AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Budəfəki müsahibim Azərbaycanda hərbi və vətənpərvərlik mövzularını jurnalistikada sistemli şəkildə işıqlandıran, media və vətənpərvərlik sahələrinin kəsişməsində nüfuz qazanan jurnalist, yazıçı Tamxil Ziyəddinoğludur. Onun peşəkar jurnalist yolu Azərbaycan Televiziyasında redaksiya rəhbəri, televiziyada hərbi verilişlərin müəllifi və müstəqil qəzetçilik təcrübəsini birləşdirir.
Tamxil Ziyəddinoğlu ilə söhbətimiz jurnalistikanın və dövlət-milli mövzuların kəsişməsində formalaşan təcrübənin nümunəsidir. "Bütöv Azərbaycan" qəzetinin təsisçisi, baş redaktoru və hərbi mövzular üzrə ixtisaslaşmış jurnalist kimi fəaliyyət göstərən T.Ziyəddinoğlunun sözləri həm peşəkar baxış, həm də vətənpərvərlik kontekstində aktual məsələlərə işıq tutur. Bu müsahibədə biz həm onun jurnalist kimi formalaşma hekayəsini, həm də müasir mediada hərbi mövzuların işıqlandırılmasına dair baxışlarını öyrənəcəyik.
- Azərbaycanda hərbi mətbuatın formalaşma mərhələsini necə qiymətləndirirsiniz?
- Dövlətimizin müstəqilliyinin bərpasından əvvəl Azərbaycanımız həm təcavüzə məruz qaldı, həm də amansız informasiya müharibəsinin cənginə düşdü. Uzun illər ayaq tutub dolaşan erməni-daşnak yalanı sərvətlərimizdə gözü olanlara şans verdi ki, hərəsi bir cilddə dövlətimizə, dövlətçiliyimizə qarşı mübarizə aparsın. Əliyalın döyüşməyə məcbur qalan xalqımız döyüşə-döyüşə könüllülər hesabına ordu qurmağa başladı. Elə ideoloji mübarizədə, informasiya müharibəsində də könüllülər qabağa düşdü. 1992-ci ilin əvvəllərində ilk hərbi qəzet kimi çap olunmağa başlayan "Xalq Ordusu" qəzeti getdikcə genişlənən Qarabağ müharibəsini, o cümlədən cəbhədə baş verən hadisələri işıqlandırmağa və düşmənə qarşı döyüş ruhunu yüksəltməyə can atırdı. Bir az fasilə ilə - 1993-cü ildə "Hərbi bilik" jurnalı da çap olunmağa başladı. Jurnal əsasən maariflənmə işi aparırdı, orada nəzəri hərbi bilikləri əhatələyən məqalələr, təlimatlar dərc olunurdu. O dövr üçün müasir sayılan silahların texniki xüsusiyyətləri barədə informasiya verilirdi. Jurnalın əldə etdiyim bir neçə nömrəsini şəxsi arxivimdə bu günədək saxlayıram.
- Sovet dövründə hərbi mətbuatın fəaliyyətində hansı məhdudiyyətlər və imkanlar vardı?
- Sovet dövründə təkcə hərbi mətbuatda deyil hər sahədə məhdudiyyətlər, məxfiliklər, qadağalar vardı. Kütləvi informasiya vasitələrinə nəzarət etmək üçün xüsusi idarələr, müxtəlif qurumlar fəaliyyət göstərirdi. Azərbaycanda mətbuat üzərindən senzura 1998-ci il avqustun 6-da götürülsə də, hərbi verilişlərə nəzarət müəyyən müddət davam etdi. Senzorlar baxıb ssenari qovluğuna qol çəkməsə, verilişlər efirə getmirdi. Kimsə Sovetlərin ideoloji xəttindən sapa bilməzdi.
İmkanlara gəlincə isə, Sovet dönəmində jurnalistlərin yaşayış tərzi eyni idi. Mətbuat dövlət təminatında idi. Hər kəs sabit maaşdan əlavə çap olunan yazısı üçün qonorar alırdı.
- Müstəqilliyin ilk illərində hərbi mətbuatının üzləşdiyi çətinlikləri necə xatırlayırsınız?
- Müstəqilliyin ilk illərində hər yerdə olan çətinliklər ilə hərbi jurnalistikadakı həmkarlarımız üzləşirdilər. Hələ formalaşmamış ordunun idarəetməsindəki çatışmazlıqlar, texniki vasitələrin yox dərəcəsində olması işləri daha da çətinləşdirirdi. Bəzən dizləri üstündə yazmağa məcbur olan dostlarımız heç bir çətinlikdən çəkinmədən fədakarlıq göstərirdilər. Ordumuzun sıraları genişlənib dizi bərkitdikcə onlar da püxtələşirdilər.
- Bu gün Azərbaycan hərbi mətbuatının qarşısında duran ən vacib vəzifələr hansılardır?
- Bütün dövrlərdə hərbi mətbuatının birinci vəzifəsi şəxsi heyətin vətənpərvərlik hissinin, döyüş ruhunun yüksəldilməsinə xidmət etmək olub. Azərbaycan Ordusunun həyata keçirdiyi təlimlər, şəhidlərimizin şərəfli döyüş yolu, tarixi şəxsiyyətlərimiz, qəhrəman sərkərdələrimiz, bir sözlə, şanlı tariximiz, milli-əxlaqi, milli-mənəvi dəyərlərimiz barədə materiallar dərc etmək bu qəbildəndir. Ordu ilə cəmiyyətin əlaqələrinin gücləndirilməsinə xidmət etmək də həmin vəzifələrdən biridir.
- "Azərbaycan Ordusu" qəzetinin şəxsi heyətin döyüş hazırlığı və vətənpərvərlik ruhunun güclənməsində rolu barədə nə deyə bilərsiniz?
- "Azərbaycan Ordusu" qəzetinin fəaliyyətini yaxından izləyirəm. Redaksiyada yazısını mütəmadi oxuduğum qələmdaşlarım var. "Azərbaycan Ordusu"nun səhifələrində "Ön xətdən reportaj", "Gənc zabitlərimiz", "Nümunəvi xidmət", "Milli Qəhrəmanlarımız", "Ordu və cəmiyyət", "Redaksiyamızın qonağı" və s. rubrikalar altında dərc edilən məqalələr həm şəxsi heyətin ruh yüksəkliyinə müsbət təsir edir, həm də oxucular tərəfindən maraqla qarşılanır.
- Siz həm qəzet, həm televiziya, həm də radio sahəsində çalışmısınız. Qeyd olunan informasiya vasitələrində hərb mövzusunun işıqlandırılmasında hansı fərqlər özünü büruzə verir?
- Əslində, bu informasiya vasitələrində formaca fərq olsa da, məzmun və mahiyyətcə hamısı eynidir. İstər reportyorun əlində mikrofon olsun, istərsə qələm, fərq etməz. Çünki onların ürəyi Vətən eşqi, Vətən sevgisi ilə döyünür.
- 44 günlük Vətən müharibəsi hərbi mətbuatın fəaliyyətinə hansı yeni çağırışlar və təcrübələr qazandırdı?
- İgid oğullarımız Vətən müharibəsində üçrəngli şanlı bayrağımızı azad olunan torpaqlarımızda yüksəltdiyi kimi, başımızı da ucaltdılar. Etiraf etməliyəm ki, 44 gün ərzində Ali Baş Komandan həm də KİV mənsublarına "komandan"lıq etdi. Onun mütəmadi verdiyi qələbə xəbərləri həm ordunun döyüş ruhunu, həm xalqın milli ruhunu yüksəltdi, həm də dezinformasiyaların qarşısını aldı. Beləliklə, düşmənin ideoloji təxribatına imkan verilmədi. Ümumilikdə mətbuatımızda bir canlanma əmələ gəldi. Təbii ki, hərbi mövzuda yazan jurnalistlərimiz də qələmlə silahlanıb söz səngərinə girdilər. Sonda xalq-ordu-hakimiyyət birliyi düşmən üzərində qələbəmizi təmin etdi.
