Daha əvvəlki yazılarda özünütəlqinlə bağlı məqamlardan söhbət açaraq, komandir-rəislərə bölmələrdə nizam-intizamın, qarşılıqlı münasibətlərin və müxtəlif xidməti və döyüş tapşırıqlarının müvəffəqiyyətlə icrası üçün metodiki tövsiyələr təqdim etmiş və özünütəlqin metodları olaraq "Hərbi And"ın və Daxili Xidmət Nizamnaməsinin maddələrinin psixoloji dəstəyindən bəhs etmişdim.
Bir məqaləmdə isə ideoloji təbliğatın, həmçinin seçilmiş şüar və devizlərin hərbi kollektivlərdə özünütəlqin üçün xüsusi əhəmiyyətə malik olduğunu bildirmək istəyirəm.
İdeoloji təminatın və təbliğatın mühüm tərkib hissələrindən biri olan şüar və devizlər, şəxsi heyəti tapşırıqların effektiv yerinə yetirilməsinə ruhlandırmaqla döyüş qabiliyyətinin yüksəldilməsində, hərbi qulluqçularda daxili motivasiyanın formalaşdırılmasında, mənəvi ruhunun gücləndirilməsində, həmçinin şəxsi heyətə özünəinam və özünütəlqinin aşılanmasında, fərdlərdə və nəticədə bölmədə intizamın yüksəldilməsində əvəzsiz rol oynadığı qənaətindəyəm.
Şüar və devizlər hərbi bölmələrdə, müəssisə və təşkilatların kollektivlərində şəxsi heyətin motivasiyasını artıran, onları ruhlandıran, tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsini təmin edən mühüm vasitələrdən biridir. Şüar və devizlər təkcə adi sözlər deyil, həm də bir ideya, amal, dəyərlər və məqsədlərə səfərbər edən qısa və yaddaqalan ifadələrdir.
Bu cür ifadələr şəxsi heyətdə düşmənə qarşı nifrət və qisas hisslərinin formalaşmasına, ölüm və əsir düşmək qorxusunun azalmasına birbaşa təsir göstərməklə yanaşı, "Mən bacararam!", "Biz güclüyük!", "Bu mənim üçün çətin deyil" kimi iradəni gücləndirən müsbət özünütəlqin düşüncələri yaratmaqla əsgərləri yüksək motivasiya ilə döyüşə ruhlandırır.
Təcrübə göstərir ki, qısa və yaddaqalan şüarlar əsgərin şüuraltı düşüncə tərzinə təsir edir, onu psixoloji cəhətdən daha dözümlü, iradəli və qətiyyətli edir. Belə devizlər həm də həmrəylik, birlik, məsuliyyət və Vətənə sədaqət hisslərini gücləndirir.
Komandir və rəislər şəxsi heyətin əsas rəhbəridir və onların əsas vəzifələrindən biri bölmədə tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi üçün şəxsi heyəti ruhlandırmaq və səfərbər etməkdir. Bu, yalnız əmrlərin verilməsi ilə məhdudlaşmır, həm də şəxsi heyətdə özünəinamın formalaşması və özünütəlqin vasitəsilə də mümkün olur. Komandir və rəislər bu vasitə və metodlardan düzgün bəhrələnib səmərəli istifadə edərlərsə, bölmələrdə yüksək nəticə və ruhi-psixoloji sağlamlıq təmin edilə bilər.
