Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Oktyabr 2025 17:03

Vətən müharibəsi şəhidlərinin xatirəsi Naxçıvanda ehtiramla anıldı

Oktyabr ayında bir neçə şəhidin xatirəsi Naxçıvan şəhərində, Babək rayonunun Nehrəm və Qahab kəndlərində, Kəngərli rayonunun Qarabağlar kəndində və Ordubad rayonunun Düylün kəndində böyük ehtiramla yad edildi. Anım mərasimlərində şəhid ailələri, Naxçıvan şəhər və rayon İcra hakimiyyətlərinin rəhbər heyəti, Ali Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu, məktəb müəllimləri və şagirdləri, müharibə iştirakçıları və ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Naxçıvan şəhərində mayor Sadiq Əli oğlu Həsənovun şəhid olmasının beşinci ildönümü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə çıxış edənlər şəhidin Füzuli və Qubadlı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliklərindən danışdılar. Bildirildi ki, mayor Sadiq Həsənov Vətən müharibəsində Qubadlı rayonunun Balasoltanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı və nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçu kimi "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalları, həmçinin ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Naxçıvan şəhəri Tumbul kənd qəbiristanlığında şəhid əsgər Seymur Zamin oğlu İbrahimovun doğum günü münasibətilə anım mərasimi keçirildi. Tədbir zamanı Seymurun döyüş yolu haqqında məlumat verilərkən qeyd edildi ki, cəsur döyüşçü Vətən müharibəsi zamanı Xocavənd, Füzuli və Şuşa istiqamətlərində igidlik göstərib. Hərbi tapşırıqları layiqincə yerinə yetirdiyi, Şuşanın azad olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucaldığı vurğulandı. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Tədbir iştirakçıları şəhidin ailəsinə dərin hörmət və ehtiramlarını bildirdilər. Şəhidlərin əziz xatirəsinin daim yaşadılması üçün hər bir vətəndaşın öz fəaliyyətində bunu ön planda tutduğu vurğulandı.
Babək rayonunun Nehrəm kəndində Vətən müharibəsi şəhidi leytenant Ümüd Oruc oğlu Niftəliyevin doğum günü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısının müavini Səbinə Abbasova Vətən müharibəsində xalq-ordu birliyindən və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyindən danışdı. Çıxışlarda şəhid Ümüd Niftəliyevin vətənpərvərliyi, nizam-intizamı və döyüşlərdə göstərdiyi fədakarlığının dövlət tərəfindən yüksək qiymətləndirildiyi vurğulandı. Ümüd Niftəliyev Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması zamanı 16 noyabr 2021-ci il tarixində şəhid olub. O, ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
Babək rayonunun Nehrəm kəndində keçirilən digər bir tədbir leytenant Ümid Fərman oğlu Məmmədovun anım tədbiri oldu. Tədbirdə çıxış edənlər onun Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsindəki şücaətindən, Suqovuşanın azad olunması uğrunda keçdiyi döyüş yolundan danışdılar. Qeyd olundu ki, Ümid Məmmədov Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 9 noyabrda Xocavəndin azad olunması uğrunda gedən döyüşlər zamanı şəhid olub. Ümid ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Babək rayonunun Qahab kəndində Vətən müharibəsi şəhidi baş leytenant Abbasəli İsmayılovun anım mərasimi oldu. Tədbirdə Babək rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək onlara səbir dilədi. Azərbaycanın hərb tarixində qazanılmış ən uğurlu Zəfər olan Vətən müharibəsi haqqında danışan icra başçısı bu savaşda Naxçıvanın vətənpərvər övladlarının göstərdiyi şücaəti tədbir iştirakçılarının diqqətinə çatdırdı. Abbasəlinin timsalında bütün şəhidlərimizin əmanətləri olan ailələrin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirdi.
Abbasəli Vətən müharibəsində tabeliyində olan şəxsi heyətlə birlikdə bir çox ərazilərimizin azad olunmasında böyük xidmətlər göstərib. 2020-ci il oktyabrın 22-də Qubadlı uğrunda gedən döyüşlər zamanı şəhidlik məqamına yüksəlib. Şəhidimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Daha bir tədbir Kəngərli rayonunun Qarabağlar kəndində baş tutdu. Vüqar Rza oğlu Əsgərovun xatirəsinin yad edildiyi tədbirdə çıxış edən Kəngərli rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Vüqar kimi qəhrəman oğullarımızın İkinci Qarabağ müharibəsindəki fədakarlıqlarından, göstərdikləri qəhrəmanlıq və Vətənə olan sədaqətlərindən danışdı. Qeyd olundu ki, Azərbaycan Ordusunun əsgəri olan Vüqar Əsgərov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vüqar Əsgərov 25 oktyabr 2020-ci ildə Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.
Ordubad rayonunun Düylün kəndində şəhid Mətin Ramiz oğlu Hüseynovun xatirəsi yad edildi. Tədbirdə şəhid haqqında məlumat verilərkən onun Vətən torpaqlarının azadlığı uğrunda mərdliklə və şərəflə xidmət etdiyi, bu amalla da şəhidlik zirvəsinə ucaldığı bildirildi. Mətin Hüseynov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, noyabrın 9-da Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Mətin ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Tədbirlərdə məktəblilər şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik şeirləri səsləndirərək ruh yüksəkliyi nümayiş etdirdilər. Keçirilən tədbirlərin sonunda şəhidlərin məzarları ziyarət olunaraq, məzarları üzərinə tər güllər düzüldü, xatirə şəkilləri çəkildi.

Bəxtiyar ƏLİYEV

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi