Müsahibim Bakı Dövlət Universitetinin "Milli mətbuat tarixi" kafedrasının müdiri, Prezidentin fərdi təqaüdçüsü, professor Cahangir Məmmədlidir. Zəfər Günü ərəfəsində Cahangir müəllimlə mövzumuz da məhz ortaq dəyərlərə söykəndi. Həm jurnalistikanın tarixindən, həm də hərbi mətbuatın jurnalistikadakı rolundan danışdıq. Dəqiqliklə, pafossuz və mübaliğəsiz şəkildə suallarımızı cavablandıran Cahangir Məmmədli ilə olan müsahibəni sizə təqdim edirəm.
- Azərbaycan mətbuatının tarixi haradan başlayır və hansı qəzetdən?
- Tarixi “Əkinçi” qəzetinin nəşri ilə başlayan Azərbaycanın milli mətbuatı uzun, şərəfli bir yol keçərək bu günümüzə gəlib çıxmışdır. Azərbaycan mətbuatının 150 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamda bu sualın lakonik cavabı var. Bu Sərəncam mətbuatımızın keçdiyi tarixi yolun maraqlı bir xəritəsidir. Bir də qeyd edək ki, "Əkinçi"dən əvvəl, 1840-cı illərdə Azərbaycanda rus dilində qəzet nəşr edilib. Lakin bu qəzet birbaşa imperiya siyasətinə xidmət edən bəsit "xəbərlərdən" ibarət olub. Bir az sonra Azərbaycanda M.F.Axundov başda olmaqla maarifçilik hərəkatı formalaşır. Həsən bəy Zərdabinin min bir çətinliklə 1875-ci ildə nəşrinə başladığı "Əkinçi" qəzeti məhz bu dövrdə təhsil, milli dil və mədəniyyət sahəsində aparılan islahatları sürətləndirmək və ictimailəşdirmək üçün meydana çıxdı. Başda Həsən bəy Zərdabi olmaqla Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Məmmədağa Şirvani, Əlimədəd Abdullahzadə və digər görkəmli ziyalılar bu qəzeti milli ruhda nəşr etdilər. Ona görə də "Əkinçi" milli mətbuatımızın bünövrəsi hesab olunur.
- XIX əsrdən bu günə qədər Azərbaycan mətbuatının inkişaf mərhələsini necə xarakterizə etmək olar?
- 150 il kiçik bir zaman dövrü deyil. Bu müddət ərzində mətbuatımız çox çətinliklərlə üzləşsə də, müxtəlif maraqlı mərhələlərdən keçə bildi. Və bu mərhələlərdə "Əkinçi" məktəb rolunu oynadı. Cəmi iki ilə yaxın nəşr olunsa da, bu qəzetin təcrübəsi əsasında "Ziya", "Ziyayi-təcrübiyyə", "Kəşkül" kimi mətbuat orqanları yarandı. Mətbuatımızın inkişafının ikinci mərhələsi 1900-cü illəri əhatə edir. Bu dövrdə artıq Azərbaycan mətbuatı dünya təcrübəsinə söykənərək "Şərqi-rus", "Həyat", "Hümmət", "İrşad" kimi qəzetləri nəşr etdi. 1906-cı ildən etibarən C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Nəzmi, Ə.Haqverdiyev, Ə.Əzimzadə kimi ziyalıların nəşr etdikləri "Molla Nəsrəddin" jurnalı satirik jurnalistikamızın əsasını qoydu və yeni bir məktəb yaratdı.
1910-cu illərdə yeni bir inkişaf yoluna çıxan Azərbaycan mətbuatı 1906-cı ildə çıxan "Füyuzat"ın davamı kimi "Yeni Füyuzat", "Nicat", "Arı", "İşıq", "Həqiqət", "Lək-lək", "Dirilik", "Məzəli", "Babayi-əmir" və s. kimi mətbuat orqanlarını oxuculara təqdim etdi. 1915-1918-ci illərdə nəşr edilən "Açıq Söz" qəzeti, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında mühüm rol oynadı. Azərbaycan Xalq Cümhuriyyəti demokratik bir dövlət olaraq, söz və mətbuat azadlığının hüquqi bazasını yaratdı və "Azərbaycan" qəzetini meydana qoydu, bu da mətbuatımızda parlaq bir mərhələni işarələyirdi.