- Hərbi jurnalisti digər jurnalistlərdən fərqləndirən əsas xüsusiyyətlər hansılardır?
- Əgər peşəkar jurnalistdən söhbət gedirsə, heç bir fərqi yoxdur. Çünki peşəkar mükəmməl bilmədiyi sahəyə baş vurmur. Yaxşı bildiyi sahədən isə mükəmməl yazır. Fərq bəlkə tərəflərin söz oyununda, ifadə tərzində, mətnin alt tonundadır.
- Hərbi jurnalistlərin orduda xidmət keçməsi və ya döyüş bölgələrində olması nə dərəcədə zəruridir?
- Orduda xidmət keçməmiş şəxsə hərbi jurnalistikada söz haqqı tanımıram. Əgər biri Vətəninin keşiyində durmayıbsa, o, hansı vətənpərvərlikdən yaza bilər? Yazsa belə, onun səmimiyyətinə kim inanar?! Döyüş bölgəsində olma zərurətinə gəlincə, jurnalistika sahəsini seçmiş adamları hər sahənin çətini özünə tərəf çəkir. Odur ki, hərbi jurnalistin Vətənində döyüş bölgəsi, cəbhə xətti varsa, o jurnalist o bölgəyə baş çəkmədən rahat nəfəs ala bilməz…
- Gənc jurnalistlər üçün hərbi mövzularda yazmaq hansı məsuliyyətləri və riskləri özündə ehtiva edir?
- Jurnalistikanın əlifbası dəqiq, dürüst, operativ, qərəzsiz olmaqdır. Hərbi mövzuda yazan jurnalistlərdən isə bu şərtlərə ikiqat məsuliyyətlə yanaşmalıdırlar. Risk məsələsinə gəlincə, bu peşənin özü riskdən doğulub. Jurnalist xüsusi təyinatlı əsgər qədər cəsur, kəşfiyyatçı qədər mahir, həm də qoç kimi döyüşkən olmalıdır. Əqidəsi, məsləki, hədəfi uğrunda döyüşməli, qarşıya çıxacaq çətinliklərdən qorxmamalıdır. Bu əlamətlər məsuliyyət hissi ilə çulğaşanda bütün riskləri aşmaq asanlaşır.
- Rəqəmsal media və sosial şəbəkələr şəraitində hərb mətbuatının fəaliyyət prinsipləri necə dəyişməlidir?
- Hansı şəraitdə olursa olsun, hərb mətbuatının başlıca prinsipi - məxfiliyi qorumaq, hərbi sirləri yaymamaq olmalıdır. Media mühitində nə qədər söz-fikir azadlığı, demokratiya mühiti olsa belə, hərbi mövzuda yazanların bir daxili senzurası, özünə, sözünə nəzarəti olmalıdır. Çünki bütün dövrlərdə düşmənin kəşfiyyat maşını daima qarşı tərəfin mətbuatını izləyir. Bu üsul internet resurslarının sürətli inkişafı ilə daha da genişlənib. Düşmən bəzən bilərəkdən çaşdırıcı informasiya yayır. Sosial media istifadəçiləri də xəbərin mahiyyətinə, niyyətinə fikir vermədən götürüb tirajlayırlar. Bizim Ermənistanla müharibə şəraitində olduğumuz vaxtlarda da belə hallara tez-tez rast gəlinirdi. Elə ona görə də biz 2016-cı ildə sosial media istifadəçilərinə bir müraciət ünvanladıq. Müraciətdə deyildiyi kimi:
- Vətəndaş mövqeyinizin peşəkarlığın ən gözəl ifadəsi olduğunu unutmayın;
- Düşmənlərimizin Azərbaycanın milli maraqlarına zidd, dövlətimizin imicinə ləkə gətirən yalanlarını ifşa etmək üçün sosial şəbəkələrdə daha da fəallaşın;
- Cəbhəyanı bölgələrdə yaşayan yaxınlarınızdan əldə etdiyiniz məlumatları yayarkən diqqətli olun;
- Xarici media orqanlarında yer almış xəbərləri analiz etmədən tirajlamayın;
- Xəbər yaymaq istəyəndə rəsmi məlumatlara istinad edin;
- Dezinformasiyalara rast gəldikdə, dərhal münasibət bildirin;
- Paylaşılan məlumatların doğru olmadığını duyduqda, şərhlər verin;
- İnformasiya savaşı cəbhəsində həmişə olduğundan biraz da fəal mübarizə aparın.
Nə qədər təsirli olub-olmadığını deyə bilmərəm, amma bu müraciətlə gənclərimizi sensasiya dalınca qaçmamağa, vətəndaş mövqeyi nümayiş etdirməyə səsləməkdə fayda olduğunu düşündük.
- Müəllifi olduğunuz "Zireh" və "Hünər meydanı" verilişləri hərbi vətənpərvərlik işində hansı boşluğu doldurdu?
- Mən deməzdim bu verilişlər hansısa boşluğu doldurdu, amma deyə bilərəm ki, vətənpərvərliyin təbliğində boşluq olduğunu məktəblərdə daha çox hiss elədim. Belə ki, 1996-2000-ci illərdə AzTV-nin "Xəbərlər" redaksiyasında işlədiyim üçün məktəblərdəki kütləvi tədbirlərlə bağlı çəkilişlərə gedirdim. Onda görürdüm ki, səhnələşdirilmiş tamaşalarda hərbi çağırış yaşına çatmış oğlan uşaqlarına elə rollar verirlər ki, ah-fəğan edir, tamaşaçılar qarşısında ağlayıb sızlayırlar. Vəziyyəti dəyişmək üçün bədii rəhbərlə, məktəb direktoru ilə maarifləndirmə işi aparmağa məcbur olurdum ki, torpaqlarımızı azad etmək üçün səngərə girəcək oğullarımızı bu vəziyyətə salmasınlar, cəngi üstündə səhnəyə çıxarsınlar, gənclərimiz ruhən savaşa hazır olsunlar. Düşünürdüm ki, belə hallarda jurnalist tərəfsizliyi deyil, vətəndaş mövqeyi nümayiş etdirmək lazımdır. Elə "Zireh" və "Hünər meydanı" verilişlərimiz də bu zərurətdən yarandı.
"Zireh" verilişi sayəsində həm də vətəndaşlarda hərbi xidmətə maraq yaranırdı. Günün birində AzTV-nin mühafizə polisi zəng vurdu ki, Tamxil müəllim, bir əsgər gəlib, sizinlə görüşmək istəyir. Yubanmadan görüşə gəldim, amma mənə sarılan əsgəri tanıya bilmədim. Dedi ki, gəlmişəm sizə minnətdarlığımı bildirəm.
- Hərbi Jurnalistlər İctimai Birliyinin fəaliyyət istiqamətləri və gələcək layihələri barədə oxucularımıza nə deyə bilərsiniz?
