xəstəxanalar, hava limanları tikilir, o yerlərə həyat yenidən qayıdır. Bu gün Qarabağda eşidilən hər gülüş azadlığın musiqisidir.
Azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işləri təkcə fiziki deyil, həm də mənəvi yenidənqurma xarakteri daşıyır. İllərlə həsrət qaldığımız torpaqlarda indi milli ruh, mədəniyyət və inanc yenidən bərpa olunur. Tarixi qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, güclü ordu güclü dövlətin əsas təminatıdır. Azərbaycan Ordusu bu gün Cənubi Qafqazda ən güclü orduya çevrilməklə yanaşı, həm də dünyanın ən güclü orduları sırasında öncül yerdədir. Ordumuz müasir silahlarla, yeni texnologiyalarla təchiz olunur, hərbi təlimlər beynəlxalq standartlara və müasir döyüş aparma üsullarına uyğun şəkildə təşkil olunur.
Bütün bunların əsasında isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyəti dayanır. Onun rəhbərliyi ilə formalaşan qüdrətli Azərbaycan Ordusu Vətən müharibəsi və ondan sonrakı döyüş əməliyyatlarında, eləcə də suverenliyimizin tam bərpa olunması uğrunda həyata keçirilən antiterror əməliyyatında həm taktiki, həm də strateji baxımdan misilsiz şücaətlər göstərdi.
Bu gün tarix yazaraq xalqımızın illərdir arzusunda olduğu torpaq həsrətinə son qoyan, üzərinə düşən tarixi missiyanı müvəffəqiyyətlə yerinə yetirərək, Böyük Qələbə qazanan qüdrətli Azərbaycan Ordusu dövlətimizin və xalqımızın birliyinin rəmzidir. Bu müharibə göstərdi ki, bir xalq öz torpağını azad etmək üçün ayağa qalxarsa, heç bir güc onu diz çökdürə bilməz.
Vətən müharibəsi sübut etdi ki, ədalət nə qədər geciksə də, mütləq qalib gəlir. Azərbaycan xalqı bu qələbə ilə təkcə öz haqqını bərpa etmədi, həm də regionda sülhün və ədalətin təminatçısına çevrildi. Bu gün Qarabağ torpağı yenidən nəfəs alır. Biz şəhidlərimizin canı, qanı bahasına əldə etdiyimiz bu Qələbəni daim uca tutmalı, onu qoruyub gələcək nəsillərə ötürməliyik. 44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq dastanıdır...

Elçin İMANOV

"Azərbaycan Ordusu"