1920-ci ildə Rusiyanın Azərbaycanı istilası ilə sovet-bolşevik mətbuatı yarandı, senzura və qadağalar daha da gücləndi. Lakin bu dövrün özündə də jurnalistikamız inkişafdan qalmadı. 1920-ci ildə nəşr olunan "Hərbi Bilik" jurnalının da ömrü az oldu. Amma etiraf etmək lazımdır ki, Azərbaycan mətbuatı ölkəmizin milli müstəqillik dövründə, yəni, bu gün özünün ən güclü dövrünü yaşayır.
- Azərbaycan mətbuatının milli kimliyin formalaşmasında və maarifçilik hərəkatında nə kimi əhəmiyyəti var?
- Bir az əvvəl qeyd etdiyim kimi, mətbuatımızın təməl daşı olan "Əkinçi" məhz maarifçilik hərəkatını gücləndirmək üçün yaradıldı. Ondan sonrakı bütün mətbuatımız milli kimliyin formalaşması və maarifçiliyi öz fəaliyyətində əsas istiqamət götürdü.
- Sovet dövründə Azərbaycan mətbuatı hansı senzura ilə üzləşdi? Çərçivə və məhdudiyyət məsələsinə münasibətiniz necədir?
- Ümumiyyətlə, postsovet respublikalarında olduğu kimi, Azərbaycanda da mətbuat cümhuriyyət dövrü istisna olmaqla, yarandığı gündən yeni müstəqillik dövrünə qədər əvvəlcə çar Rusiyasının, daha sonra Sovet dövlətinin senzurası şəraitində fəaliyyət göstərdi. Sovet dövründə heç vaxt KİV haqqında qanun gündəmə gətirilmədi. 1956-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nikita Xruşov mətbuat azadlığında xırda bir şərait yaratdı. Ancaq bu şərait uzun sürmədi və Xruşov devrildi. Yeni rəhbərlik 1990-cı ilə qədər senzura tətbiq etdi. Bizi bu senzuralardan yalnız müstəqil dövlətimizin yaranması xilas etdi. Müstəqil Azərbaycanın parlamentinin qəbul etdiyi qərarlardan biri KİV haqqında qanun oldu.
- Müstəqilliyimiz əldə edildikdən sonra mətbuatımız hansı yeni imkanlar qazandı və hansı çətinliklərlə üzləşdi?
- Mətbuatımızın ilk qazancı KİV haqqında qanun oldu. Bu qanun ölkədə senzuranı ləğv etdi və mətbuat azadlığının hüquqi əsasını yaratdı. Ancaq çətinliklər də var idi: Xalq Cəbhəsi hakimiyyəti müxtəlif bəhanələrlə senzura qadağaları tətbiq etdi. Yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə tam mətbuat azadlığı formalaşdı. Bu gun çətinliklərdən biri də bəzi qəzet və saytların bu azadlıqdan istifadə edərək feyk xəbərlərə yer verməsidir.
- Azərbaycan hərbi mətbuatının tarixi ilə bağlı nə deyə bilərsiniz?
Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranan "Azərbaycan" qəzeti hərbi mövzularda mükəmməl yazıları ilə hərbi mətbuatın tipoloji əsaslarını yaratmışdı. 1941-1945-ci illər müharibəsi dövründə qəzetlərimizin hər birində bu müharibənin gedişini izləmək mümkündü. Yeni müstəqillik dövrümüzdə öz tipologiyası üzrə birbaşa hərbi qəzet formatında nəşrlərimiz mövcuddur. Onlardan "Azərbaycan Ordusu", "Hərbi And" kimi qəzetlər oxunur.
