AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Nə qədər təəccüblü səslənsə də, biz müharibənin başlamasına sevinib, onu həsrətlə gözləyən xalqıq. Bəli, müharibəni... Çünki o, bizim üçün sadəcə qan, göz yaşı, dağıntı yox, həm də azadlıq, haqq, ədalət, qürur demək idi. İllərdir hər kəsin dilində, qəlbində, dualarında bir istək vardı: "Qarabağ azad olacaq". Bu arzu bir nəsildən digərinə miras qalırdı. Kəndlərimiz dağılsa da, evlərimiz viran qalsa da, ümidimiz sönmədi. Otuz il ərzində hər azərbaycanlının dilində də, qəlbində bir nisgil, bir arzu yaşayırdı: "Biz tezliklə Qarabağımıza - doğma yurd-yuvalarımıza qayıdacağıq".
Bu həsrət xalqımızın damarlarında dolaşırdı. Bizim nəsillər o torpaqların qoxusunu yalnız xəritələrdən tanıyıblar, Laçının, Şuşanın, Füzulinin adını bir nağıl kimi eşidiblər. Amma o nağılın gerçək olacağına inanıblar. Tarixi torpaqlarımızda yenidən azanın yüksələcəyinə, uşaq gülüşünün, toy-nişan səsinin dolacağına hər birimiz inanırdıq.
O illərdə Azərbaycan hərbçilərinin baxışlarında bir səssiz and vardı. Hər birimizin ürəyində Ali Baş Komandanın əmrinə hazır bir ordu dayanırdı.
Hər şey illərlə içimizdə yığılan ağrının, qürurun, inamın birləşdiyi o möhtəşəm anla başladı. Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu düşmənin illərlə qurduğu səddləri bir-bir yarmağa başladı. 2020-ci ilin 27 sentyabrı. O gün səngərlər danışdı, torpaq danışdı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.
Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Əsgərin addımı, zabitin əmri, millətin duası ilə haqqın səsi yüksəldi. Bu, adi bir müharibə deyildi, haqqın və ədalətin bərpası idi. Qarabağ torpağında atılan hər mərmi sanki tarixə bir nida yazırdı: "Bu torpağın sahibləri qayıdır!"
Hər gün, hər saat yeni bir qəhrəmanlıq dastanı doğurdu.
O gün ordumuz yalnız ön cəbhədə deyil, hər bir azərbaycanlının qəlbində hücuma keçdi. Tankların, topun, mərminin səsi bu dəfə qorxu yox, ümid gətirdi. Çünki bu müharibə haqqın savaşına çevrilmişdi. Hər şəhidin qanı bir dağın zirvəsində dalğalanan bayrağa çevrildi, hər yaralının ağrısı Vətən sevgisinə dönüb millətimin ruhunu bərkitdi.
Cəbrayılın alınması ilə başlayan yürüş Füzuliyə, Zəngilana, Qubadlıya doğru uzandı. Əsgərlərimizin addım səsləri yatmış torpağı oyatdı, şəhidlərimizin qanı torpağa can verdi.
Noyabrın 8-də Şuşa - Vətən müharibəsinin tacı, qələbənin simvolu işğaldan azad edildi. Əsgərlərimiz sıldırım qayaları dırmaşaraq o uca qalanı azad etdilər. O gün Şuşada azan səsi ilə birlikdə bayraq dalğalandı. Hər bir azərbaycanlının ürəyində isə eyni kəlmə səsləndi: "Qarabağ Azərbaycandır!"
Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətini Şəhidlər xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi: "Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! …Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq… Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!"
44 gün... cəmi 44 gün. Amma o 44 günün hər anı bir əsrə bərabər idi. O günlərdə həm bir xalqın döyüş iradəsi, həm də bir ordunun sarsılmaz gücü tarix yazdı. Qanla yazılan, alın təri ilə möhürlənən bu tarix "Zəfər" adını aldı.
Müharibənin hər günü bir dastan idi. Hər addımda şəhid qanı, hər yüksəklikdə qələbə əzmi vardı. Şuşaya gedən o sıldırım yollarla birlikdə bütün Azərbaycan yüksəldi.
44 günün hər biri bir tarix idi, hər şəhid bir dastan. Vətən oğulları sinələrini sipər etdilər ki, azadlıq günəşi doğsun.
Mən bir zabit kimi o günlərin nəfəsini hiss etmişəm. Hər əmrdə bir məsuliyyət, hər baxışda bir and vardı...
Yaralı əsgərin "mən yaxşıyam, döyüşçü yoldaşlarımı tək qoymayın" deməsi, şəhidin son baxışında Vətən sevgisi, arxa cəbhədə dua edən anaların titrək əlləri... Bu, təkcə müharibə deyildi, bu, millətin yenidən doğuluşu idi.
Hər kəs öz sahəsində bir qəhrəman idi. Səngərdə döyüşən əsgər, hospitalda həyat qurtaran tibb bacısı, informasiyanı dünyaya çatdıran hərbi müxbir, Vətəndə dua edən ana... Hamı bir amalın əsgəri idi.
Beş il keçib. Amma hər dəfə üçrəngli bayrağımız azad edilmiş torpaqlarda dalğalananda, o günlərin nəfəsi yenidən duyulur. O döyüşlərin səsi sanki hələ də dağlarda əks-səda verir. Bu gün azad edilən torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır. Şəhidlərimizin uyuduğu torpaq azaddır.
Azad Qarabağda yenidən həyat qaynayır - yollar salınır, evlər tikilir, məktəblər açılır, uşaq səsi eşidilir. Bu səslər o 44 günün mükafatıdır.
Bu gün hər bir azərbaycanlı fəxrlə deyir: “Biz qalib xalqıq”.
Bu ifadə təkcə qələbə sözü deyil, bu tarixdə öz haqqını alan bir millətin səsləndirdiyi gerçəklikdir.
Bu gün Zəfərin beşinci ildönümünü qeyd edərkən, biz təkcə qələbəni xatırlamırıq. Biz şəhidlərimizin ruhu qarşısında baş əyirik. Başda Müzəffər Ali Baş Komandan olmaqla qalib ordunun hərbçiləri tibb bacıları, jurnalistləri, hər bir vətəndaşı bu qürurun bir parçasıdır.
44 gün bizə həm birliyimizin, həm də inamımızın gücünü göstərdi. Biz müharibəni istəməzdik, amma torpağımızın azadlığı uğrunda savaşmağa daima hazır idik. Bu müharibə bizim qəlbimizdə, tariximizdə, gələcək nəsillərin yaddaşında bir möcüzə kimi yaşayacaq. Vətən sevgisi hər bir azərbaycanlının damarında axır. Qarabağ artıq xəritədə bir yer deyil, bu gün millətin ürəyində yaşayan müqəddəs bir məbəddir.
Bu gün azad Qarabağın küçələrində bayraqlar dalğalanır, uşaqlar gülür, həyat qayıdıb. Bütün bunlar o 44 günün nəticəsidir.
O 44 gün - 30 illik həsrətin sonu, 100 illik qürurun başlanğıcı oldu.
Bu Zəfər nəsillərə örnək, gələcəyə inamın təməlidir.
Günay TAĞIYEVA
"Azərbaycan Ordusu"