Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2025 12:28

Azərbaycanın dəmir iradəsi: Müstəqillikdən Zəfərə

XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası taleyin ağır sınaqları ilə üz-üzə qaldı. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi elan olunsa da, onu qoruyub saxlamaq üçün siyasi sabitlik, iqtisadi dayaqlar, hərbi güc yox dərəcəsində idi. 
Ölkədə nizami ordunun olmaması, müdafiə sisteminin pərakəndəliyi, silah çatışmazlığı və hərbi sahədə intizamın zəifliyi bir sıra çətinliklərin yaranmasına səbəb olmuşdu. Siyasi hakimiyyət uğrunda daxili mübarizə vəziyyəti daha da gərginləşdirmişdi. Qısa müddət ərzində bir-birini əvəz edən hökumətlər xalqın etimadını itirmişdi.Siyasi və iqtisadi böhrana məruz qalan ölkəmiz parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu vəziyyət xalqın narahat olmasına əsas yaratmışdı. O dövrdə yaranmış vəziyyətə insanların gələcəyə baxışını da dəyişdirmişdi. Onların daxilində bir ümidsizlik, inamsızlıq anlayışı dolaşırdı...
Xalqın taleyini düşünmək, ölkəni bu xaotik vəziyyətdən çıxarmaq və insanların qayğısına qalmaq ən vacib məsələlərdən biri idi. Bütün bu məsələlərin  həlli  üçün güclü siyasətçi, müdrik insan, xalqın taleyini düşünən bir ictimai-siyasi xadim lazım idi. Xalq artıq öz ümid yerini - xilaskarını, liderini seçmişdi. Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışını böyük səbirsizliklə gözləyirdi...
1993-cü ildə xalqın haqq səsinə həmrəy olan Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və ölkədə zəruri islahatlar həyata keçirdi. Uğurlu islahatların nəticəsində ölkədə sabitlik bərpa edildi və dövlətçiliyin əsası qoyuldu, ordu quruculuğu sahəsi gücləndirildi.
Belə ki, nizami ordu formalaşdırıldı, vahid komandanlıq yaradıldı. Hərbi təhsil müəssisələrinin fəaliyyəti və milli zabit kadrlarının hazırlanması istiqamətində mühüm işlər həyata keçirildi. Hərbi sənaye sahəsinin təməli qoyuldu, ölkənin müdafiə qabiliyyəti yüksəldi. Orduda vətənpərvərlik ruhunun güclü olması Azərbaycan gənclərinin dövlətə və torpağa sədaqətli olduğunu bir daha təsdiqlədi.
Bütün bunlarla yanaşı, dahi şəxsiyyət Heydər Əliyev ölkənin iqtisadi sahədə və beynəlxalq aləmdə nüfuzunun artmasını təmin etdi. Belə ki, 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi" imzalanmaqla Azərbaycanın neft strategiyasının əsası qoyuldu. Bu müqavilə həm iqtisadi, həm də siyasi müstəqilliyin təminatına çevrildi. Ulu Öndərin islahatları nəticəsində ölkəyə xarici sərmayələr cəlb olundu, yeni iş yerləri yaradıldı, sosial sahədə sabitlik təmin edildi.
2003-cü ildə Azərbaycan xalqının böyük dəstəyi ilə Prezident seçilən İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirdi. Fəaliyyətə başladığı vaxtdan ölkədə  sürətli  inkişaf davam etdi, iqtisadiyyat dinamik şəkildə genişləndi, enerji layihələri həyata keçirildi, ordumuz modernləşdirildi  və Azərbaycan uğurlu yola qədəm qoydu.
Prezident İlham Əliyevin siyasəti yalnız daxili sabitliyi möhkəmlətməklə məhdudlaşmadı. Diplomatik fəaliyyəti və beynəlxalq əlaqələri ölkəmizin nüfuzunu daha da artırdı, Azərbaycanın strateji mövqeyini gücləndirdi. Bu diplomatik fəaliyyət 2020-ci ildə İkinci Qarabağ müharibəsində tarixi Zəfərin zəminini yaratdı.