- Hərbi mətbuatın milli mətbuatda yeri, sizcə hansı səviyyədədir?
- Biz müstəqilliyimizi bəyan etdiyimiz çağdan etibarən otuz il boyunca mənfur qonşumuz Ermənistanla müharibə şəraitində yaşadıq. Bu dövrdə Azərbaycanın bütün media sistemi düşmənin xislətini ifşa edən və xalqı mübarizəyə səsləyən yazılarla çıxış etdi. Bu dövrdə bütün media həm də hərbi mövzuları təbliğ etdi.
- Birinci və İkinci Qarabağ müharibələri dövründə hərbi mətbuatın xalqı səfərbər etməkdə rolu necə idi?
- Bir daha vurğulamaq istəyirəm ki, müharibələr dövründə bütün KİV sistemi bu mövzunu prioritet mövzu kimi işıqlandırırdı. Birinci Qarabağ müharibəsi dövründə "Azərbaycan Ordusu", "Əsgər qəzeti", "Hərbi bilik" kimi mətbuat orqanları daha fəal oldular. 44 günlük Vətən müharibəsində isə bütün media orqanlarımız, xüsusilə hərbi jurnalistika səhvlərindən dərs alaraq ordumuzun yanında oldular. Allah şəhid jurnalistlərimizə rəhmət eləsin.
- Hərbi mətbuatın əsas funksiyası nədir? İnformasiyamı, təbliğatmı, yoxsa maarifləndirməmi?
- Jurnalistikanın dəqiqlik, qərəzsizlik, vicdanlılıq, balanslılıq kimi prinsipləri hərbi mətbuata da aiddir. Lakin hərbi jurnalistika həm də hərbi sirləri və milli maraqları ictimai marağa qurban verməməlidir. Hərbi mətbuatda informasiya, maarifləndirmə prinsipləri ön planda olmalıdır. Bizim savadlı, peşə prinsiplərinə sadiq hərbi jurnalistlərimiz var ki, onlardan çox şey öyrənirik.
- Hərbi mətbuatın ictimai rəyin formalaşmasındakı rolu nədir?
- Bütün media ictimai rəyin formalaşmasında böyük rol oynayır. Hərbi medianın isə xüsusi yeri var. Cəbhə xəttindən ən dəqiq məlumatı hərbi jurnalistlər verirlər. Hərbi jurnalist bəzən bir xalqın və ya dövlətin taleyinə yön verə bilər.
- Bu gün hərbi mətbuatın qarşısında duran əsas vəzifələr nələrdir?
- Hərbi jurnalistlər bütün yaradıcılıq prinsiplərinə bələd olmalı, hərbi və dövlət sirrini qorumalı və vətəndaş olaraq dövlətin, xalqın maraqlarına xidmət etməlidirlər.
Azərbaycan 44 günlük Vətən müharibəsində dünya tarixində analoqu olmayan bir qələbə qazandı. Bizim hərbi jurnalistikamız bu qələbənin, ordumuzun Zəfərinin salnaməsini yazmalı və xalqımızın sevgisini daim uca tutmalıdır.
- Azərbaycan gənclərinin hərbi mətbuatla tanış olması və bu sahəyə marağının artması üçün nə etmək lazımdır?
- İlk növbədə, hərbi mətbuatımız daha çox gənclərə ünvanlanmalıdır. Ali məktəblərdə hərbi kafedralar bərpa edilməlidir. Təkcə jurnalistika fakültəsində deyil, bütün fakültələrdə hərbi məsələlərə dair mühazirələr oxunmalıdır. Ordumuz və onun Zəfəri ilə bağlı müsabiqələr təşkil edilməlidir. Hərbi mətbuatın inkişafına dövlət dəstəyi olmalıdır.
- Müsahibəyə görə çox sağ olun.
- Siz sağ olun.
Müsahibəni apardı:
Şəlalə DÜNYAMALIYEVA
"Azərbaycan Ordusu"