AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Şəhadət - zirvələrin ən alisi, ünvanların ən müqəddəsi, bir sözlə, əbədiyyətə açılan qapıdır. Şəhidlik - atalarımızdan hər birimizə əmanət qalan Vətəni müdafiə etmək, onun varlığı və bütövlüyü üçün yeri gələrsə ölümü gözə alıb döyüşə atılmaqdır. Şəhid adı tək məzar daşına deyil, xalqın tarixinə və yaddaşına yazılır. Şəhidlik elə bir məqamdır ki, hər kəs o zirvədə olmaq istəyər, lakin seçilmiş bəndələrə həmin ünvan qismət olur. Mərd, igid oğulları olan xalq heç vaxt fitnəkara, namərdə baş əymir, daim qələbələr qazanır. Bu yolda şəhid olanlar, igidliyi, qəhrəmanlığı ilə seçilənlər zaman keçdikcə əfsanəyə çevrilir, bu igidlik nəsildən-nəslə ötürülür.
Tarixən Vətəni sevməyi Ananı sevmək bilmişik, bu ruhda böyümüşük. Ana Vətən məfhumunu da bu sevgidən dərk etmişik. Hər bir fərd yaradılışından anasına bağlı olursa, özünüdərk mərhələsindən Vətəninə bağlı olmağa başlayır. Çünki Vətəni qorumaq həm də Ananı qorumaq deməkdir. Bir övladın böyüməsində, onun özünü dərk etməsində Ananın rolu nədirsə, övladın vətəndaş kimi formalaşmasında da Vətən məfhumunun əvəzolunmaz rolu vardır. Ana bizim canımız, varlığımızdırsa, Vətən bizim kimliyimiz, kökümüz, bu günümüz və sabahımızdır. Bir sözlə, bu dünyada bəşər övladı üçün Ana və Vətəndən əziz məfhum yoxdur. Ana insana həyat verən amildirsə, Vətən bir xalqın həyat mənbəyidir.
Azərbaycan xalqı tarixdə məğlubedilməz və mübariz xalq olaraq üzləşdiyi dövrün sınaqlarından hər zaman üzüağ çıxmağı bacarıb. Vətən sevgisi insanın qanında və ruhunda yaşayır. Bu sevgi Ana laylasında və duasında övlada aşılanır. Vətən sevgisi bir şəhidin susqun məzarının təcəssümüdür. Dalğalanan bayrağımızın səbəbkarı olan şəhidlərimiz Vətən sevgisinin zirvəsinin sakinləridir. Hər bir ananın övladı, hər qardaşın qardaşı, hər kəsin doğması olan şəhidlərimiz millətin qüruru, Vətənin varlığıdır. Tarixən xalqımızın təşəkkül tapması, Ana Vətənin var olması qəhrəman və igid oğullarımızın fədakarlığı sayəsində mümkün olub. Torpaq işğalı, 20 Yanvar hadisəsi, Xocalı soyqırımı və müxtəlif terror əməllərinə məruz qalan xalqın nümayəndəsi olaraq qəhrəman oğullarımızın fədakarlığı hər zaman firavanlığımızın təminatçısı və igidlik nümunəsi olmağı bacarıb. Tariximizin hər dövründə öz torpaqlarının müdafiəsində Vətən keşiyində duran minlərlə oğlumuz bu müqəddəs amal uğrunda özünü sipər edib. Fəda etdikləri canla onlarla bəlkə də yüzlərlə insanın həyatını xilas edən oğullarımız sayəsində bu gün ərazi bütövlüyümüz toxunulmaz, dövlətimiz təhlükəsizdir. Dövrünün Vətən müdafiəçisi olaraq gələcək nəslin Vətən müdafiəçilərinin qoruyucu mələyi olan şəhidlərimiz əbədiyyət ünvanına yüksəlib. Ömrünün bahar çağını Ana Vətənin varlığı, üçün fəda etmək və bununla da xalqın firavanlığı üçün öz ömür payını qurban vermək insandan böyük ürək və misilsiz hünər tələb edir. Azərbaycan da hər zaman öz igidləri, qəhrəmanları ilə tanınıb. Onların hər biri dünya üçün vətənpərvərlik nümunəsi olub, hər birinin müqəddəs ruhu qəlblərdə yaşayır, Vətənimizin hər güşəsində şəhidlərimizin adları əbədiləşdirilir. Ən əsas fədakarlıq isə övlad itkisinə mətanətlə dözərək, üçrəngli bayrağı öpüb alnına qoyaraq "Vətən sağ olsun!" deyən şəhid valideynləridir ki, bu da xalqımızın qürurunun, dəyanətinin və Vətən sevgisinin göstəricisidir.
Qəhrəmanlarımızın başlatdığı haqq mübarizəsində əldə etdiyimiz Böyük Qələbə bu gün sülh göyərçinini regionumuza gətirib. Kökü uzun illəri əhatə edən işğal artıq başa çatıb. Bu döyüşlərdə cəngavər oğullarımızla qısa müddət ərzində böyük uğur əldə etdik. Şəhidlərimizə görə üzülsək də, təsəllini işğaldan azad edilən tarixi ərazilərimizdə dalğalanan şanlı üçrəngli bayrağımızla tapırıq. Şəhidlik çox yüksək məqamdır. Ölümlərin ən alisidir.
Bu gün Vətənimizin hər nöqtəsində üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Tarixi torpaqlarımız düşməndən və separatçılardan artıq təmizlənib, bu amal uğrunda şəhadət zirvəsinə qalxan qəhrəmanlarımızın ruhları da artıq şaddır. İllər, qərinələr keçsə də, öz qanı ilə torpağı Vətənə çevirən şəhidlərimiz heç zaman unudulmur, onlar daim qəlblərdə yaşayan yüksək ehtiram sahibidirlər. Vətənin bütövlüyü, xalqın firavanlığı uğrunda canını qurban verən şəhidlərimiz gələcək nəsillərin hər bir nümayəndəsi üçün vətənpərvərlik nümunəsidir. Bugünkü gənclərimiz də gələcəyimizin memarları və qurucuları olaraq, onlara əmanət edilən böyük mirası qoruyub özlərindən sonrakı nəslə ötürməyi həm övladlıq, həm də vətəndaşlıq borcu olaraq bilir.
Azərbaycan gənci bu gün qürurla dərk edir ki, onun tarixini cəsur və igid oğullar öz qanı və canı bahasına yazıblar. Belə olan təqdirdə də bugünkü Vətən müdafiəçisi oğullarımız dərk edirlər ki, üzərində gəzdiyi Vətən torpağı o igidlərin qanı ilə suvarılıb və o yurdun hər qarışı göz bəbəyi kimi müdafiə olunmalıdır.
Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"