- Nə qədər ki, Vətən var, istiqamət bəllidir. Gənclərimizin vətənpərvərlik hisslərinin artırılmasına, insanlarımızın yurda bağlılığının təşviqinə və milli təhlükəsizliyimizin dezinformasiya təhlükələrindən qorunmasına xidmət etmək əsas qayəmizdir. Bu istiqamətdə bir neçə layihələr həyata keçirmişik. Onlardan "Dezinformasiyalar milli təhlükəsizliyimizə təhdiddir" (2016), "Hərə bir əsgər, hər ev bir səngər" (2017). Bu layihələr çərçivəsində Tovuz rayonunun düşmənlə üz-üzə, atəş altında dayanıb, yurdunu tərk etməyən insanlarla, Tərtər rayonunun Qapanlı kənd sakinlərinin Bakıdan gedən ziyalılarımızla, qələm adamları ilə görüşünü təşkil etmişik. Şanlı Zəfərimizdən sonra isə "Vətən sənə canım fəda" layihəsi çərçivəsində 44 günün rəmzi olaraq, Şuşa uğrunda döyüşüb Şuşaya çatmadan şəhid olan 44 fədaimizin ailə üzvlərinin Şuşaya səfərini təşkil etdik.
Hazırda Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına uyğun olaraq "Qərbi azərbaycanlı repressiya, soyqırımı qurbanlarının" tədqiqi layihəsi üzərində işləyirik. Yaxın gələcəkdə isə Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan qardaş ölkələrin müvafiq ictimai birlikləri ilə əməkdaşlıq əlaqələri qurmaq niyyətindəyik.
- Sizin üçün hərbi jurnalistikanın ən böyük uğuru hansı məqamla bağlıdır?
Əslində, mən özümü jurnalist olaraq da, vətəndaş olaraq da hərbi jurnalistikada tapdım. Ona görə də onu məqamlara ayırmaqda çətinlik çəkirəm. Mənim üçün səngərdə qeyd etdiyim doğum günüm də, Murov dağında, kəmərə qədər qar içində, kirpikləri buz bağlamış əsgərdən müsahibə aldığım gün də, Hərbi Dəniz Qüvvələrinin, Sərhəd Qoşunlarının təlimlərində qürurlandığım gün də, "And iç, oğlum and iç, andın mübarək olsun!" - deyib tək oğlumu Vətən müharibəsinə yola saldığım gün də eyni dərəcədə əziz, yaddaqalandır.
- Hərbi mətbuatın inkişafı Azərbaycan Ordusunun imicinə və xalq-ordu birliyinə necə təsir göstərir?
- Jurnalist də, əsgər də, zabit də xalqın, cəmiyyətin bir fərdidir. Onlar arasında ünsiyyət, xoşməramlı görüşlər nə qədər çox olsa, bir o qədər faydası olar. Qürurverici haldır ki, ordumuzda aparılan genişmiqyaslı islahatlar bu gün də uğurla davam etdirilir. Vətən müharibəsindən əvvəl müdafiə nazirinin əmri ilə hərbi hissələrdə “Açıq qapı” günü keçirilirdi. Valideynlər əsgərlərlə görüşürdülər. Hətta kazarmalara, yeməkxanalara daxil olub gerçək vəziyyətlə tanış olurdular, nigarançılıqdan çıxırdılar. Həm övladlarından arxayın olurdular, həm də ordumuzun gücünə güvən artırdı. Xalq-ordu birliyinin yaranması, möhkəmlənməsi qələbəmizi yaxınlaşdıran amillərdən biri oldu.
- Son olaraq, Azərbaycanda hərbi mətbuatın gələcəyini necə görürsünüz?
- Azərbaycan dövlətimizin gələcəyi kimi parlaq, inkişaf etmiş, sıralarını əqidəli, vətənpərvər jurnalistlərlə möhkəmləndirmiş görürəm. Daha doğrusu, belə görmək istəyirəm. Arzu edirəm ki, söz adamlarına söz qədri bilən, sözünün dəyəri olan və sözünün ağası ola bilənlər kuratorluq eləsinlər.
Söz səngərinə sözün qüdrətini bilənlər, düz söz deməkdən çəkinməyənlər keçsin! Çünki hərbi jurnalistlər qələmi ilə döyüşə gedən əsgərlərdir…
Müsahibəni apardı:
Şəlalə DÜNYAMALIYEVA
"Azərbaycan Ordusu"