Məhz bu məqsədlə şəxsi heyət arasında təbliğin xüsusilə faydalı ola biləcəyi qənaətində olduğumuz bəzi şüar və devizləri nümunə olaraq təqdim edirəm:
- Vətən naminə! (Vətən üçün hər an hazır olmaq və qorumaq ideyasını ifadə edir);
- Vətən müdafiəsində dayanmaq şərəf və qürurdur! (Vətənin müdafiəsinin yüksək mənəvi, əxlaqi dəyər olduğunu göstərir);
- Ümid sənədir ancaq, Azərbaycan əsgəri! (Xalqın bütün ümid və etimadının ordumuzun üzərində olduğunu xatırladır);
- Qorxusuz və əzmkar! (Döyüşçü ruhunun cəsarətini və əzmkarlığını ifadə edir);
- Bir nəfər hamı üçün, hamı bir nəfər üçün! (Ordu içində həmrəyliyin, qarşılıqlı dəstəyin, uzlaşma şəklində fəaliyyətin vacibliyini vurğulayır);
- Birlikdə güclüyük! (Şəxsi heyətin həmrəylik və əməkdaşlıq ruhunu gücləndirir);
- Özünə inan və güclü olduğunu göstər! (Şəxsi heyətdə özünəinam yaratmaq üçün stimullaşdırıcı devizdir);
- Dəmir hərbi intizam - gücün, qüdrətin mənbəyidir! (Hərbi kollektivdə intizamın əhəmiyyətinin yüksək olduğunu vurğulayır);
- Bizdən başqa heç kim! (Məsuliyyətin yalnız öz üzərimizdə olduğunu və bu missiyanı yalnız bizim yerinə yetirə biləcəyimizi vurğulayır);
- Biz harada, qələbə də orada! (Güclü birliyi, əzm və qələbəyə olan inamı ifadə edir);
- Hər an döyüşə hazır, hər an qələbəyə! (Daima döyüşə hazır olmaq və uğura can atmaq mənasını daşıyır);
- Qalib gəlmək bizim haqqımızdır! (Hər döyüşdə vəzifəni uğurla yerinə yetirmək üçün ruhlandırır).
Bu cür şüarların tədris prosesində, döyüş hazırlığı məşğələləri zamanı, fiziki hazırlıq məşğələlərində, motivasiya xarakterli çıxışlarda və mədəni-kütləvi tədbirlərdə, təbliğat vasitələrində istifadə olunması şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərir, onların döyüşə əzmlə, yüksək əhvali-ruhiyyədə və inamla getməsini təmin edir.
Qəhrəmanlıq nümunələrinin təbliği və milli qəhrəmanlarımızın döyüş yollarının şəxsi heyətə öyrədilməsi əsgərlərdə mənəvi-psixoloji hazırlığın formalaşdırılması baxımından effektiv özünütəlqin metodlarından biri kimi çıxış edir. Burada əsas diqqət Birinci Qarabağ müharibəsi, 2016-cı ilin Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşləri, 44 günlük Vətən müharibəsi və digər əməliyyatlarda misilsiz şücaətlər göstərmiş və Azərbaycan xalqının yaddaşında əbədi yer almış igidlik, qəhrəmanlıq nümunələrinin təbliğinə yönəldilməlidir.
Polad Həşimov, Mübariz İbrahimov, Natiq Qasımov, Vüqar Yusifov, Samid İmanov, Raquf Orucov kimi igid Vətən oğullarının döyüş yolu və qəhrəmanlıqları canlı örnək olaraq bu günün Azərbaycan əsgərinə nümunə göstərilməlidir.
Tarixi xalq-azadlıq mübarizəsi qəhrəmanımız Babək, xalq-dastan qəhrəmanımız Koroğlu kimi şəxsiyyətlərlə birlikdə çağdaş qəhrəmanlarımızın şəxsi heyətə təbliğinin də daha təsirli və inandırıcı olacağını düşünürəm.
Psixologiyada geniş tətbiq olunan "model götürmə üsulu" bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan əsgəri real qəhrəmanları özünə nümunə götürdükdə, onların davranış və uğurlarını model olaraq qəbul etməyə başlayır. Hesab edirəm ki, bu proses bölmələrdə şəxsiyyətin inkişafına, psixoloji dayanıqlığın güclənməsinə və uğura yönəlmiş müsbət özünütəlqin mexanizmlərinin formalaşmasına zəmin yaradır. Nəticədə, əsgərlərdə daxili özünənəzarət, xidməti vəzifələrin icrasına şüurlu, vicdanlı yanaşma və məsuliyyət hissləri güclənir, bu da uğurlu və məqsədyönlü fəaliyyətin təminatına çevrilir.
P.S. Məqalənin hazırlanmasında psixologiyaya aid müxtəlif vəsaitlərdən istifadə olunmuşdur.
Fərhad MƏCİDLİ