Azərbaycan müstəqilliyini bərpa etdiyi dövrdə Ermənistan işğalçılıq siyasətinə başladı. İşğalçı Ermənistan azərbaycanlıları doğma yurd-yuvalarından didərgin saldı. Erməni hərbi birləşmələri Qarabağ bölgəsində infrastruktura ciddi ziyan vurdu, şəhər və kəndləri dağıtdı və tarixi abidələri məhv etdilər. Lakin Azərbaycan dövləti bu sınaqlar qarşısında öz diplomatik fəaliyyəti və  hərbi hazırlıq gücünü nümayiş etdirərək gələcək qələbəyə uğurlu yol açdı.
2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlara cavab olaraq yüksək peşəkarlıq bacarığına malik, müasir silahlarla təchiz edilmiş Azərbaycan Ordusu işğalda olan torpaqlarımızı azad etdi. Şəhər və rayonlarımızın işğaldan azad olunması xəbərini Ali Baş Komandan İlham Əliyev böyük qürur hissi ilə xalqa çatdırırdı. Oktyabrda ard-arda işğaldan azad olunan rayonlar tarixi Zəfərin reallığından xəbər verirdi. Noyabrın 8-də isə dövlət başçısı İlham Əliyevin Şuşa şəhərinin azad olunması müjdəsi xalqımızı bir daha qələbə sevincinə köklədi.
Noyabrın 10-da Ermənistan məğlub olduğunu qəbul edərək kapitulyasiya aktını imzaladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federativ Respublikasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanan Bəyanat ölkədə müharibənin dayandırılmasına çağırış oldu.
Qazanılan tarixi Zəfər Azərbaycan dövlətinin dəmir iradəsini, gücünü və xalqın birliyini ən aydın şəkildə nümayiş etdirdi.
Prezident İlham Əliyevin diplomatik fəaliyyəti və görüşləri Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirdi və ölkədə enerji, iqtisadiyyat, təhlükəsizlik və mədəniyyət sahələrində müsbət nəticələrin əldə olunmasına imkan yaratdı. Bütün bunlar Vətən müharibəsində Azərbaycanın haqq mübarizəsini dünyaya çatdırdı.
Bu gün Azərbaycan dünyada güclü dövlət, Prezident İlham Əliyev lider və sərkərdə kimi çıxış edir. Modernləşmiş Azərbaycan Ordusu Vətənimizin müdafiəsindədir, dövlətimizin ərazi bütövlüyünü əzmlə, qürurla qoruyur. Hər bir uğurun arxasında xalqın həmrəyliyi və dövlətə bağlılığı dayanır.
Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri və digər dövlət başçıları ilə görüşləri Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirdi. Strateji tərəfdaşlıq və çoxtərəfli əməkdaşlıq layihələri Azərbaycanın regionda və dünya arenasında əhəmiyyətli tərəfdaş kimi qəbul olunmasını təmin etdi. Bu diplomatik fəaliyyət həm də Vətən müharibəsində qazanılan tarixi Zəfərin beynəlxalq müstəvidə təsdiqi oldu.
Müharibədən sonrakı dövrdə Azərbaycan dövləti işğaldan azad olunmuş Qarabağın bərpasını prioritet istiqamət kimi əsaslandırdı. Bölgədə geniş infrastruktur layihələr həyata keçirildi, müasir standartlara uyğun məktəblər, xəstəxanalar və mədəniyyət ocaqları tikilib sakinlərin istifadəsinə verildi. Kənd təsərrüfatı, sənaye və turizm sahələrində də mühüm layihələr həyata keçirildi, bölgədə iqtisadi aktivlik gücləndirildi.
Bu gün Qarabağ torpağı yenidən dirçəlir. Vaxti ilə ermənilər tərəfindən dağıdılmış, talan olunmuş tikililər bərpa edilərək və Qarabağ sakinlərinin ixtiyarına verilir.
Qarabağın sürətli bərpası Azərbaycanın güclü dövlət, xalq və ordu konsepsiyasının təcəssümüdür. Bu torpaqlarda indi azərbaycanlılar yaşayır və yaşayacaq da... Ona görə ki, bu xalqın güclü siyasətə, qətiyyətli qərara, dəmir iradəyə malik Prezidenti, Müzəffər Ali Baş Komandanı var.

Kifayət ƏLİYEVA

"Azərbaycan Ordusu"